Aşura günü

24 December 2024

00:04

۶۰

Xəbərin xülasəsi :
Yezidin sərkərdəsi Müsrif ibn Uqbə Mədinə əhalisinə hakim olduqdan sonra əhalidən Yezidin qulu adı ilə beyət aldı və Yezidə qul olmaqda onları təslim edib razı saldı və hər kəs bu rəzilliyi qəbul etməsə onu qətlə yetirdi
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Aşura günü
(adı)
Müsrif ibn Uqbə Mədinə əhalisinə hakim olduqdan sonra əhalidən Yezidin qulu adı ilə beyət və razılıq alır. Hər kəs bu rəzilliyi qəbul etməsə onu qətlə yetirir. Bu faciədə mühacir və ənsardan 1700 səhabə və digər müsəlmanlardan on min insan qətlə yetirilir.

İbn Əbil Hədid yazır: Şam ordusu qoyun başı kəsən kimi Mədinə əhlinin başını kəsirdilər. O qədər qan axıtmışlar ki, yol getdikdə insanın ayaqları qana batırdı. Mühacir və ənsarın övladlarını və Bədr döyüşünün mücahidlərini qətlə yetirdilər. Sağ qalan kəslərdən isə Yezidə qul olmaq beyəti aldılar. (Nəhcul-bəlağənin şərhi, 3-cü cild, səh. 259)

Bu faciədə müsəlman qadınları böyük hörmətsizliyə və təcavüzə məruz qalmışlar. Müsrif ibn Uqbə şəhərin qadınlarını da öz əsgərlərinə mübah elan etmişdir.

 Tanınmış əhli-təsənni alimi Cəlaləddin Siyuti yazır: Həsən Bəsri bu faciəni belə yad edir: And olsun Allaha! Bu faciədən heç kəs xilas olmadı; orada Peyğəmbər (sallallahu əleyhi və alih) səhabələrindən və digər müsəlmanlardan böyük bir dəstə qətlə yetirildi. Mədinə şəhəri qarət oldu, min qız uşağına təcavüz etdilər. Sonra kədər və təəssüflə deyir: إِنَّا لِلَّهِ وَ إِنَّا إِلَيْهِ راجِعُونَ – Biz Allaha məxsusuq və Onun yanına qayıdacağıq!

Sonra sözünə davam edib deyir: Bütün bunlar elə bir halda baş vermişdir ki, Allahın Rəsulu (sallallahu əleyhi və alih) buyurub:

" مَنْ اَخَافَ اَهْلَ الْمَدِينَهِ اَخَافَهُ اللهُ وَ عَلَيْهِ لَعْنَهُ اللهِ وَ الْمَلاَيِکَهِ وَ النَّاسِ اَجْمَعِينَ "

Yəni hər kəs Mədinə əhlini qorxudarsa, Allah-taala ona qəzəb edəcəkdir. Allahın, mələklərin və bütün insanların lənəti ona olsun! (Tarixi xüləfa, səh. 233)

Amma Yezid ibn Muaviyənin ürəyinin yanğısı Hərrə faciəsi ilə də toxtamadı. Tanınmış əhli-təsənni tarixçisi İbn Əsir yazır: Müslim ibn Uqbə Mədinə əhlini qarət edib qətlə yetirdikdən sonra öz qoşunu ilə birlikdə Abdullah ibn Zubeyr ilə döyüşmək üçün Məkkəyə tərəf yollandı. (Məkkə şəhərinə yetişməmiş) Muşəllil adlanan bir yerə çatdıqda ölüm onu haqlayır. Ondan sonra Hosayn adlı başqa bir şəxsin sərkərdəliyi ilə qoşun Məkkəyə tərəf yollanır. Şəhərə çatdıqda orada iqamət edirlər, məhərrəm ayının qalan hissəsini və səfər ayını, həmçinin rəbiul-əvvəl ayından üç günü orada İbn Zübeyr və onun tərəfdarları ilə vuruşur. Bu əsnada Kəbəni mancanaqla daş-qalaq edib atəşə tutur. (Əl-Kamil- İbn Əsir; 3-cü cild, səh. 316; Əl-Bidayə vən-nəhayə, 8-ci cild, səh. 246; Tarixi Təbəri, 4-cü cild, səh. 381-382)

İbn Quteybə yazır: Hosayn ibn Numeyr Məkkə şəhərinə çatdıqda bir qrup atlını Məkkənin aşağı tərəfini ələkeçirmək üçün göndərdi. Orada döyüş vəsilələrini və mancanaqları möhkəmləndirib öz ləşkərinə əmr etdi ki, hər gün on min qaya daşını Kəbəyə atsınlar. (Əl-İmamət vəs-siyasət, 2-ci cild, səh. 12; Şəzəratuz-zəhəb-İbn İmad Hənbəli, 1-ci cild, səh. 287)

Siyuti “Tarixi xüləfa” kitabında yazır: Yezid Mədinə əhli ilə o işləri edəndən sonra “Hərrə” qoşunu İbn Zubeyr ilə döyüşmək üçün Məkkəyə doğru hərəkət etdi. Ora çatdıqda Zubeyrin oğlunu mühasirə etdi və onunla döyüşə başlayıb mancanaqla daşqalaq etdi. Onların atəşinin şöləsindən Kəbənin tavanı, pərdələri və ... od tutub yandı... (Tarixi xüləfa, səh. 209; Əxbar Məkkə-Əzrəqi, 1-ci cild, səh. 202)

Qurani-kərimin aydın ayələrinə əsasən Kəbə məscidi müqəddəs, şərafətli və ehtiramı qorunmalıdır. O cümlədən, Ali-İmran surəsinin 97-ci ayəsində buyurur:

"وَمَنْ دَخَلَهُ كَانَ آَمِنًا"

“Ora daxil olan hər bir şəxs əmin-amanlıqdadır”

Bütün müsəlmanların əqidəsinə əsasən, Kəbə evini təxrib edib ona hörmətsizlik göstərmək haramdır. Amma bəziləri Kəbənin dağıdılmasını İbn Zubeyrin boynuna atmağa cəhd edərək Yezidi təmizliyə çıxarmaq istəmişlər. Halbuki tarix kitablarında Kəbənin dağıdılıb yandırılması Yezidə nisbət verilir və İbn Zubeyrin oraya pənah aparmasını əsas tutaraq bu müqəddəs məscidə hörmətsizliyi heç də onun ayağına yazmaq olmaz.

 İbn Teymiyyə yazır: Bəni-Üməyyə və Bəni-Abbasdan olan müsəlmanların padşahlarının və onların naiblərinin heç birinin Kəbəyə hörmətsizlik etmək niyyətləri olmamışdır. İstər Yezidin naibi, istərsə də Həccac ibn Yusifin və bunlardan qeyrisinin belə niyyətləri olmamış, əksinə bütün müsəlmanlar Kəbəni əzəmətlə yad etmişlər. Bəli, onların məqsədi Kəbəyə sığınan İbn Zubeyri mühasirə etmək olmuşdur və Kəbəni mancanaqla daşqalaq etdikdə də bu məqsədi güdmüşlər, nəinki Kəbəyə hörmətsizlik etmək. Yezid Kəbəni xarab etmədi və onu yandırmaq məqsədi də yox idi. İstər o, istərsə də onun naiblərinin belə qəsdi olmamışdır. Müsəlmanlar bu məsələ barəsində müttəfiq rəyə malikdirlər, Kəbəni xarab edən İbn Zubeyr olmuşdur. (Minhacus-sünnə, 4-cü cild, səh. 577)

Belə azğın təfəkkürün cavabında deməliyik ki, Yezidin qoşunu tərəfindən Kəbənin daşqalaq və xarab edilməsinə İbn Teymiyyənin özü etiraf edir, lakin bunu İbn Zubeyrin mühasirə edilməsi ilə əlaqələndirir. Amma Qurani-kərimin ayələrinin və mötəbər hədislərin mənasından bunu başa düşürük ki, Kəbənin dağıdılması və ona hörmətsiklik hər hansı məqsəd və niyyətlə olursa-olsun haramdır. Eyni zamanda xatırladırıq ki, İbn Teymiyyə kimiləri təsəvvür etməsinlər ki, bu əqidələr yalnız ona və onun ardıcıllarına məxsusdur. Əslində belə azğın və inhiraflı əqidələrin əsası Bəni-Üməyyə hakimlərinin xalqlar arasında rəvac verdikləri fikirlərdir. Tarix hələ unutmayıbdır ki, “Siffeyn” döyüşündə Əmmar Yasirin şəhadət xəbəri Əbu Sufyan oğlu Muaviyənin əsgərləri arasında hallandıqda bu hadisəni həzrət Əli əleyhissəlama nisbət verərək öz əsgərlərini doğru yoldan sapdırmışdır. Bu məsələ müxtəlif ifadələrlə səhih əhli-təsənni mənbələrində qeyd edilmişdir ki, həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) cənab Əmmar Yasirə bəşarət verib buyurmuşdur:

عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ قَالَ‏ أَخْبَرَنِي مَنْ هُوَ خَيْرٌ مِنِّي أَنَّ رَسُولَ اللَّهِ صلی الله عليه و آله، قَالَ لِعَمَّارٍ حِينَ جَعَلَ يَحْفِرُ الْخَنْدَقَ وَ جَعَلَ يَمْسَحُ رَأْسَهُ وَ يَقُولُ وَيْسَ‏ ابْنِ سُمَيَةَ تَقْتُلُكَ فِئَةٌ بَاغِيَةٌ

“...Ey İbn Suməyyə (Əmmar Yasir)! Səni təcavüzkar bir dəstə qətlə yetirəcəkdir!”

(Səhih Müslim, 8-ci cüz, Fitən-(fitnələr) fəsli)

“Tacul-ərus” lüğətinin müəllifi “fiətun bağiyətun” ifadəsini belə mənalandırır:

و فِئَةٌ باغِيَةٌ: خارجَةٌ عن طاعةِ الإِمامِ العادِلِ‏؛ و منه‏ الحدِيثُ: «وَيْحَ ابنِ سُمَيَّة تَقْتلهُ الفِئَةُ الباغِيَةُ»

“Fiətun bağiyətun” – yəni adil imamın itaətindən xaric olan dəstə və həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) hədisində bu məna bəyan olunubdur ki, buyurur: “Əfsus İbn Suməyyə (Əmmar)! Onu ədalətli imamın itaətindən xaric olan təcavüzkar bir dəstə qətlə yetirəcəkdir.” (Tacul-ərus, 19-cu cild, səh.208)

(ardı var)


Etiketlər :

Aşura günü