Həzrət Məhdi Sahib-Zaman əleyhissəlamın təvəllüd günü
24 December 2024
20:27
۱۶۵
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Məhdi Sahib-Zaman əleyhissəlamın təvəllüd günü
Hicri-qəməri 1445-ci il şəban ayının 15-i, miladi 2024-cü il fevralın 25-i bəşəriyyətə nicat verəcək İlahi rəhbər, həzrət Sahib əl-Əsr vəz-Zaman Hüccət ibn il-Həsən imam Məhdinin (Allah onun şərafətli zühurunu tezləşdirsin) təvəllüd günüdür.
Bu əzəmətli və şad günü öncə həzrət Peyğəmbəri-Əkrəmə (sallallahu əleyhi və alih) və onun pak Əhli-Beytinə (əleyhimussəlam), xüsusən o Həzrətin əziz anası, Cənnət xanımlarının ən şərəflisi, Peyğəmbəri-əkrəmin (sallallahu əleyhi və alih) gözünün nuru və qəlbi həzrət Fatimei-Zəhraya (salavatullah əleyha) təbrik deyirik, eyni zamanda bu fərəhli münasibətlə sevincimizi bütün mömin bacı-qardaşlarla bölüşərək arzu edirik hamılıqla bu günün fəzilətindən tam şəkildə faydalanaq, inşa Allah.
Həzrət Məhdi əleyhissəlam Allah taala tərəfindən seçilmiş sevimli Peyğəmbərin (sallallahu əleyhi və alih) on ikinci canişinidir. Əziz atası həzrət imam Həsən Əskəri (əleyhissəlam) və möhtərəm anası həzrət Nərcis Xatundur (onlara Allahın salam və salavatı olsun).
Həzrət Sahib əz-Zaman əleyhissəlamın gəlişi bütün müsəlmanlar arasında müttəfiq şəkildə qəbul edilmiş bir məsələdir. Onun, hətta Peyğəmbəri-əkrəmin (sallallahu əleyhi və alih) nəslindən olması və həzrət Fatimei-Zəhranın (əleyhasəlam) övladlarından olması da tarixi və dini mənbələrdə qeyd edilmiş bütün müsəlmanların inancı ilə müvafiq olan bir mövzudur. Əhli-Beyt (əleyhimussəlam) məktəbinin davamçıları və əhli-təsənnün alimlərinin əqidələri budur ki, həzrət Məhdinin (əleyhissəlam) gəlişindən sonra Allah-taalanın əmri ilə həzrət İsa ibn Məryəm (əleyhissəlam) zühur edəcək və həzrət Məhdiyə (əleyhissəlam) iqtida edib namaz qılacaqdır. Bu isə Məsum imamın Ulul-Əzm Peyğəmbərdən üstün olmasını göstərən açıq-aydın bir dəlildir. Çünki bütün müsəlmanların əqidələrinə əsasən, namaz əsnasında İmam olan şəxs məmumdan üstün və fəzilətlidir. Qeyd edək ki, tarixi mənbələrdə göstərilir ki, imam Zaman əleyhissəlamın zühurundan sonra xristian aləminin müsəlman olmasında həzrət İsanın (əleyhissəlam) olduqca böyük rolu və təsiri olacaqdır.
Dəqiq desək, bəşəriyyətə nicat verəcək bir rəhbərin dünyaya gəlişi ilə bağlı demək olar bütün səmavi dinlərdə tutarlı dəlillər vardır. Hətta qeyri-səmavi məsləklərdə və əqidə sahiblərinin nəzəriyyələrində belə, bu mövzuda söhbət açılır və insanlara bəşərə müjdə verən bir şəxsiyyətin zühur etməsi xəbəri verilir.
Bir sözlə, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) və məsum imamların (əleyhimussəlam) mötəbər hədislərində dünyanı fəsad, zülm və haqsızlıq bürüdükdən sonra insanlara nicat verən və dünyada haqq və ədaləti bərpa edən bir rəhbərin və imamın zühur etməsi xəbəri verildiyi kimi, bütün dinlərdə və məslək sahiblərinin əqidələrində də bu mövzu təsdiq edilmiş bir məsələdir.
Alimlər müqəddəs Quranın bir çox ayələrinin bu mövzuya işarə etməsini vurğulamışlar, o cümlədən, Ənbiya surəsinin 105-ci ayəsində buyurur:
“وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِنْ بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ”
“Biz kitabdan [Tövratdan, yaxud lövhi–məhfuzdan] sonra Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin hakim olacağını yazmışdıq.”
Bu ayənin təfsirində imam Baqir əleyhissəlamdan nəql edilir ki, ayədə qeyd olunan “saleh bəndələr”dən məqsəd, həzrət Məhdi əleyhissəlamın saleh və vəfalı tərəfdarlarıdır.
Həmçinin, Qasas surəsinin 5-ci ayəsində buyurur:
“وَنُرِيدُ أَنْ نَمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ الْوَارِثِينَ”
“Yer üzündə zəif düşüb əzilənlərə [nemət verib] mərhəmət göstərib onları öndə gedən və yer üzünün varisləri [hakimi] etmək istəyirik.”
Məsum imamlardan (əleyhimussəlam) nəql olunan mötəbər hədislərə əsasən, bu və digər ayələrdə qeyd edilən bəşərin xilasedicisi və nicat verəni; həzrət Məhdi əleyhissəlamın zühuru və gəlişinə tətbiq edilir.
İltimas dua!