Camiəyi-Kəbirə ziyarətnaməsinin şərhi

29 November 2024

08:22

۱,۵۸۹

Xəbərin xülasəsi :
Allah-taala Öz dinini ənbiya və övliyanın vasitəsilə ucaldır. Din, həqiqətdə vəhy şəklində nazil olan Allah sözüdür. Allah əbədiyaşar olduğu kimi, Onun kəlamı da daimi və əbədiyaşardır. İnsanlar da, bəziləri vəhylə rabitədə olduqları üçün diri, bəziləri isə vəhydən uzaq düşdüklərinə görə ölüdürlər
آخرین رویداد ها

بسم الله الرحمن الرحيم

الحمد لله رب العالمين وصلی الله علی محمد وآله الطيبين المکرمين

Allah-taala Öz dinini ənbiya və övliyanın vasitəsilə ucaldır. Din, həqiqətdə vəhy şəklində nazil olan Allah sözüdür. Allah əbədiyaşar olduğu kimi, Onun kəlamı da daimi və əbədiyaşardır. İnsanlar da, bəziləri vəhylə rabitədə olduqları üçün diri, bəziləri isə vəhydən uzaq düşdüklərinə görə ölüdürlər. Elə insanların hidayəti üçün Allah tərəfindən Peyğəmbərlər və imamların təyin edilməsi məqsədi də, insanlara məhz dirilik və həyat bəxş etməkdən ibarəfdir.

Məlumdur ki, insan təbii və fitri istəklərinə uyğun olaraq Allahı tanımağa və Onunla üns bağlamağa can atır. Hər bir həqiqətə qovuşmaq üçün, ilk növbədə ona yaxınlaşmaq və çatmaq lazımdır. Bu baxımdan Allah-taala, insanların Onunla ünsiyyət yarada bilməsi üçün vasitələr tanıtdırmış və bildirmişdir ki, hər kəs bu vasitələrə sığınsa, mütləq İlahi səadətə yetişəcəkdir. Bunun müqabilində, hər kəs onlara etinasızlıq etsə, Allahın mərhəmətindən uzaq düşəcəkdir.

Qur`ani-kərim bu barədə buyurur:

﴿ضُرِبَتْ عَلَيْهِمُ الذِّلَّةُ أَيْنَ مَا ثُقِفُوا إِلاَّ بِحَبْلٍ مِنَ اللَّهِ وَحَبْلٍ مِنَ النَّاسِ...﴾

«Onlar harada olursa olsunlar, zillətə tutulmuşlar. Yalnız Allahın tərəfindən olan ipə və insanlar tərəfindən olan ipə sarılmaqla nicat tapa bilərlər».[1]

Doğrudur, bu mübarək ayənin nazil olma səbəbi müəyyən bir qövm və millət olmuşdur. Lakin müqəddəs Qur`an sonuncu səmavi kitabdır. Ona görə hökmləri də keçmişdə, hazırda və gələcəkdə olan bütün insanlara aiddir. İslamın ən kamil və yeganə ümumdünya əhəmiyyətli din olması da, məhz bu məsələdən irəli gəlir.

Xatırladaq ki, qeyd edilən ayə məşhur «Səqələyn» hədisinə əsaslı bir dəlil də sayıla bilər. Məlum olduğu kimi, əziz Peyğəmbərimiz bu mötəbər və səhih hədisdə Qur`ana və Əhli-beytə itaət etməyi bütün müsəlmanlara təkidlə buyurmuşdur.

Beləliklə, Allah-taala insanın zillət və azğınlıqdan nicat tapma yolunu, yalnız Qur`ana və Allahın təyin etdiyi xəlifələrə sığınmaqda görür. Bu əsasla, insani keyfiyyətlərə, mənəvi və ruhani səciyyələrə yiyələnməyin, eləcə də İlahi həqiqətlərə çatmağın yeganə yolu, Qur`ana və Əhli-beytə itaət etməkdədir.

Bu ayənin təfsirində İmam Sadiq əleyhissəlamdan nəql olunan bir hədisdə belə deyilir:

"أَلْحَبْلُ مِنَ اللهِ كِتابُ اللهِ وَألْحَبْلُ مِنَ النَّاسِ هُوَ عَلِيُّ بْنُ أَبِي طالِبٍ عليه السلام."

«Allahın tərəfindən olan ip dedikdə məqsəd Qur`ani-kərimdir. İnsanlar tərəfindən olan ip dedikdə isə, Əli ibni Əbi Talib əleyhissəlam nəzərdə tutulmuş-dur».[2]

Allahın razılığını, xeyir və əbədi səadəti, yalnız bu iki İlahi əmanətin vasitəsilə və onlara vəfadar olmaqla əldə etmək olar. Qur`an və Əhli-beytin bu tərtiblə və bir-biri ilə yanaşı tanıtdırılması, onların hər birinin necə böyük əhəmiyyətə malik olmasını yetirir. Belə ki, İslam dini «Tövhid» və «Nübüvvət», yəni Həzrət Muhəmmədin (səlləllahu əleyhi və alih) peyğəmbərliyindən sonra heç bir məsələyə «İmamət» mövzusu qədər təkid və israr etməmişdir. Elə ona görə, İslam baxımından Allah elçiləri və məsum imamlara qarşı kin-küdurət saxlamaq da, bağışlanmaz ədavət və düşmənçilik olaraq tanıtdırılmışdır.

İlahi ipə təşbeh edilən Qur`ani-kərimə sarılmağın müxtəlif şivələr və üsulları vardır. O cümlədən, Qur`anın tilavəti, əzbərlənməsi, mənası üzərində diqqət və təfəkkür etmək və s. Əgər insan bu üsullar vasitəsilə Qur`ana sığınıb, həmişə onu bir təbib kimi özünə yolgöstərən bilərsə, əxlaqı, ruhiyyəsi, rəftarı və əməli tam şəkildə Qur`ana müvafiq olacaqdır. Qur`ani-kərim bu barədə buyurur:

﴿قُلْ إِنَّ صَلاَتِي وَنُسُكِي وَمَحْيَايَ وَمَمَاتِي لِلَّهِ رَبِّ الْعَالَمِينَ﴾

«De: Şübhəsiz, mənim namazım, ibadətim, həyatım və ölümüm aləmlərin Rəbbi olan Allah üçündür!»[3]

Allahın ipinə sarılıb ondan möhkəm yapışmağın mənası da, belə bir dərəcəyə nail olmaq deməkdir. Bu, o həqiqətə çatmaqdır ki, ona birləşməyi Qur`an bəyan edərək buyurur:

﴿...مَا أَمَرَ اللَّهُ بِهِ أَنْ يُوصَلَ...﴾

«Allahın, vüsalına çatmağı əmr etdiyi şeylərə birləşirlər...»[4]

(ardını izləyin)

[1] «Ali-İmran» surəsi, ayə 112.

[2] «Nurus-səqələyn», cild 1, səh. 383.

[3] «Ən`am» surəsi, ayə 162.

[4] «Rə`d» surəsi, ayə 21.

Etiketlər :