Həzrət İmam Baqir əleyhissəlamın təvəllüdü

28 April 2024

12:53

۱,۳۳۴

Xəbərin xülasəsi :
Hicri-qəməri 1438-ci il, rəcəb ayının 1-i, milad 2017-ci il, mart ayının 30-u Həzrət İmam Baqir əleyhissəlamın təvəllüd günüdür. Bu böyük şadlıq və sevinc gününü öncə əziz övladı Həzrət Sahib əz-Zaman əleyhissəlama (Allah-təala o həzrətin zühurunu təcil etsin), sonra da Əhli-Beyt aşiqlərinə təbrik və gözaydınlığı deyirik
آخرین رویداد ها

Bismillahir-Rahmənir-Rahim

Həzrət İmam Baqir əleyhissəlamın təvəllüdü

Hicri-qəməri 1438-ci il, rəcəb ayının 1-i, milad 2017-ci il, mart ayının 30-u  Həzrət İmam Baqir əleyhissəlamın təvəllüd günüdür. Bu böyük şadlıq və sevinc gününü öncə əziz övladı Həzrət Sahib əz-Zaman əleyhissəlama (Allah-təala o həzrətin zühurunu təcil etsin), sonra da Əhli-Beyt aşiqlərinə təbrik və gözaydınlığı deyirik. Bütün haqqsevər insanlara bu bərəkətli və əzəmətli rəcəb ayında sağlam əqidə, yüksək mənəviyyat, elm , mərifət və həyatda müvəffəqiyyətlər arzu edirik.

İmam Baqir əleyhissəlamın həyatı barədə qısa məlumat

İmam Baqir (əleyhissəlam) hicrətin əlli yeddinci ilində Mədinə şəhərində dünyaya gəlmişdir.[1] Atası İmam Zeynül-abidin əleyhissəlamın vəfatı vaxtı Həzrətin otuz yeddi, yaxud otuz səkkiz yaşı var idi. Adı Muhəmməd, künyəsi Əbu Cəfər, ləqəbləri Baqir, Baqirül-ülum olmuşdur. Anası İmam Həsən əleyhissəlamın qızı Ümmü Abdullah olmuşdur. Buna görə də, İmam Baqir (əleyhissəlam) həm ata, həm də ana tərəfdən Həzrət Əli (əleyhissəlam) və xanım Zəhranın (səlamullahi əleyha) nəslinə yetişən ilk şəxs olmuşdur. İmam Baqir (əleyhissəlam) hicrətin yüz on dördüncü ilində Mədinə şəhərində vəfat etmiş,[2] məşhur Bəqi` qəbristanlığında atası və babasının qəbirləri kənarında dəfn edilmişdir. O Həzrətin İmamət dövrü on doqquz, ya da iyirmi il olmuşdur.

Elmi inqilabın banisi

İmam Məhəmməd Baqir (əleyhissəlam) öz İmaməti dövründə, münasib olmayan bir vəziyyətdə İlahi maarifi nəşr edib onu meydana çıxarmağa başladı. O Həzrət elmi çətinlikləri həll etməklə sonradan oğlu İmam Cəfər Sadiq əleyhissəlamın İmaməti dövründə təsis edilən böyük İslam məktəbinin yaranmasına şərait yaradan elmi inqilabı həyata keçirtdi. İmam Baqir (əleyhissəlam) elm, zöhd, təqva, fəzilət və əzəmətdə bütün Bəni–Haşim böyüklərini üstələmiş, onun böyük elmi və əxlaqi məqamı dostun da, düşmənin də tərifinə çevrilmişdi. O Həzrətdən İslami hökmlər, təfsir, İslam tarixi və başqa elmlər sahəsində o qədər hədis və rəvayətlər yadigar qalmışdır ki, o vaxtadək İmam Həsən (əleyhissəlam) və İmam Hüseyn əleyhissəlamın övladlarının heç birindən o qədər rəvayət yetişməmişdir.[3]

O dövrün böyük elmi şəxsiyyətləri və eləcə də Peyğəmbər (sallallahu əleyhi və alih) səhabələrindən sağ qalanlar o Həzrətdən istifadə edirdilər. Cabir ibn Yezid Cüfi, Kisan Sicistani,[4] həmçinin, İbn Mübarək, Zühri, Uzai, Əbu Hənifə, Malik, Şafei, Ziyad ibn Münzirnəhdi kimi fəqihlər o Həzrətin elmi əsərlərindən bəhrələnmiş, onun buyurduqlarını gah bilavasitə, gah da bir neçə vasitə ilə rəvayət edərlərmiş.

Sünni məzhəbinin ən mötəbər müəlliflərindən hesab edilən Təbəri, Bəlazəri, Səlami, Xətib Bağdadi, Əbu Nəim İsfahani, eləcə də, ən mötəbər qaynaqlarından olan Müvəttəi-Malik, Sünəni-Əbu Davud, Müsnədi-Əbu Hənifə, Müsnədi-Mərvəzi, Təfsiri-Nəqqaş, Təfsiri-Zəməxşəri (Əl-Kəşşaf) və onlarla bu kimi kitablar İmam Baqir əleyhissəlamın mənalı sözləri ilə doludur və onların hər yerində “Muhəmməd ibn Əli (İmam Baqir (əleyhissəlam)) buyurmuşdur”, yaxud “Muhəmməd Baqir (əleyhissəlam) buyurmuşdur” ifadəsi gözə dəyir.5 Şiə kitabları da, müxtəlif sahələrdə İmam Baqir əleyhissəlamın rəvayət və hədisləri ilə doludur. Bu kitablarla azca tanışlığı olan şəxs bu həqiqəti təsdiq edər.

İmam Baqir (əleyhissəlam) məktəbinin şagirdləri

İmam Baqir (əleyhissəlam) fiqh, hədis, təfsir və sair İslami elmlər sahəsində seçilmiş şagirdlər yetirmişdir. Onların hər biri böyük elmi şəxsiyyət hesab olunurdu. Məhəmməd ibn Müslim, Zürarə ibn Əyün, Əbu Bəsir, Büreyd ibn Müaviyə Əcli, Cabir ibn Yezid, Həmran ibn Əyun, Hişam ibn Salim kimi dahi şəxsiyyətlər İmam Baqir əleyhissəlamın yetirmələri olmuşlar.

İmam Sadiq (əleyhissəlam) buyurardı:

“Bizim məktəbi və atamın hədislərini dörd nəfər dirçəltdi. O dörd nəfər Zürarə Əbu Bəsir Məhəmməd ibn Müslim və Büreyd ibn Müaviyə Əcli olmuşdur. Əgər bunlar olmasaydı bir nəfər din təlimatı və Peyğəmbər məktəbindən istifadə edə bilməzdi. Bu neçə nəfər dinin gözətçiləri olmuşdur. Onlar dövrümüzdə yaşayan şiələrimiz arasında bizim məktəblə tanış olan ilk şəxslər olmuş Qiyamətdə də hamıdan qabaq bizə qovuşanlar məhz onlar olacaqlar.”[6] İmam Baqir əleyhissəlamın şagirdləri öz dövrlərinin fəqih və hədisçilərinin başbilənləri olmuş, elmi mübarizə meydanında qeyri–şiə fəqih və qazılarından üstün idilər.

Elmləri fəth edən bilik qapılarını açan

İmam Baqir əleyhissəlamın parlaq elmi əsərləri və İslam cəmiyyətinə təhvil verdiyi dəyərli şagirdləri Peyğəmbəri-Əkrəmin (sallallahu əleyhi və alih) uzaqgörənliyini çin çıxartdı. Peyğəmbərin (səlləllahu əleyhi və alih) uzaqgörənliyini ehtiva edən bu hədisin ravisi (rəvayətçisi) İslamın ilkin çağlarının görkəmli şəxsiyyətlərindən biri olan Cabir ibn Abdullah Ənsaridir. Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) dostlarından olan və o Həzrətin ailəsinə xüsusi əlaqə ilə yanaşan Cabir deyir: “Bir gün Peyğəmbər (səlləllahu əleyhi və alih) mənə buyurdu:

“Məndən sonra mənim nəslimdən olan elə bir şəxsi görəcəksən ki, onun adı mənim adıma, özü də mənə oxşayacaq. O elm qapılarını camaatın üzünə açacaq.”  

Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) bunu deyəndə hələ İmam Baqir (əleyhissəlam) dünyaya gəlməmişdi. Bu hadisədən neçə illər ötdü. Dördüncü İmamın dövrü yetişdi. Bir gün Cabir Mədinənin küçələrinin birindən keçəndə, gözü Həzrət Baqir əleyhissəlama sataşdı. Gördü ki, Peyğəmbərin (səlləllahu əleyhi və alih) buyurduğu bütün nişanələr onda var. Soruşdu: “Adın nədir?” Həzrət Baqir (əleyhissəlam) buyurdu: “Adım Muhəmməd ibn Əli ibn Hüseyndir.” Cabir onun alnından öpüb buyurdu: “Cəddin Peyğəmbər (səlləllahu əleyhi və alih) mənim vasitəmlə sənə salam göndərdi.” Cabir o gündən etibarən Peyğəmbəri-Əkrəmin (sallallahu əleyhi və alih) hörmətini qorumaq və İmam Baqir əleyhissəlamın əzəmətini göstərmək məqsədilə gündə iki dəfə o Həzrətin görüşünə gedərdi. Cabir Peyğəmbər məscidində camaatın arasında oturub (İmam Baqir əleyhissəlamın işlərinə irad tutan bəzi şəxslərin cavabında) Peyğəmbərin (səlləllahu əleyhi və alih) uzaqgörənliyini rəvayət edirdi.[7]

Mənbələr:

[1] “Usuli-kafi”, mərhum Şeyx Kuleyni, 1-cild, səh. 469; “Əl-İrşad”,

mərhum Şeyx Mufid, səh. 262; “Elamul-Vəra”, mərhum Təbərsi, səh.

 264

[2] Həmin mənbələr.

[3] “Əl-İrşad”, səh. 261.

[4] Bu iki nəfər tabeilərdəndir.

[5] Mənaqibu Ali Əbi Talib”, mərhum İbn Şəhri Aşub, cild- 4, səh.

 195.

[6] “İxtiyaru mərifətir-rical”, mərhum Şeyx Tusi, səh. 136-137.

[7] “Biharul-Ənvar”, mərhum Məclisi, cild- 46, səh. 226.

Etiketlər :

Həzrət İmam Baqir əleyhissəlamın təvəllüdü