Həzrət Əbulfəzl Abbasın (əleyhissəlam) təvəllüd günü
28 December 2024
03:59
۲۸۳
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Əbulfəzl kunyəsi ilə məşhur olan Abbas ibn Əli ibn Əbu Talib (əleyhimussəlam) imam Həsən və imam Huseynin (əleyhiməssəlam) əziz qardaşı müqəddəs Mədinə şəhərində hicri 26-cı il şəban ayının 4-ü dünyaya göz açmışdır. Aşura günü şəhadətə yetdikdə o Həzrətin 34 yaşında olduğunu demişlər. Bu müddətin on dörd ilini öz əziz atası həzrət Əmirəl-möminin (əleyhissəlam) ilə, doqquz ilini sevimli qardaşı imam Həsən Muctəbanın (əleyhissəlam) və on bir ilini imam Huseynin (əleyhissəlam) imamət dövründə yaşamışdır. (Məali əs-Sibteyn, cild-1, səh. 340)
Burada Məsum imamların (əleyhimussəlam) həzrət Əbulfəzl Abbasın (əleyhissəlam) ziyarətində bəyan etdikləri olduqca yüksək mənalı ifadələrdən bir necəsini gətirməklə o Həzrətin dəryalar qədər əzəmətli şəxsiyyətinin düzgün tanınmasında az bir xidmət göstərmək niyyətindəyik.
Salam olsun sənə, ey Allahın saleh bəndəsi! Allaha, Onun Peyğəmbərinə, Əmirəl-mömininə, imam Həsən və imam Hüseynə (Allahın salavat və salamı olsun onlara) tam itaət edən! Salam olsun sənə! Allahın rəhmət, bərəkət, məğfirət və razılığı olsun sənin müqəddəs ruhuna və bədəninə!
Biz də Məsumlara (əleyhimussəlam) iqtida edərək ərz edirik: Salam olsun Allahın həqiqi bəndəsinə! Salam olsun vilayət ələmdarına! Salam olsun fədakarlıq simvoluna! Salam olsun Bəni-Haşimin comərd qəhrəmanına!..
Bir daha bütün əzizləri bu gözəl şadlıq və fərəhli gün münasibətilə səmimi təbrik edirik!
İlahi! Muhəmməd və Ali Muhəmmədə möminlərin salam və salavatını yetir, Amin ya Rəbbil-aləmin!