Həzrət imam Əli ibn Əbitalibin (əleyhissəlam) şəhadəti
24 December 2024
05:47
۱۱۴
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Həzrət imam Əli ibn Əbitalibin (əleyhissəlam) şəhadəti
Hicri qəməri 1445-ci il, ramazan ayının 21-i, miladi 2024-cü il aprel ayının 1-i imamət və vilayət səmasının birinci parlaq ulduzu Natiqi Quran, Əmirəl-möminin, müttəqilərin mövlası həzrət Əli ibn Əbi Talibin (əleyhissəlam) şəhadət günüdür. Həzrət Əmirəl-mö’minin Əli ibn Əbi Talib (əleyhissəlam) həzrət Rəsuləllaha (sallallahu əleyhi və alih) ilk iman gətirən müsəlman və İslam dininin möhkəmlənməsində misilsiz fədakarlıqlar etmişdir. Bu ağır və əzəmətli hüzn və qəmi ilk növbədə həzrət imam Sahib Zaman əleyhissəlama və eləcə də bütün din sevər mömin bacı qardaşlara təsəlli və başsağlığı deyirik.
Həzrət Əli (əleyhissəlam) şəhadətə çatdığı zaman altmış üç yaşında və artıq otuz il müddətində imamət məqamında idi. Həzrət beş ilə yaxın xilafət kürsüsünə sahib olmuşdur. İmam vəfat etdikdə həzrət Həsən və həzrət Hüseyn (əleyhiməssəlam) atasının cənazəsini dəfnə hazırlayıb Kufə yaxınlığındakı Qəriy adlanan məhəldə (indiki Nəcəfdə) dəfn etdilər.
Əmirəl-mö’minin Əlinin (əleyhissəlam) şəxsiyyətini vəsf etməkdə dil və qələm acizdir. Əhli-Beyt (əleyhimussəlam) məktəbində, eləcə də bir çox münsif əhli-sünnə mənbələrində həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) sonra heç bir səhabə həzrət Əli ibn Əbi Talibin (əleyhissəlam) fəzilətlərinə malik olmamış və İslam dinində onun məqamına bərabər olmamışdır.
Bir çox səhabədən fərqli olaraq Əmirəl-möminin (əleyhissəlam) həyatında bütə sitayiş etməmiş, İslam dinindən başqa bir dində olmamış, yeniyetmə çağından dinin ədəb və qaydalarını birbaşa Peyğəmbərdən (sallallahu əleyhi və alih) mənimsəmiş və sözün həqiqi mənasında Allahın dini və Peyğəmbəri qarşısında tam və tərəddüdsüz təslim olmuşdur. O, İslamın təbliğ olunduğu 23 üç il müddətində heç bir Quran ayəsi, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) bəyan etdiyi hökm və hədis müqabilində heç bir zaman şəkk, ya tərəddüd etməmiş, iman və yəqin baxımdan ən uca zirvəyə çatmışdır.
Həzrət Əli (əleyhissəlam) iman, təqva, zöhd, ibadət, şücaət, elm və yəqin baxımından həzrət Rəsuləllahdan (sallallahu əleyhi və alih) sonra misilsiz olmuşdur. Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) buyurur: «Əgər tərəzinin bir gözünə səmalar və yer, o biri gözünə Əlinin (əleyhissəlam) imanı qoyularsa, şübhəsiz ki, onun imanı ağır gələr».
Əmirəl-möminin (əleyhissəlam) öz ecazkar kəlamlarında buyurur:
لَوْ كُشِفَ الْغِطَاءُ مَا ازْدَدْتُ يَقِيناً
“Əgər pərdələr aradan götürülsə, mənim yəqinliyim artmaz”. (Ğurərul-hikəm və durərul-kəlim, 7569)
Yəni məbdə və məad məsələlərində mənim yəqinliyim kamil mərtəbədədir, hətta pərdələr götürülsə və hər şeyi əyani olaraq müşahidə etsəm belə, yəqinliyimə heç bir dəyişiklik və artım olmaz. Bu, o deməkdir ki, Həzrət yəqinlik məqamında ən uca mərtəbəyə çatmış və ondan yüksək bir məqam təsəvvürə gəlməzdir.
Çoxlu ibadət etdiyinə və uzun səcdələr yerinə yetirdiyinə görə «Səccad» ləqəbi almış imam Zeynalabidin (əleyhissəlam) həzrət Əlinin (əleyhissəlam) haqqında belə buyurur: «Babam Əli (əleyhissəlam) kimi ibadət edən kim ola bilər?!»
Həzrətin şücaətinin e’cazkarlığı haqda Şeyx Müfid yazır: «Bütün döyüşlərdə ondan başqa qalib gələn cəngavər olmamışdır…[1]
İlahi! Bu əzəmətli müsibət və hüznlü gündə həzrət Əlinin (əleyhissəlam) bütün şiələrinin günahlarını bağışla, onlara din və mərifət yolunda inkişaf və dirçəliş əta et, Əhli-Beyt (əleyhimussəlam) bayrağını bütün dünyada ucalt, möminlərə İlahi dərgaha yaxın olmaq şərəfi bağışla, Amin!