Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın təvəllüdü

26 December 2024

06:59

۱,۴۹۷

Xəbərin xülasəsi :
Hicri-qəməri 1438-ci il rəcəb ayının 10-u, miladi tarixi 2017- ci il aprel ayının 8-i Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın təvəllüd günüdür. Bu əziz və bərəkətli gün münasibəti ilə ilk növbədə Əhli-Beyt əleyhimussəlama və Ağamız Həzrət Sahib Zaman əleyhissəlama, həmçinin dünya müsəlmanlarına və xüsusən xalqımızın mömin bacə-qardaşlarına təbrik edib, gözünüz aydın olsun deyirik
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın təvəllüdü

Hicri-qəməri 1438-ci il rəcəb ayının 10-u, miladi tarixi 2017- ci il aprel ayının 8-i Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın təvəllüd günüdür. Bu əziz və bərəkətli gün münasibəti ilə ilk növbədə Əhli-Beyt əleyhimussəlama və Ağamız Həzrət Sahib Zaman əleyhissəlama, həmçinin dünya müsəlmanlarına və xüsusən xalqımızın mömin bacə-qardaşlarına təbrik edib, gözünüz aydın olsun deyirik!

Doqquzuncu İmamın adı Muhəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavad olmuş, hicrətin yüz doxsan beşinci ilində Mədinə şəhərində anadan olmuşdur.[1] İmam Rza əleyhissəlamın ailəsində və eləcə də, şiələr arasında İmam Cavad (əleyhissəlam) xeyir-bərəkətli bir uşaq kimi adlandırılmışdır. Bu barədə Əbu Yəhya Sənani deyir: “Bir gün İmam Riza əleyhissəlamın yanında idim. Bu vaxt o Həzrətin azyaşlı uşağı Cavad (əleyhissəlam) bizim yanımıza gəldi. İmam Riza (əleyhissəlam) buyurdu ki şiələrimiz üçün ondan xeyir-bərəkətli bir uşaq dünyaya gəlməmişdir.”[2]

İmam Cavad (əleyhissəlam) uşaq yaşlarında İmamət məqamına yetişmiş ilk İmam olduğundan, o Həzrətin həyatını mütaliə edərkən bəzi cavanları maraqlandıran sual bu olur ki, kiçik bir uşaq müsəlmanların rəhbərlik və İmamət məsuliyyətini necə öz öhdəsinə götürə bilər? İnsan bu yaşda olarkən Peyğəmbərin (səlləllahu əleyhi və alih) canişini olması kamalına çata bilərmi? Keçmiş ümmətlərdə də, belə bir hadisə olubmu?

Bu suallara cavab vermək üçün nəzərə almaq lazımdır ki, düzdür insanın əqli və cismi cəhətdən ömrünün özünəməxsus çiçəklənmə dövrü vardır və insan həmin vaxta yetişdikdə, əql və cismi ən kamil həddə çatır. Ancaq nə eybi var ki hikmət və yenilməz qüdrət sahibi olan Allah-taala bəzi məsləhətlərə görə bu prosesi bir sıra xüsusi bəndələri üçün qısa bir vaxt ərzində gətirib çatdırsın? Bəşəriyyət tarixində lap qədim dövrlərdən bu cür ümumi qaydadan istisna olan şəxslər olmuş və Allah-taalanın xüsusi lütf və mərhəməti sayəsində kiçik yaşlarındaykən İmamət və xalqa rəhbər olmaq məqamına yetişmişlər. Bu məsələni daha yaxşı izah etmək üçün gəlin bu istisnalardan bir neçəsini nəzərdən keçirək.

Qurani-Kərim Həzrət Yəhya əleyhissəlamın peyğəmbərliyi və onun uşaq yaşlarından Peyğəmbər seçilməsi barədə buyurur:

“Biz uşaq ikən ona hikmət, Allah kəlamının incəliklərini, dərrakə, peyğəmbərlik verdik.”[3]

İmam Baqir əleyhissəlam buyurur: “Həzrət Zəkəriyya əleyhissəlamın vəfatından sonra oğlu Yəhya (əleyhissəlam) onun kitab və hikmətini ondan irs aparır. Bu isə məhz Allah-taalanın Quranda “Ey Yəhya! Kitabdan bərk yapış! Tövratı möhkəm tutub onun hökmlərinə ciddi əməl et! Biz uşaq ikən ona hikmət, Allah kəlamının incəliklərini düşünmək, peyğəmbərlik verdik” - deyərək buyurmasıdır.”[4]

Qurani-Kərim İsa əleyhissəlamın sözlərini bu cür açıqlamışdır: “Allahdan bir möcüzə olaraq körpə İsa (əleyhissəlam) dilə gəlib dedi: “Mən həqiqətən, Allahın quluyam bəndəsiyəm. O mənə kitab, İncil Verdi, özümü də Peyğəmbər etdi. O harada oluramsa olum, məni (mübarək) həmişə hamıya xeyir verən, dini hökmləri öyrədən etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. O həmçinin, məni anama qarşı olduqca itaətkar və nəvazişkar etdi, heç kəsə qarşı zülmkar və asi eləmədi.”[5]

Qeyd olunanlardan belə nəticəyə gəlirik ki İmamlardan qabaq da, digər mömin insanlar bu İlahi nemətdən bəhrələnmiş və bu təkcə İmamlara xas bir şey olmamışdır.

Bir daha bütün əzizləri Əhli-Beytin sevinc və şad günü münasibəti ilə təbrik edirik!

İltimasi dua.

Mənbələr:

[1]Əl-Kafi, 1-ci cild, səh. 492.

[2]Əl-İrşad, səh. 319.

[3] Məryəm surəsi, ayə 12.

[4]  Əl-Kafi, cil 1, səh. 382.

[5] Məryəm surəsi, 30-32 –ci ayələr.

Etiketlər :

Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın təvəllüdü