Aşura günü
23 December 2024
23:48
۷۱
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
İkinci: Allah Rəsulunun (sallallahu əleyhi və alih) vəfatından dərhal sonra Peyğəmbərin vəsiyyətlərinə etinasızlıq göstərildi və xəlifəlik uğrunda müsəlmanlar arasında çəkişmələr baş verdi. Bir çoxları açıq-aşkar, bəziləri də məxfi şəkildə mürtəd olub cahillik dövrünün yaşayış tərzinə qayıtdılar. İyirmi üç il ərzində həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) buyurduğu hədisləri toplayıb yandırdılar. Hansı ki, bu hədislər Qurani-kərimdən sonra bütün dini məsələlərin ikinci əsas mənbəyi, eləcə də Allah kəlamının təfsiri və bəyanıdır. Allah-taala buyurur:
"...وَأَنْزَلْنَا إِلَيْكَ الذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ وَلَعَلَّهُمْ يَتَفَكَّرُونَ"
Bu əsasla, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) vəzifələrindən biri Qurani-kərimin mübarək ayələrini insanlara izah və bəyan etmək olmuşdur. Amma təəssüflər olsun ki, Həzrətin vəfatından yüz il sonraya, bəzilərinin dediklərinə görə daha artıq müddətə qədər Peyğəmbər (sallallahu əleyhi və alih) hədislərini dilə gətirib təbliğ etmək qəti qadağan edildi. Dini əsir etdilər, elm qapısını bağladılar, “Zülfiqar”ı qilafında həbs etdilər, Əhli-beyt barəsində Qurani-kərimin və həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) göstərişlərindən çıxdılar, vəhy mələyinin nazil olduğu evin hörmətini sındırdılar, elmi məsələlərin dərkində və İslam döyüşlərinin fəthində heç bir işıqlı mövqeyi və fateh nişanəsi olmayan insanlar mənsəb nərdivanı ilə yuxarı məqamlara dırmaşdılar. Nəticədə həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) müsəlmanların aqibəti üçün qorxduğu və onları xəbərdar etdiyi vəziyyət yarandı, necə ki, buyurur:
“ إِنِّی لَا أَخَافُ عَلَی أُمَّتِی مُؤْمِناً وَلَا مُشْرِکاً؛ أَمَّا الْمُؤْمِنُ فَيمْنَعُهُ اللَّهُ بِإِيمَانِهِ، وَأَمَّا الْمُشْرِکُ فَيقْمَعُهُ اللَّهُ بِشِرْکِهِ. وَلکِنِّی أَخَافُ عَلَيکُمْ کُلَّ مُنَافِقِ الْجَنَانِ، عَالِمِ اللِّسَانِ، يقُولُ مَا تَعْرِفُونَ، وَيفْعَلُ مَا تُنْکِرُونَ”