Həzrət imam Səccad əleyhissəlamın təvəllüd günü
28 December 2024
03:52
۲۶۱
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Həzrət imam Səccad əleyhissəlamın təvəllüd günü
Hicri-qəməri 1443-cü il şəban ayının 5-i, miladi 2022-ci il martın 8-i imamət və vilayət səmasının dördüncü parlaq ulduzu həzrət imam Əli ibn Huseyn əleyhiməssəlamın viladət günüdür. Bu bərəkətli mövlud günü münasibətilə Allah-təalanın sonuncu hüccəti, Əhli-beytin (əleyhimussəlam) yadigarı həzrət Sahib Zamana (Allah onun zühurunu tezləşdirsin), eləcə də bütün Quran və Əhli-beyt (əleyhimussəlam) aşiqlərinə və İlahi tövsiyələrə əməl edən əziz mömin bacı-qardaşlara səmimi təbriklərimizi təqdim edirik.
Həzrət imam Əli ibn Huseyn Zeynəl-abidin əleyhissəlam məşhur nəzərə əsasən, hicri-qəməri 37-ci ildə Mədinə şəhərində dünyaya gəlmişdir. Kiçik yaşlarında cəddi həzrət Əmirəl-möminin Əli əleyhissəlamın şəhadətini, yeniyetmə yaşlarında hörmətli əmisi imam Həsən əleyhissəlamın şəhadətini və cavanlıq dövründə Kərbəla səhrasında əziz atasının və Əhli-beyt əleyhimussəlamın ən şərəfli üzvlərinin şəhadətini gözləri ilə görmüşdür. Həzrətin imamət dövrü hicri 61-ci ilində imam Huseyn əleyhissəlamın şəhadətindən sonra başlamış və təqribən 57 yaşına, yəni hicri 95-ci ilə qədər davam etmişdir. Həzrət Zeynəl-abidin əleyhissəlamın imamət dövrü olduqca ağır və Əməvi hakimləri tərəfindən icad edilən sıxıntılar içində keçmişdir. Bir növ “təqiyyə” şəraitində olan bu dövrdə o Həzrət öz İlahi vəzivəsini, yəni Allah-taalanın hökmlərinin xalq arasında təbliği və insanları haqqa hidayət edib şəriət göstərişlərinə tabe olmağa çağırışını davam etdirmişdir.
Bəzən inadkar insanlar tərəfindən şiə məzhəbində, hətta xüsusi şərait daxilində təqiyyə mövzusuna irad olunur. Lakin xatırlamaq gərəkdir ki, təqiyyə məsələsi, qeyd edirəm xüsusi şəraitdə, islam dininin vacib və qaçılmaz hökmüdür. Həqiqətdə, təqiyyə sözünün lüğəvi mənası “ziyan və zərərdən qorunmaq” deməkdir. Amma terminologi mənası “insanın dininə və ya dünyasına zərər yetə bilən halda həqiqəti aşkar etməmək və haqq olan əqidəsini gizli saxlamaq” deməkdir. Əlbəttə, bu geniş mövzudur və onun özünəməxsus şəraiti vardır. Həmçinin təqiyyə, səbəblər baxımından da bir neçə qismə bölünür. Onları burada təhlil etmək istəmirəm, lakin xülasə şəkildə qeyd etdim ki, işarə etmiş olam. Hədisdə deyilir:
»التّقیّة تُرس المؤمن«
“Təqiyyə möminin qalxanı və qoruyucusudur.”[1] Qalxan insana nə zaman lazım olur? Təbii ki, döyüşdə və düşmən ilə üz-üzə gəldikdə. Demək, təqiyyə müxalif tərəf ilə müqabilədə və döyüş zamanında istifadə ediləcəkdir, çünki möminin qalxanı, səngəri və qoruyucusudur...
Müqəddəs Qurani-kərimdə bu məsələyə aid ayələr nazil olmuş[2] və islam tarixində Məsumların bir sıra hadisələr müqabilində əməl və tövsiyələri də təqiyyəni təsdiq edir. Digər tərəfdən təqiyyə bütün aqil insanlar və idrak sahibləri tərəfindən əsrlər boyu qəbul olunmuş bir mövzudur.
Şəri baxımdan təqiyyənin islamda təsdiqi üçün məşhur bir hadisəyə qısa işarə edirəm. Həzrət Peyğəmbər əkrəmin (sallallahu əleyhi və alih) görkəmli səhabələrindən olan cənab Əmmar Yasirin cavan yaşlarında başına gələn hadisəni demək olar ki, əksər möminlər eşidib, ya mütaliə ediblər. Nəql edilir ki, müşriklər onu və ata-anasını tutaraq onlardan Peyğəmbərin (sallallahu əleyhi və alih) əleyhinə mənfi ifadə vermələrini tələb etmişlər. Ata və anası bunu qəbul etmədikləri üçün müşriklər onları faciəli şəkildə işgəncə altında şəhadətə yetirmişlər. Lakin cənab Əmmar Yasir belə bir ifadəni verərək canını ölümdən qurtarmışdır. O hadisədən sonra Əmmar vicdan əzabından və xəcalətindən həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) gözünə görünməkdən belə çəkinərmiş. Peyğəmbər isə, Əmmara o hadisəni xatırladıqda buyurur ki, ey kaş ata-anan da bu ifadələri deyərək nicat tapaydılar. Yəni düşməndən həqiqəti və öz haqq olan əqidələrini gizlədərək canlarını ölümdən xilas edərdilər. Qeyd etdim ki, bu məsələ dini mövzu olmazdan öncə sağlam ağıl və idrakın təsdiq etdiyi bir məsələdir və hər kəs onu danarsa, həqiqətdə insanın ağıl və idrakı ilə müxalifət etmiş olur.
Bəziləri deyiblər ki, təqiyyə yalnız Peyğəmbərin dövründə düzgün sayılırdı, indiki zamanda İslam dini qələbə çaldıqdan sonra isə, artıq təqiyyə etməyə heç bir lüzum yoxdur. Bu söz də səhvdir, çünki təqiyyənin mövzusu, sadə ibarətlə desək, təqiyyədən istifadə etmək və əqidəsini gizli saxlamaq yeri, insanın canına, namusuna, malına böyük xətər yetişə bilən haldadır. Belə hal isə, hər bir zamanda baş verə bilər. Necə ki, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) zamanında möminlər çətin şəraitlə üzləşmişlər, hazırda da elə hallar qarşıya gələ bilər və gəlir də!..
Burada bir zərif məsələyə də işarə edirəm. Təəssüflər olsun ki, bəzən əqidəsi süst və riyakar insanlar xalq arasında dindar tanındıqları halda şəriətə mane olan məsələlər haqda fikir bildirməkdə, İlahi hökmlərin bəyanında, dinin inkişafında və möminlərin əqidələrinin möhkəmlənməsində və s. lazımi fəaliyyətdən boyun qaçıraraq, öz hərəkətlərini imam Səccad əleyhissəlamın təqiyyə şəraitindəki yaşayışı ilə müqayisəyə çəkir, sanki o Həzrət kimi olmalarını xalqa təlqin edirlər. Bu məsələ olduqca qəbih və iki cəhətdən günahdır. Onlar ilk növbədə Məsum imamın haqqında xalqın nəzərində zəif, süst və fəaliyyətsiz bir sima yaratmaq səbəbinə, olduqca böyük günah etmiş olurlar. Digər tərəfdən isə, öz zəifliklərini və qabiliyyətsiz olmalarını riyakarlıqla xalqdan gizlədərək özlərini qabiliyyətli və fəal insan kimi göstərmək səbəbinə günah etmiş olurlar. Əlbəttə, onların belə əməlləri müəyyən mənafe müqabilində baş verir, yəni dünyaya bağlanmaları və xalqın zəifliyindən sui-istifadə edib özlərinə hörmətli yer və məqam kəsb etmək məqsədi güdürlər. Məlumdur ki, bu da olduqca böyük günahlardan sayılır.
Əgər biz imam Səccad əleyhissəlamın təqiyyə etməsindən danışırıqsa, unutmayaq ki, o Həzrət amansız düşmənin xalqa olmazın əzab-əziyyətin verdiyi bir zamanda, dinin tamamilə məhv olub aradan getməsi qorxusu olan bir şəraitdə otuz ildən artıq bir dövrdə təqiyyə ilə imamət etmiş, islamı qorumuş, dinin əsaslarını yaymış və xalqı haqqa hidayət etmişdir. Adı gedən süst və riyakar insanlar isə, tam məsuliyyətləri olduğu halda hər bir bəhanə ilə məsuliyyətdən qaçır, xlaq arasında yaranmış ixtilaflara etinasız yanaşır, İlahi hökmlərin yayılmasına əhəmiyyətsiz olur, bir sözlə ehtimal verilən kiçik bir təhdid və hədə-qorxu müqabilində özlərini kənara çəkirlər. Təbii ki, buna təqiyyə deyilməz. Bunun mənası ləyaqətləri olmayan halda özlərinə hörmətli yer və maddi şərait yaratmaq xatirinə xalqın məsuliyyətini zahirdə öz üzərinə almaqla, xalqın dininə və əqidəsinə xəyanət etmək deməkdir.
İmam Səccad əleyhissəlamın həyatında olduqca böyük dərslər və ibrətlər vardır. O Həzrətlə bağlı hər bir münasibət, o cümlədən, imamın mövlüd günü bizlər üçün fürsət yaradır ki, bir daha onun həyatını layiqli mütaliə edək və o dərslərdən faydalanaq.
Sonda yenidən bütün möminləri həzrət Əli ibn Huseyn əleyhiməssəlamın viladət günü münasibətilə səmimi təbrik edirəm və Allahdan onlar üçün Əhli-beytə layiq olan həyat diləyirəm. Amin ya Rəbbil aləmin.
İltimas dua!