Həzrət İmam Həsən Müctəbanın təvəllüdü
24 December 2024
04:53
۱۱۵
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Həzrət İmam Həsən Müctəbanın təvəllüdü
Hicri qəməri 1445-ci il Ramazan ayının 15-i, miladi 2024-cü il mart ayının 26-ı həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) ilk nəvəsi və qəlbinin nuru, Əhli-beytin (əleyhimussəlam) kəramətli övladı, cənnət cavanlarının sərvəri, imam Həsən Muctəba əleyhissəlamın təvəllüd günüdür. Bu şad və sevimli günün münasibəti ilə ilk növbədə zamanımızın Hüccəti və imamı həzrət Sahib Zamana (əccələllahu taala fərəcəhuş-şərif), sonra da bütün Əhli-Beyt (əleyhimussəlam) aşiqləri və sevənlərinə təbrik deyir Allah-taaladan mömin bacı-qardaşların namaz, oruc və digər ibadətlərinin qəbul olunmasını diləyirik.
Həzrət imam Həsən əleyhissəlamın dünyaya gəlişi bütün gözəlliklərin şükufələnməsi və aşkara çıxmasıdır. “Həsən” sözünün mənası gözəl deməkdir; həm özü gözəl, həm gəlişi gözəl, bir sözlə Allah-taala bu mövlud vasitəsilə həyatın bütün gözəlliklərini bəşərə göstərmişdir…
Bu əziz gündə sevincimizi imam Zamanın (əleyhissəlam) sevincinə qovuşduraq və bütün əzizlərimizə, o cümlədən, ailə üzvlərimizə və Əhli-Beytə (əleyhissəlam) məhəbbət bəsləyənlərə mübarət ramazan ayının nemət və fəzilətlərindən, xüsusən bu günün mənəvi ruhundan layiqincə faydalanmağı arzu edirik, inşa Allah.
İmam Həsən Müctəba əleyhissəlamin həyatina qısa baxış
Həzrət Peyğəmbəri-Əkrəmin (səlləllahu əleyhi və alih) əziz qızı xanım Fatiməi-Zəhra (səlamullahi əleyha) ilə imam Əli əleyhissəlamın evlənməsinin ilk meyvəsi şiələrin ikinci İmamı həzrət Həsən Müctəba (əleyhissəlam) hicrətin üçüncü ili ramazan ayının on beşində Mədinə şəhərində dünyaya gəlmişdir.
Tarix kitablarında qeyd edilir ki, Həzrətin təvəllüdünün yeddinci günündə anası həzrət Fatiməi-Zəhra (əleyhasəlam) bu mübarək körpəni Cənab Cəbrailin (əleyhissəlam) Beheştdən hədiyyə gətirdiyi ipək parçaya büküb həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) hüzuruna gətirdi və o Həzrət körpənin adını Həsən qoydu və onun üçün qoyun kəsdirib ehsan verdi.[1]
Həzrət imam Həsən (əleyhissəlam) öz cəddinin dövrünü çox görməmişdi. Çünki o, təxminən yeddi yaşında olarkən Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) dünyadan köçmüşdü. Peyğəmbərdən (səlləllahu əleyhi və alih) sonra təxminən otuz il atası həzrət imam Əli əleyhissəlamla birgə olmuşdur. Atasının şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) altı aya yaxın müsəlmanların xəlifəsi və on il müddətinə qədər şiələrə imamlıq (başçılıq) etmişdir.[2]
Həzrət imam Həsən Muctəba (əleyhissəlam) buyurur:
"هَلاک النّاسِ فِی ثَلاث: الکبْرُ وَ الحِرْصُ وَ الْحَسَدُ، فَالکبْرُ هَلاک الدينِ وَ بِهِ لُعِنَ إِبْليسُ وَ الحِرْصُ عَدُوُّ النَفْسِ وَ بِهِ أُخْرِجَ آدَمُ مِنَ الجَنَّةِ وَ الحَسَدُ رائِدُ السُوءِ وَ مِنْهُ قَتَلَ قابيلُ هابيلَ"
“Üç xislət insanları həlak edər: Təkəbbür, hərislik, həsəd və paxıllıq;
1-Təkəbbür və özünü böyük tutmaq insanın dinini aradan aparar, məhz təkəbbür edib, özünü üstün tutmaqla İblis öz ibadətini məhv etdi və nifrətəlayiq oldu;
2-Hərislik və tamahkarlıq hər bir insanın şəxsiyyətinin düşmənidir, bu səbəbdən həzrət Adəm Əbul-bəşər tamah səbəbinə Beheştdən qovuldu;
3-Həsəd (başqasının nemətlərdən məhrum olmasını arzulamaq) və paxıllıq etmək, qaragünlüyə və bədbəxtliyə bais olar, həsəd və paxıllıq nəticəsində Qabil qardaşı Habili qətlə yetirdi.”[3]
Allah-taala hacət və dualarınızı qəbul etsin! Amin, ya Rəbbəl-aləmin.
--------------------------
Mənbələr:
[1] “Biharul ənvar”, cild-43, səh. 250
[2] “Əl-İrşad”, mərhum Şeyx Mufid, səh. 187.
[3] “Tuhəful-uqul”, səh. 236; “Biharul-ənvar”, cild-75, səh. 111