Məhərrəm ayının gəlişi
28 December 2024
02:01
۲۶۷
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Məhərrəm ayının gəlişi
Miladi 2022-ci il iyul ayının 30-u hicri-qəməri 1444-cü il məhərrəm ayının 1-i ilə müsadifdir. Məhərrəm ayının gəlib çatması ilə bütün müsəlmanlara, xüsusən də Peyğəmbər və Ali Peyğəmbərin (sallallahu əleyhi və alih) istəkli davamçılarına bu ayın əzəmətli şəhidi həzrət Əba Əbdillahil Huseyn əleyhissəlamın və o həzrətin vəfalı yardımçılarının şəhadəti ildönümünü böyük hüznlə başsağlığı və təsəlli veririk. Allah-taaladan arzu edirik bu şərəfli insanların xatirəsini layiqincə yad etməyi həqiqi iman gətirənlərə və Əhli-beyt aşiqlərinə nəsib etsin, inşa Allah.
Cahillik dövründə məhərrəm ayının hörməti qorunub riayət olunardı. Lakin özlərini müsəlman adlandıran bir dəstə yırtıcı, qan tökülməsi haram olan bu ayda həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) əziz nəvəsi, Əmirəl-möminin və Siddiqeyi Kubranın (əleyhiməssəlam) gözlərinin nuru Behişt cavanlarının sərvəri imam Huseyn əleyhissəlamı susuz səhrada ən yaxın və əziz insanları ilə birgə vəhşicəsinə qətlə yetirmişlər.
Şübhəsiz, bütün varlığını Allaha əta edən, Allah yolunda ixlasla öz Əhli-beyti və övladlarından keçən imam Huseyn əleyhissəlam ən əzəmətli İlahi nişanələrdəndir və o Həzrətin xatirəsi ilə bərpa edilən əza məclisləri də İlahi nişanələrə hörmət və izzətlə yanaşmaq mənasınadır.
Müqəddəs insanların vəfatında matəm saxlamaq, İlahi nişanələri əzəmətlə yad etmək və onlara hörmət bəsləməklə bərabər, o insanların izzət və şərəfini qorumaq, əqidələrini, yollarını, yaşayış tərzlərini, zəhmətlərini yaşatmaq deməkdir.
Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) buyurur:
» مَیِّتٌ لا بَواکِیَ عَلَیْهِ، لا إِعْزازَ لَهُ«
Ona görə də, Məsum imamlarımız (əleyhimussəlam) buyururlar ki, xalqa xeyir və bərəkət yetirin ki, sizin vəfatınızda ağlayıb, sizi hörmətlə yad etsinlər. Həzrət Əli əleyhissəlam buyurur:
»خالِطُوا النّاسَ مُخالَطَةً إِن مِتُّمْ مَعَها بَکَوْا عَلَیْکُمْ وَ إِنْ عِشْتُمْ حَنُّوا إِلَیْکُم «
“Xalq ilə elə davranın ki, həyatda sizə eşq bağlasınlar və dünyadan getdikdə, sizin üçün göz yaşı töksünlər”.[2]
Deməli, xalqın sevimli bir şəxsi təbii halda dünyadan getsə, insanlar onu itirdikdə ona və yaxınlarına hörmət və izzətlə yanaşdıqları üçün ağlayıb qəm-qüssəyə batarlar. Amma əgər o şəxs təbii halda deyil, haqsızlıqla və zalımcasına qətlə yetirilsə, şübhəsiz ki, onun vəfatında xalq kütləsi şivən edər, qətlində əli olanlara qarşı amansız olub nifrət bəsləyər. İndi, o şəxs əgər Peyğəmbər nəvəsi və Behişt cavanlarının sərvəri olmuşsa, onun şənində Allah-taala müqəddəs Quranda çoxlu ayələr nazil etmişsə, ənbiya və övliya onun görüşünə müştaqdırsa, xalq onun fərağında nə etməlidir? Digər tərəfdən, əgər onu qətlə yetirənlər şəhvətpərəst, cahil və vəhşi bir təbəqəyə mənsub olsalar və zəmanənin ən şərəfli və vəfadar insanlarını o şəxslə birgə təsəvvür edilməz zülm və amansızlıqla şəhadətə yetirsələr necə olar? Görəsən, insanlığa şərəf verən və Allahın iftixar etdiyi belə insanları İlahi ayə və nişanələrdən hesab etmək olarmı?
Əgər gözəl bir gül, yaraşıqlı mənzərə, valehedici təbiət İlahi nişanələrdəndirsə, kamil insan nümunəsi, bəşərin hidayət çırağı, ən yüksək əxlaqi səciyyələri özündə toplayan və Allahın vücudunda qərq olan bir insan İlahi nişanələrdən və hörmətlə yad edilməli məsələlərdən sayılmazmı? Şübhəsiz ki, sayılar; bəlkə ən əzəmətli və misilsiz İlahi nişanələrdən sayılar. Həm özü İlahi nişanədir, həm də onun xatirəsini yaşatmaq İlahi nişanədir. Mən deyərdim ki, bu İlahi nişanənin haqqını təsdiqləyən və onu ixlasla yad edib xatirəsini yaşadan insanlar da İlahi nişanələrdəndir.
Hər bir insan və hər bir müsəlman, xüsusən hər bir Əhli-beyt aşiqi imam Huseyn əleyhissəlamın xatirəsini ucaldan mərasimlərin bərpasının fəal üzvündən olması ilə iftixar etməlidir. Bu kimi mərasimlərin fəal iştirakçısı olmaq hər bir möminin kimliyini və şəxsiyyətini əks etdirən açıq-aydın sənəddir. Bu sənədin möhrünü imam Huseyn əleyhissəlamın özü və qəhrəmanlıq zirvəsinə ucalmış ən şərəfli dostları imzalayır. Hər bir mömin bu sənədlə Allah dərgahından sorğu-sualsız daxil olar, Behişt bu möminin gəlişinə iftixar edər, ona Peyğəmbər və Əhli-beytinin kənarında yer verər. Qurani-kərim insanları belə fəaliyyətlərə təşviq edərək onları təqvalı və nümunəvi mömin adlandıraraq buyurur:
ذَٰلِكَ وَمَنْ يُعَظِّمْ شَعَائِرَ اللَّهِ فَإِنَّهَا مِنْ تَقْوَى الْقُلُوبِ
“(Allahın əmri) budur. Hər kəs İlahi nişanələri böyük sanıb onlara hörmət etsə, bu, şübhəsiz ki, qəlblərin təqvasındandır”.[3]