Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin Məhdilik mövzusunda çıxışları

22 December 2024

17:43

۷۳۶

Xəbərin xülasəsi :
Allah-taalanın son və əzəmətli Hüccətinin (Allah onun zühurunda təcil etsin və ruhumuz ona fəda olsun) mübarək zühuru bir “gerçəkliyin baş verməsi”ni kəşf edir və ya “vahid bir həqiqət”i bəyan edir. Çünki Allah-taalanın bəşəriyyət üçün hər bir halda ümdə məqsədi, şübhəsiz “vahid”dir. Ona görə, “haqqın kəsrəti”nə və “gerçəkliyin çoxluğu”na mültəzim ola bilmərik
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (ömrü uzun olsun) “Məhdilik” mövzusu ilə bağlı çıxışları

Birinci çıxış (ardı)


Bu cavabdan əldə edilən iki nəticənin bəyanı

Həqiqət budur ki, yuxarıda müzakirə edilən sualın cavabı insanın “zühur zamanında dinin həqiqəti” haqqında agahlığını aşkar etməklə yanaşı, zühur dövründən öncə alimlərin və mütəfəkkirlərin dinlə bağlı rəftarlarında mühüm və nəzərəçarpacaq nəticələrə səbəb olur. Burada, qeyd olunan nəticələrdən ikisinə işarə etməyi lazım bilirəm, o nəticələr bunlardır:

Birinci nəticə: “Din”, həzrət Hüccətin (Allah onun zühurunda təcil etsin) hökumətinin mehvəridir;

Bu bəhsdən əldə edilən mətləblərin məcmusundan aydın olur ki, həzrət Hüccətin (Allah onun zühurunda təcil etsin) zühuru zamanında o Həzrətin hökumətinin mehvəri “din”dir. Bu əsasla, “din”, yalnız hökumət etmək səlahiyyətinə qadir deyil, əksinə bəşəriyyəti hər növ zülm, ədalətsizlik, fəsad, qaranlıq, məyusluq və ümidsizlikdən nicat verən “dini hökumətdir”. Ona görə də, heç vaxt belə təsəvvür edilməməlidir ki, zühur zamanında hökumətin icrası dindən xaric bir qüvvənin əli ilə olacaqdır, əksinə yəqinliklə deməliyik ki, onun daxilindən olan qüdrətli əlin vasitəsilə mühəqqəq olacaqdır. Bu əsasla, din, bəşəriyyətin səadətinə zamin olan bütün əhkam və qanunları ilə maddi aləmin sonuna qədər həmişə insanla olacaqdır.

Bu nəzərə uyğun olaraq, Məsum imamın (əleyhissəlam) birbaşa hüzuru ilə “dinin icrasının zəmanəti”nin artmasının həqiqəti inkaredilməzdir. Ona görə ki, Məsumun (əleyhissəlam) birbaşa hüzur dövrü ilə vasitəli hüzur dövrünün arasında olduqca böyük fərq vardır, amma bu o demək deyildir ki, din və onun qanunlarının icra edilmə qabiliyyətini Məsum (əleyhissəlam) əta etməlidir.

Beləliklə, hazırki mövzunun açıq-aydın nəticəsi budur ki, müasir zamanda “dinin hakimiyyəti” məsələsini inkar edən və dini “fərdi və şəxsi məsələlərlə məhdudlandıran” insanlar gərək bu nəzəriyyədən doğan iki fəsadlı nəticədən birini qəbul etsinlər; ona görə ki, onlar ya həzrət Vəliyyi-Əsrin (Allah onun zühurunda təcil etsin) cahanşümul hökumətini inkar etməli, ya da buna etiqadlı olsunlar ki, zühur zamanında dindən “əlavə bir məsələ” hakimiyyətdə dəxalət edəcəkdir! Halbuki, dindar mütəfəkkir bir insan təbii ki, bu iki fəsadlı nəzəriyyənin heç birinə mültəzim olub onu qəbul edə bilməz.

Basaqa sözlə desək, qeyd olunan nəzəriyyəyə əsasən, əgər din hakimiyyət etməyə səlahiyyət tapmazsa, demək heç bir zamanda, hətta zühur zamanında da hakimiyyətə səlahiyyəti olmayacaqdır, əksinə əgər din zatən öz gövhərində mövcud olan qabiliyyəti ilə və özünün məxsus xüsusiyyətləri əsasında hakimiyyət edə bilərsə, demək, hər bir zamanda, hətta zühur zamanından başqa bir dövrdə, hərçənd məhdud şəkildə olsa da hakimiyyət edə bilər.

İkinci nəticə: Həzrət Məhdinin (Allah onun zühurunda təcil etsin) zühuru vahid bir həqiqəti kəşf edir

Allah-taalanın son və əzəmətli Hüccətinin (Allah onun zühurunda təcil etsin və ruhumuz ona fəda olsun) mübarək zühuru bir “gerçəkliyin baş verməsi”ni kəşf edir və ya “vahid bir həqiqət”i bəyan edir. Çünki Allah-taalanın bəşəriyyət üçün hər bir halda ümdə məqsədi, şübhəsiz “vahid”dir. Ona görə, “haqqın kəsrəti”nə və “gerçəkliyin çoxluğu”na mültəzim ola bilmərik; necə ki, Allah-taala Qurani-kərimdə buyurub:

إِنَّ الدِّينَ عِندَ اللّهِ الإِسْلاَمُ

“Həqiqətən, Allah yanında din, İslam dinidir!”[1]

Bu təhlilə müvafiq olaraq, “dinin kəsrəti və çoxluğu”na[2] etiqadlı olan insanlar əqidə baxımından axırzamanda vahid hökumətin həyata keçməsini qəbul edə bilməzlər. Ona görə ki, o hökumət bir dayaq və bir əsas üstə möhkəmlənməlidir, o da ki, “həqiqi və gerçək İslam dini”dir; digər dinlər və məzhəblərin o hökumətdə doğru rolu olmayacaqdır.

Aparılan səthi araşdırma ilə deməliyik ki, təəssüflər olsun indiyə qədər tədqiqatçılar bu mövzunun müzakirəsini etməmişlər və bu mövzunun müxtəlif yönləri dərin və dəqiq şəkildə aydınlaşmamışdır. Məlum məsələdir ki, biz də burada onun bütün yönlərini ətraflı şəkildə araşdıra bilməyəcəyik, amma məqsədimiz budur ki, onun bəzi incə və mübhəm yönlərini icmalən aydınlaşdıraq, inşa Allah.

(ardını izləyin)





[1] “Ali-İmran” surəsi, ayə 19

[2] “Pluralizm” və ya “dinlər çoxluğu nəzəriyyəsi” bəzi qərb alimləri və filosoflarının, o cümlədən, Cohn Hickin xüsusi bir nöqteyi-nəzərdən təsirlənərək bir sıra əqidə məsələlərinə cavab vermək və bəzi ictimai problemlərin həlli üçün yürütdükləri yeni bir təfəkkürdür. Ziyalı və intellektual müsəlmanların arasında da bu nəzəriyyənin ardıcılları vardır. Bu baxışa əsasən, mütləq həqiqəti, nicat və qurtuluşu bir dində, ya bir məzhəbdə və yaxud bir ayin və şəriətə itaət etməkdə axtarmaq olmaz. Əksinə mütləq həqiqət bütün dinlər arasında müştərək qəbul edilməlidir. Buna görə də, müxtəlif dinlər, məzhəblər, şəriətlər və ayinlər mütləq haqqın ayrı-ayrı cilvələridir və nəticədə, bütün dinlər və məzhəblər nicata və həqiqi səadətə nail olurlar.


Etiketlər :

Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (ömrü uzun olsun) “Məhdilik” mövzusu ilə bağlı çıxışları