Hüccət ibn Həsən həzrət Sahib Zamanın (əleyhissəlam) imamlığa çatdığı ilk gün
29 December 2024
07:27
۱,۱۴۳
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Hüccət ibn Həsən həzrət Sahib Zamanın (əleyhissəlam) imamlığa çatdığı ilk gün
Hicri-qəməri 260-cı il rəbiul-əvvəl ayının 9-u həzrət Sahibul-əmr imam Məhdi əleyhissəlamın imamət dövrünün başlanması günüdür. Əziz atası həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadətindən sonra onun yeganə övladı olan imam Zaman əleyhissəlamın məhdud dövrlü qeybə çəkilməsi (qeybət suğra) başlamışdır.[1]
Bu əzəmətli gün Əhli-Beyt əleyhimussəlamın davamçılarının böyük bayramı və Allah-təalanın sonuncu hüccəti və yer üzündə bərhəqq olan hüccətinin və bəşəriyyətə nicat verən həzrət Bəqiyyətillahul-Əzəmin (əccələllahu təala fərəcəhuş-şərif) imamət dövrünün ildönümüdür.[2]
Bu günün fəziləti barəsində geniş bəhslər vardır. Hədislərdə deyilir ki, bu gündə hər kim bir şey ehsan etsə, günahları bağışlanar. Bu gündə mömin bacı və qardaşlara təam vermək, onları sevindirmək, daha çox sədəqə vermək, ailə üzvlərinə əliaçıqlıq etmək, təmiz paltar geymək və Allah taalaya ibadət və şükr etmək müstəhəbdir. Bu gün qəm-qüssənin aradan gedən günüdür, bir sözlə çox şərafətli gündür.[3]
Burada, həzrət imam Sahib Zamanı tanımaq və o Həzrətlə mənəvi ünsiyyət yaratmaq cəhətində çox təsirli olan bir duanın yalnız bir qismini qeyd etməklə əziz möminlərə bu duanı əqidə ilə oxuyub düşünməklə yüksək mənəvi məqamlara çatmağı arzu edirik.
Mötəbər sənədli bir hədisdə nəql olunur ki,həzrət İmam Zamanın (əleyhissəlam) birinci naibi Şeyx Əbu Əmr Osman ibn Səid, bu duanı Əbu Əli Məhəmməd ibni Həmmama imla demiş və onu oxumağını təkid etmişdir. Seyid İbni Tavus “Cəmalül-usbu`” adlı kitabında cümə gününün əsr namazından sonra oxunan duaları və “kəbirə salavatlar”ı nəql etdikdən sonra bu duanı qeyd edərək, buyurubdur: “Bu gün üçün əvvəldə nəql etdiyimiz duaları oxumağa imkanın olmasa da bu duanı tərk etmə.
Həqiqətən də bu dua, Allah taalanın bizə qarşı xüsusi fəzlidir və buna qəti inamın olsun. Bu dua aşağıdakı kimidir:
اللَّهُمَّ عَرِّفْنِي نَفْسَكَ فَاِنَّكَ إِنْ لَمْ تُعَرِّفْنِي نَفْسَكَ لَمْ أَعْرِفْ رَسُولَكَ اللَّهُمَّ عَرِّفْنِي رَسُولَكَ فَاِنَّكَ إِنْ لَمْ تُعَرِّفْنِي رَسُولَكَ لَمْ أَعْرِفْ حُجَّتَكَ اللَّهُمَّ عَرِّفْنِي حُجَّتَكَ فَاِنَّكَ إِنْ لَمْ تُعَرِّفْنِي حُجَّتَكَ ضَلَلْتُ عَنْ دِينِي اللَّهُمَّ لا تُمِتْنِي مِيتَةً جَاهِلِيَّةً وَ لا تُزِغْ قَلْبِي بَعْدَ إِذْ هَدَيْتَنِي...
Əllahummə ərrifni nəfsəkə fəinnəkə in ləm tuərrifni nəfsəkə ləm ə`rif rəsulək, Əllahummə ərrifni rəsuləkə fəinnəkə in ləm tuərrifni rəsuləkə ləm ə`rif huccətək, Əllahummə ərrifni huccətəkə fəinnəkə in ləm tuərrifni huccətəkə zələltu ən dini, Əllahummə la tumitni məytətən cahiliyyəh, və la tuziğ qəlbi bə`də iz hədəytəni...
İlahi, Özünü mənə tanıtdır! Həqiqətən də, əgər Özünü mənə tanıtdırmasan, Sənin peyğəmbərini tanımaram. İlahi, peyğəmbərini mənə tanıtdır və əgər peyğəmbərini mənə tanıtdırmasan, höccətini tanımaram! İlahi, höccətini mənə tanıtdır və əgər höccətini mənə tanıtdırmasan, dinimdə azğınlığa uğrayaram! İlahi, məni cahil ölənlər kimi öldürmə və məni hidayət etdikdən sonra qəlbimi (hidayətdən) döndərmə (azdırma)...[4]
İltimas dua
Mənbələr:
[1] “Əl-İrşad”, Şeyx Mufid, cild-2, səh. 336; “Kəşful-ğummə”, cild-2, səh. 402; “Əl-İqbal”, səh. 598; “Feyzul-əllam”, səh. 207; “Əl-Kafi”, cild-2, səh. 561.