Mübarək şəban ayının gəlişi
28 December 2024
01:44
۱,۲۴۸
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Peyğəmbərin mübarək ayı şəban ayının yetişməsi münasibəti ilə bütün Əhli-Beyt (əleyhimussəlam) aşiqlərini təbrik edir və mübarək ramazan ayını ləyaqətlə qarşılamağı arzulayırıq.
Şaban ayının əməlləri
Şaban ayında yerinə yetirilməsi rəvayət edilən əməlləri iki qisimə ayırmaq olar. Birinci qism bu ayın bütün günlərində edilən əməllər, ikinci qism isə bu ayın bəzi günləri və ya gecələrinə xas əməllərdir.
Şaban ayının bütün günlərində edilən əməllər:
1. Hər gün yetmiş dəfə aşağıda qeyd edilən zikri söyləmək:
“Əstəğfirullahə və əs'əluh'ut-təvbə” (Tərcüməsi: Allahdan bağışlanma diləyirəm və ondan tövbəmi qəbul etməsini istəyirəm).
2. Başqa rivayətdə hər gün yetmiş dəfə aşağıdaki zikri söyləyərək Allahdan bağışlanma diləmək tövsiyə olunur:
"Əstəğfirullahəlləzi la ilahə illa huvər-rahmanur-rahim, əl-həyyul-qəyyum və ətubu iləyh" (Tərcüməsi: Allahdan bağışlanma diləyirəm. Ondan başqa ilah yoxdur. O, bağışlayan və mehribandır. Diri və qəyyumdur və mən Ondan tövbə diləyirəm).
Hədislərdə qeyd edilir ki, bu ayda hər gün yetmiş dəfə istiğfar edən kimsə digər aylarda yetmiş min dəfə istiğfar etmiş kimidir.
3. Sədəqə vermək
İmam Sadiq (əleyhissəlam)-ın səhabələrindən biri “şaban ayında edilən ən fəzilətli əməl hansıdır?” deyə İmamdan soruşdu. İmam (əleyhissəlam) belə buyurdu: “Sədəqə və bağışlanma diləməkdir. Kim şaban ayında bir sədəqə versə, sizin dəvə balasını böyütdüyünüz kimi Allah Təala onu böyüdər və Qiyamət günündə Uhud dağı qədər böyümüş bir halda sədəqə verənə qaytarılar”.
4. Şaban ayına məxsus duanı (Münacatı Şabaniyyə) oxumaq
5. Şabanın hər cümə axşamı günü iki rükət namaz qılmaq
Hər rəkətində bir dəfə Fatihə və yüz dəfə İxlas surəsini oxumaq; Namazı bitirdikdən sonra da yüz dəfə Rəsulullaha (sallallahu əleyhi və alih) və Əhli-Beytinə (əleyhimussəlam) salavat göndərmək. Bu əməli yerinə yetirən şəxsin Allah dini və dünyəvi hacətlərini yerinə yetirər. Şaban ayının Cümə axşamı günlərinin orucu da müstəhəbdir. Bir hədisdə belə rəvayət edilib. Şaban ayının hər cümə axşamı günü göylər bəzənər və mələklər belə dua edərlər: "Ey Məbudumuz, bu günü oruc tutanı bağışla və duasını qəbul et".
Peyğəmbərdən (sallallahu əleyhi və alih) rəvayət olunan bir hədisdə buyurulur: “Şabanın bazar ertəsi və cümə axşamı günlərini oruc tutan şəxsin, Allah iyirmi dünyəvi və iyirmi Uxrəvi (axirət) hacətini verər".
6. Bu ayda Məhəmməd (sallallahu əleyhi və alih) və Əhli-beytinə (əleyhimussəlam) çoxlu salavat göndərmək.
Şaban ayının bəzi günlərinə məxsus əməllər:
1. Şaban ayının birinci gününün əməlləri
Bu günün orucunun böyük fəziləti var. İmam Sadiq (əleyhissəlam) buyurmuşdur: "Şaban ayının birində oruc tutan şəxsə şübhəsiz ki, cənnət vacib olar". Seyid bin Tavus "İqbal" kitabında Allah Rəsulunun (sallallahu əleyhi və alih) belə buyurduğunu nəql edir: "Allah Şaban ayının ilk üç gününü oruc tutan və gecələrini iki rəkət namaz qılan (hər rəkətdə "Həmd" surəsindən sonra 11 dəfə "Tövhid" surəsi oxunur) insanı yer və göy əhlinin, iblis və hər bir zülmkarın şərrindən amanda saxlayar və onun bir çox günahlarını bağışlayar".
2. Şabanın on beşi yəni, "Nimeyi Şaban"
İmam Cəfər Sadiqdən (əleyhissəlam) edilən rivayətə görə, İmam Baqirdən (əleyhissəlam) Nimeyi Şabanın fəzilətləri barədə soruşdular. İmam (əleyhissəlam) buyurdu: "Bu gecə Qədr gecələrindən sonra ən fəzilətli gecədir. Bu gecedə Allah bəndələrinə öz fəzlin əta edər və onları öz kərəmi ilə bağışlayar. Bu gecedə Allaha yaxınlaşmaq üçün səy edin. Bu gecə əllərini göyə açan heç bir bəndəsini öz dərgahından əli boş qaytarmayacaq”.
Bu gecə üçün bir çox əməllər zikr olunmuşdur:
a. Qüsl
b. Əhya saxlamaq. Namaz qılmaq, dua oxumaq. Bir rəvayətdə, “bu gecəni əhya saxlayanın qəlbi, qəlblərin öləcəyi gün ölməz” deyə buyurulur.
c. İmam Hüseyn (əleyhissəlam)-ın ziyarəti. Bu əməli yerunə yetirmək günahların bağışlanmasına səbəb olar. Məsumlardan nəql olunan rivayətə görə, hər kəs harada olmasından asılı olmayaraq İmam Hüseyn (əleyhissəlamı)-ı bu gecədə ziyarət etsə ona Həcc və Umrə savabı yazılar.
3. Şabanın axırıncı üç günü
Şaban ayının axırıncı üç günü üçün çox fəzilətlər zikr olunmuş və bu üç günü oruc tutmaq tövsiyə edilmişdir. Mərhum Şeyx Səduq İmam Sadiqdən (əleyhissəlam) nəql edir ki, "Şaban ayının axırıncı üç gününü oruc tutaraq Ramazan ayına girən hər mömünə Allah-təala iki ay ardıcıl tutulmuş orucun savabını yazar".