Aşura günü

24 November 2024

03:51

۸۴

Xəbərin xülasəsi :
İslam dini zühur etməzdən əvvəl insanların çox acınacaqlı və faciəli şəkildə yaşadıqları bir dövrdə Allah-taala insanları mənəvi dirçəlişə və maddi tərəqqiyə çatdırmaq məqsədilə onlara sonuncu və ən üstün dini nazil etmişdir
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Aşura günü
(adı)

Siffeyn döyüşündə həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) yaşa dolmuş, möhtərəm səhabəsi Əmmar Yasir həzrət Əli əleyhissəlamın döyüşçüləri ilə birlikdə Muaviyəyə qarşı vuruşarkən düşmən əsgərləri tərəfindən qətlə yetirildi. Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) Əmmar Yasir haqqında buyurduğu hədisdən xəbərdar olan müsəlmanların çaşqınlığını görən Muaviyə həmişəki ən-ənəsinə sadiq qalaraq xüsusi hiyləgərliklə camaat arasında –Əmmarı döyüşə Əli (əleyhissəlam) gətirmişdir, deməli, onun ölümünə səbəbkar biz yox, Əlidir (əleyhissəlam) – deyə, belə bir batil fikri sonradan yolunu sapmış bir dəstənin əqidəsinin əsası olaraq rəvac vermişdir.

Muaviyənin və İbn Teymiyyənin bu batil anlayışına əsasən, gərək həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) əmisi Həmzə seyyiduş-şuhədanın, o həzrətin əmisi oğlu Cəfəri Təyyarın və İslam dininin müdafiəsi yolunda canından keçən, Qurani-kərimin ali məqamlarla vəsf etdiyi bir çox səhabələr və Quran hafizlərinin qətlinin səbəbkarı kafirlər və müşriklər deyil, (nəuzu billah) elə Peyğəmbərin özü olmalıdır. Həqiqətən, nə qədər azğın və çaşqın bir fikir yürütmüş, hadisələri özlərinin nəfsi istəkləri dairəsində məna etmiş, haqq dindən xaric olub ümməti zəlalətə çəkmişlər.
Təəssüflə deməliyik ki, belə yaramaz, fasiq və yollarını azmış insanların davamçıları hazırda da özlərini və ətrafdakılarını aldadaraq İbn Teymiyyə və Muaviyə kimilərinin açıq-aydın batil fikirlərinə dəvət edir, Allah-taalanın və həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) buyurduqlarını doğru məna etməyə layiq, elmin qapısı olan həzrət Əlinin (əleyhissəlam) yolunun davamçılarını əvvəlcə Bəni-Üməyyə və Bəni-Abbas hakimlərinin yolunu tərk edən insanlar – rafizilər, sonra da Muaviyə məktəbinin məkr və hiylə dərslərindən vəcdə gəlib, onları dini tərk edənlər kimi tanıtdırmışlar.

Onlar Allah-taalanın sevimlisi, Qurani-kərimin təkrarən alqışladığı, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) onu dəfələrlə öz canı, eləcə də “Qədir Xum”da özündən sonra bütün ümmətə mövla və rəhbər kimi tanıtdırdığı həzrət Əlinin (əleyhissəlam) vilayət və xilafətini tərk etmələrini, əziz Peyğəmbərin (sallallahu əleyhi və alih) son vəsiyyətinin yazılmasına acınacaqlı şəkildə mane olmalarını heç də dini tərk etmək kimi qiymətləndirmirlər. Ona görə ki, onlar Peyğəmbərin (sallallahu əleyhi və alih) gələcəkdən xəbər verdiyi insanlardır; yəni haqqı batil kimi, batili haqq kimi tanıtdıran insanlar. Onların nəzərində bəşərin dirçəliş və tərəqqisinə zəmanət verən Bəni-haşim tayfasından olan Peyğəmbərin (sallallahu əleyhi və alih) dərin təfəkkürü deyil, insanları cahiliyyət dövrünə qaytaran Bəni-Üməyyə tayfasından olan sultanların puç əqidələrinin əsasları yazılıb təbliğ edilməlidir...

Bəli, hər bir şüur və idrak sahibinin İslam aləmində baş vermiş hadisələri düzgün dəyərləndirməsi üçün tarix ən gözəl şahiddir. Ağıl və dərrakə sahibi olmaq üçün isə gərək kor-koranə təəssübkeşlikləri və nəfsi istəkləri özündən uzaqlaşdırasan. Buna da hər hansı iddiaçı və xəyalpərəstdən ummaq olmaz. Eyni zamanda tarixin dərslərindən ibrət almağın şərtlərindən biri də onu mötəbər mənbələrdən və ayrı-ayrı cinahların təsiri altına düşmədən əxz edib araşdırmaq iradəsinə yiyələnməkdir. İdrak və düşüncə sahiblərinin gözləri önündə iki məsələ xüsusi olaraq əhəmiyyət daşıyır:

Birinci: İslam dini zühur etməzdən əvvəl insanların çox acınacaqlı və faciəli şəkildə yaşadıqları bir dövrdə Allah-taala insanları mənəvi dirçəlişə və maddi tərəqqiyə çatdırmaq məqsədilə onlara sonuncu və ən üstün dini nazil etmişdir. Müqəddəs İslam dini Qurani-kərimin təhrif edilməz ayələri və Allah-taalanın sevimli Peyğəmbəri həzrət Muhəmmədin (sallallahu əleyhi və alih) sünnəsi (danışığı, əməli, imza və təsdiqləməsi) simasında bəşəriyyətə təqdim olunmuşdur. 23 il ərzində Peyğəmbəri-əkrəm (sallallahu əleyhi və alih) bu əzəmətli məsuliyyəti ilə bağlı son dərəcə ağır və tövsif olunmaz fədakarlıqlar göstərərək İlahi vəzifəsini tamam-kamal yerinə yetirmişdir. Yeni zühur etmiş dinin təbliğ olunduğu bu müddətdə çətinliklər bəzən həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) şəhadətinə və İslam dininin sona yetməsinə qədər yaxın olmuşdur. İslam düşmənləri ilə bəzi həlledici vuruşmalarda hətta həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) səhabələri belə, döyüşün şiddətli və dözülməz sıxıntısı qarşısında tab gətirməyib o Həzrəti bir neçə fədakar şəxsiyyətlə birgə meydanda tək qoyub qaçmağa məcbur olmuşlar.[1] Amma bütün bu fəlakətlərə baxmayaraq Allah-taalanın iradəsi İslam dininin qorunub saxlanmasına yönəlmişdir.

İslamın kafirlərə qələbə çalmasında xatəm Peyğəmbərdən (sallallahu əleyhi və alih) sonra ən böyük rəşadətlər və iftixarlar həzrət Əliyə (əleyhissəlam) məxsusdur. Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) xüsusi göstərişləri olan bir neçə müstəsna haldan başqa bir an belə, həzrət Əli (əleyhissəlam) o Həzrəti tək qoymamışdır. Bəzi məqamlarda həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) həyatını mərdcəsinə qoruyaraq düşmənin hücumuna sinə gərib, canından keçməyə hazır olmuşdur. Ona görə də Allah-taala müqəddəs Quranda “əhli-beyt” və “zil-qurba” ifadələri ilə həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) ən yaxın qohumlarını digərlərindən fərqləndirir[2] və onlara məhəbbət göstərməyi bütün müsəlmanlara lazım bilir:

"قُلْ لاَ أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلاَ الْمَوَدَّةَ فِي الْقُرْبَى..."

“De: Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində ən yaxın qohumlarıma məhəbbət göstərməyinizdən başqa bir şey istəmirəm...”[3]

Şübhəsiz, Qurani-kərimin nazil olma əsrini təsəvvür etmək, İslam tarixindən ibrət almaq, dinin təbliği yolunda həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) üzləşdiyi əxlaqi, ictimai, iqtisadi və siyasi problemləri duymaq, İslamın qüdrətlənməsində o Həzrətin arxadaşlarının və səhabələrinin mövqeyini tanımaq, uzun müddət müsəlmanlara qarşı amansız düşmənçilik edənlərin törətdikləri təhlükələrə qiymət vermək, münafiq dəstələrin daxildən İslamı sarsıtmaq məqsədilə nəzərdə tutduqları ədavətli niyyətlərini qavramaq üçün İlahi vəhyin nazil olması və Rəsuli-əkrəmin (sallallahu əleyhi və alih) buyurduğu dürəfşan kəlamların bəyan edilməsi səbəblərini və o dövrün zaman və məkan elementlərini dəqiq surətdə bilməliyik.

 Qurani-kərimdə “Əhli-beyt”in (əleyhimussəlam) şənində nazil olan çoxsaylı ayələrdən başqa, xüsusi olaraq həzrət Əlinin (əleyhissəlam) yüksək məqam və mövqeiyyətini təsdiq edən bir sıra ayələr vardır. İlahi vəhyin təfsirçiləri bu mübarək ayələri təfsir edərkən Allah dininin möhkəmlənməsində heç bir səhabəni həzrət Əliyə (əleyhissəlam) bərabər etmirlər. Bu mənanın həqiqətini dərk etmək üçün mübarək “Mübahilə”[4], “İkmalud-din”[5], “Təbliğ”[6], “Ləylətul-məbit”[7], “Vilayət”[8], “Nəcva”[9] və digər ayələri mütaliə etmək kifayətdir.

Həmçinin, uzun əsrlər boyu Əhli-beytlə (əleyhimussəlam) ədavət saxlayan hakim qüvvələrin törətdikləri maneçiliklərə və düşmənçiliklərə baxmayaraq Əhli-beyt (əleyhimussəlam) və həzrət Əli (əleyhissəlam) barəsində Rəsuli-əkrəmin (sallallahu əleyhi və alih) mükərrər buyurduğu dəyərli hədislər də diqqətəlayiqdir. O cümlədən, mütəvatir “Səqələyn” hədisi, “Səfinə” hədisi, “Mənzilət” hədisi, “Qədiri-Xum” hədisi, “Rayət” hədisi, “Səddul-əbvab” hədisi və çoxsaylı digər hədislər. Burada onlardan birinə işarə edirik: “Əhzab” vuruşu zamanı Mədinə şəhərini mühasirə etmiş kafirlərin böyük ordusunu təmsil edən Əmr ibn əbdi-Vud adlı pəhləvan müsəlmanların qarşısına çıxaraq döyüşçü tələb etdiyi zaman müsəlmanlar arasında həzrət Əlidən (əleyhissəlam) başqa heç kəs onun döyüşünə çıxmağa cürət tapmadı. Həzrət Əli (əleyhissəlam) o zəhmli pəhləvanla vuruşub onu məğlub etdikdən sonra həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) həzrət Cəbrailin dediyi hədisi belə bəyan buyurur:

لَضَرْبَةُ عَلِیٍّ يَوْمَ الْخَنْدَقِ أَفْضَلُ مِنْ عِبَادَةِ الثَّقَلَيْن

“Xəndək (Əhzab) günü həzrət Əlinin (əleyhissəlam) zərbəsi (Əmr ibn əbdi-Vudu qətlə yetirməsi) insanların və cinlərin ibadətindən üstündür.”[10]

Beləliklə, İslam dini barəsində tədqiq aparan hər bir savadlı və insaflı şəxs gərək ilk növbədə İslam dinindən əvvəl insanların yaşayış tərzini, yeni zühur etmiş dinin hansı təbəqələrin mənafei ilə təşkil etdiyi ziddiyyəti, şəxsi mənafelərə xatir İlahi dinin qarşısına sədd çəkərək İslamın gövdəsinə vurulan əvəzedilməz zərbələri, İlahi vəhyin və Allah-taalanın xatəm Peyğəmbərinin (sallallahu əleyhi və alih) müdafiəsi yolunda bir an belə tərdid etmədən bütün varlığı və tam qüvvəsi ilə mücahidlik edən insanları, müsəlmanların həmrəyliyi və inkişafı naminə Rəsuli-əkrəmin (sallallahu əleyhi və alih) buyurduğu nəsihətamiz tövsiyələri və vəsiyyətlərini təfsilatla araşdırıb qavrasın.

(ardı var)


Mənbələr:

[1] “Ali-İmran” surəsi, 153-cü ayə.

[2] “Ənfal” surəsi, ayə 41

[3] “Şura” surəsi, ayə 23

[4] “Ali-İmran” surəsi, ayə 61

[5] “Maidə” surəsi, ayə 3

[6] “Maidə” surəsi, ayə 67

[7] “Bəqərə” surəsi, ayə 207

[8] “Maidə” surəsi, ayə 55

[9] “Mucadilə” surəsi, ayə 12-13

[10] “Əl-İqbalu bil-Ə`malil həsənəh”, cild-1, səh. 467; “Əl-Müstədrəku ələs-səhiheyn”, cild-3, səh. 34 (Əlbəttə, Müstədrək kitabında hədisin sonu belədir: اعمال امتی الی یوم القیامة)



Etiketlər :

Aşura günü