Rəcəb ayı istiğfar və bağışlanmaq ayıdır
25 December 2024
08:50
۱۸۰
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) buyurdu: “Rəcəb ayı mənim ümmətimin istiğfar və bağışlanmaq ayıdır, bu ayda İlahi dərgaha üz tutub öz günahlarınızdan bağışlanmağı istəyin, Allah-taala bağışlayan və mehribandır.”
Həmçinin, buyurdu: “Əgər bir kəs rəcəb ayında hətta bir gün oruc tutarsa, Allah-taalanı sevindirmiş və İlahi qəzəbi özündən uzaq etmiş olar.”
Ümumiyyətlə hər bir ibadət Allah-taalaya yaxın olmaq məqsədi ilə eyni zamanda günahlar və pisliklərdən uzaq olmaq xüsusiyyətinə də şamil olmalıdır. Çünki günahdan uzaq olmadan ibadətin qəbul edilmə səlahiyyəti yoxdur. İnsan Allah dərgahında bağışlanmazsa, ibadəti hər nə qədər çox olsa belə, nicat hasil olmayacaq. Günahdan bağışlanmaq üçün ən təsirli ibadət növündən biri oruc tutmaqdır. Məhz bu amil möminlərin ramazan ayında geniş tərzdə tövbə və istiğfar etməsinə üz gətirmələrinə səbəb olur.
Rəcəb ayı da istiğfar ayı adlanır, çünki ramazan ayına hazırlıq və tədarük üçün nəzərdə tutulur. Məsumların bu ayda oruc tutub ibadət etməyə təkidləri möminlərin pak olmaları və ibadətlərindən tam faydalanmaları üçündür. Odur ki, mömin bacı-qardaşlar rəcəb ayının bu qalan müddətində oruc tutub istiğfar etməyə çox diqqət və əhəmiyyət verməklə, Allahı sevindirib Ona yaxın olarlar. Bu isə hər bir bəndənin ən böyük arzusu və istəyidir. Bütün möminlər bu arzuya çatmaqla dünya və axirət səadətinə nail olsunlar, inşa Allah.
Bir incəliyi də xatırladıram, o budur ki, rəcəb ayının məşhur duasını xüsusən namazdan sonra unutmayın. Çünki bu duanın məzmunu həm Allah dərgahına üz tutub hacət istəmək, həm də bağışlanmaq istəməyi ehtiva edir. Bu duanı əzbərdən bilməyənlər telefonda onun səslə oxunuşunu və yazı ilə tərcüməsini mülahizə etsələr və namazdan sonra telefon vasitəsilə səsləndirib onunla səslə birgə zəmzəmə etsələr çox müsbət nəticə alar və bu bərəkətli ayda həm dua, həm istiğfar etmiş olar, həm də ərəb dilində duanı yaxsı hifz edər və bir neçə dəfədən sonra telefonsuz da duanı əzbərdən oxuya bilərlər.
"Ya mən ərcuhu likulli xəyr..." Bütün xeyirlər və yaxşılıqlar Allah tərəfindəndir, hər kəs yaxşılıq arzu edirsə və aqibətinin gözəl olmasını istəyirsə Ona tərəf getməlidir və Ondan diləməlidir... "Hərrim şəybəti ələnnar..." Ilahi və Rabbi bu gunahkar bəndənin günahlarını bağışla və onu cəhənnəm odundan uzaq et... Hamınıza bərəkətli uzun ömür arzulayırıq.
Rəcəb ayında oxunan məşhur dua
Seyid ibn Tavus nəql edir ki, Səccad ləqəbi ilə məşhur olan Məhəmməd ibn Zəkvan o qədər səcdə edib səcdədə ağlamışdı ki, gözləri kor olmuşdu, o, deyirdi:- “İmam Sadiqə belə ərz etdim:- Canim sənə fəda olsun, indi Rəcəb ayıdır mənə elə bir dua öyrət ki, Allah taala onunla mənə xeyir versin. Həzrət buyurdu:- Yaz “Bismillahir Rəhmanir Rəhim” və bu duanı Rəcəb ayında gecə-gündüz namazların ardında oxu:
يَا مَنْ أَرْجُوهُ لِكُلِّ خَيْرٍ وَ آمَنُ سَخَطَهُ عِنْدَ [مِنْ] كُلِّ شَرٍّ يَا مَنْ يُعْطِي الْكَثِيرَ بِالْقَلِيلِ يَا مَنْ يُعْطِي مَنْ سَأَلَهُ يَا مَنْ يُعْطِي مَنْ لَمْ يَسْأَلْهُ وَ مَنْ لَمْ يَعْرِفْهُ تَحَنُّنا مِنْهُ وَ رَحْمَةً أَعْطِنِي بِمَسْأَلَتِي إِيَّاكَ جَمِيعَ خَيْرِ الدُّنْيَا وَ جَمِيعَ خَيْرِ الْآخِرَةِ وَ اصْرِفْ عَنِّي بِمَسْأَلَتِي إِيَّاكَ جَمِيعَ شَرِّ الدُّنْيَا وَ [جَمِيعَ] شَرِّ الْآخِرَةِ فَاِنَّهُ غَيْرُ مَنْقُوصٍ مَا أَعْطَيْتَ وَ زِدْنِي مِنْ فَضْلِكَ يَا كَرِيمُ
Ya mən ərcuhu likulli xəyr və amənu səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil qəlil, ya mən yu`ti mən səələh, ya mən yu`ti mən ləm yəs`əlhu və mən ləm yə`rifhu təhənnunən minhu və rəhməh, ə`tini biməs`ələti iyyak, cəmiə xəyrid-dunya və cəmiə xəyril axirəh, vəsrif ənni biməs`ələti iyyak, cəmiə şərrid-dunya və şərril axirəh, fəinnəhu ğəyru mənqusin ma ə`təytə və zidni min fəzlikə ya kərim.
Ey bütün xeyir işlərdə ümid bəslədiyim! Bütün şər işlərdə Öz qəzəbindən Özünə sığındığım! Ey az müqabilində çox əta edən! Ey istəyənlərə əta edən! Ey Onu tanımayanlara və Ondan istəməyənlərə lütf və mərhəmət səbəbindən əta edən! Səndən bütün dünya və axirət xeyrini istəyən bəndənə əta et. İstəyimə görə məndən dünya və axirət şərini tamamilə uzaq et! Həqiqətən, Sənin əta etdiyin nöqsansızdır. Öz fəzl və kərəmindən mənə əta et, ey Kərim!
Ravi deyir:- “Sonra həzrət mübarək saqqalını sol əlinə alıb təzərrürlə sağ əlinin işarə barmağını yellətməyə başlayaraq bu duanı oxumağa başladı:
يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ يَا ذَا النَّعْمَاءِ وَ الْجُودِ يَا ذَا الْمَنِّ وَ الطَّوْلِ حَرِّمْ شَيْبَتِي عَلَى النَّارِ
Ya zəl cəlali vəl ikram, ya zən nə`mai vəl cud, ya zəl mənni vət təvl, hərrim şeybəti ələn nar.
Ey cəlal və böyüklük sahibi! Ey nemətlər və səxavət sahibi! Ey əta və kərəm sahibi! Cəhənnəm odunu mənə haram et!
Allah ibadətlərinizi qəbul etsin, Amin.