Həzrət Zeynəbi-Kubranın (əleyhasəlam) vəfatı
26 December 2024
07:00
۵۱۰
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Zeynəbi-Kubranın (əleyhasəlam) vəfatı
Hicri-qəməri 1442-ci il rəcəb ayının 15-i, miladi 2021-ci il fevralın 27-i Əhli-Beyt xanədanının ilk qız övladı, Kərbəla qiyamının davamçısı, müsibətlər anası həzrət Zeynəbi-Kubra əleyhasəlamın şəhadət simalı vəfatının ildönümüdür. Qəm, qüssə, hüzn və müsibətlə qocalan Əmirəl-möminin Əli əleyhissəlamın və həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) bu dözümlü və istiqamətli qızı həzrət Seyyiduş-şuhədanın (əleyhissəlam) və Kərbəla şəhidlərinin adı yaşadıqca tarixdə yaşayacaqdır. Səbir və təqva nümunəsi, Bəni Haşimin əqiləsi, Ali Əlinin reyhanəsi həzrət Zeynəbin (əleyhasəlam) bu əzəmətli və qüssəli gündə vəfat etməsini ağamız həzrət Sahib-əz Zaman əleyhissəlama təsəlli deyir və bütün şiələrə başsağlığı bildirərək, əziz mömin və möminə bacı-qardaşlara Kərbəla aşiqlərinə münasib əməl, rəftar və həyat tərzi arzulayırıq.
Həzrət Zeynəb (əleyhasəlam) həyatının ən mühüm və əzəmətli dövrü imam Hüseynin (əleyhissəlam) dövrünə, eşq və şəhadət karvanı ilə yoldaşlıq etdiyi zamana təsadüf edir.
Sanki, imam Hüseynin (əleyhissəlam) qiyamını Xanım Zeynəbsiz və Xanım Zeynəbi qiyamsız təsəvvür etmək mümkün deyil. çünki, imam Hüseyn (əleyhissəlam) qiyamının hər tərəfli təhlili üçün Xanım Zeynəbi (əleyhasəlam) öyrənmək lazımdır və əgər belə demək mümkünsə, həzrət Zeynəb, Seyyidüş-şühəda (əleyhissəlam) hərəkatının canlı tarixi, ölməz natiqidir.
Həzrət Zeynəb imam Hüseyn (əleyhissəlam) hərəkatının bütün səhnələrində nəzərə çarpır. Bu əsasla demək olar ki, Kərbəla hadisəsi imam Hüseyn (əleyhissəlam) həyatının böyük bir hissəsini təşkil etdiyi kimi, həzrət Zeynəb (əleyhasəlam) həyatının da izzət və əzəmətli dövrünə təsadüf edir.
Həzrət Zeynəb (əleyhasəlam) Mədinədən Kərbəlaya qədər imam Hüseyn (əleyhissəlam)-ın yanında olmuşdur.
Yaşı 50-ni ötmüş, oğul-uşaq, ailə sahibi olmuş bir qadın üçün belə bir qəm karvanını müşayiət etmək, ruhi və cismi çətinliklər, ağır təhlükələrlə rastlaşmaq nə qədər çətin olsa da, zamanın imamına və həzrət Hüseyn (əleyhissəlam) kimi əziz qardaşına olan sonsuz eşq və dərin məhəbbət bütün bunları həzrəti Zeynəb (əleyhasəlam)-a olduqca asan etmişdi.
Müsəlmanlıq, Peyğəmbər və Əhli-beyt (əleyhimussəlam) ilə dostluq iddiası edən bir insan Kərbəla səhnələri ilə tanış olmaya bilərmi?
Əgər bu gün dünyada xalis tohid parlayır və Kəbə, Allah və İslam eşqi ilə dolu qəlblərin təvaf yeridirsə, heç şübhəsiz ki, bunlar həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) üzücü zəhmətləri hesabına başa gəlmişdir. Amma bu da şübhəsizdir ki, əgər Hüseyn (əleyhissəlam)-ın qiyamı olmasaydı, bu gün o zəhmətlərdən heç bir əsər-əlamət qalmazdı.
Kərbəla vaqiəsi imamın həyatının yalnız son günlərini təşkil etməsinə baxmayaraq, bu günlərin əzəmət və cəlalı bəşər tarixinin o dahi simasının bütün həyatını üstələmiş və imam Hüseyn (əleyhissəlam) adını həmişə Kərbəla adı ilə yoldaş etmişdir. Elə bil, imamın bütün həyatı bu dövrdə xülasə olmuşdur. Burada həzrət Zeynəbin adı da qardaşı imam Hüseynin (əleyhissəlam) adı kimi Kərbəla ilə yanaşı çəkilir.
İltimas dua