Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
23 December 2024
19:29
۳۵
Xəbərin xülasəsi :
Bismilləhir Rahmənir Rahim
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
Hicri-qəməri 1446-ci il rəbius-sani ayının 10-u və miladi 2024-cü il oktyabrın 14-ü Əhli-beytin cəlalətli və kəramətli xanımı imam Musa ibn Cəfər əleyhiməssəlamın sevimli qızı və imam Əli ibn Musa Rza əleyhiməssəlamın əziz bacısı həzrət Fatimei-Məsumə əleyhasəlamın vəfat günüdür. Bu qəmli-qüssəli hadisənin ildönümü münasibətilə öncə həzrət Vəliyyi-Əsr imam Zamana (Allah onun gəlişini tezləşdirsin), sonra bütün Əhli-Beyt (əleyhimussəlam) sevərlərinə təsəlli və başsağlığı deyirik.
Həzrət Fatimei-Məsumə əleyhasəlam hicrətin 173-cü ilində zil-qədə ayında Mədinə şəhərində anadan olmuşdur. O xanımın anası cəlalətli və şərafətli bir qadın olan Nəcmə xanımdır. Bu qadın son dərəcə təqvalı və elmli qadın idi və Fatimei-Məsumə əleyhasəlamın elm, təqva və mərifət kəsb etməsində böyük zəhməti olmuşdur...
Həzrət Fatimei-Məsumə əleyhasəlam hicrətin 201-ci ilində rəbius-sani ayının 10-u müqəddəs Qum şəhərində vəfat etmiş və bu şəhərdə də dəfn olunmuşdur.
Həzrət Fatimei-Məsumə əleyhasəlamın bir neçə ləqəbi olmuşdur, lakin xalq arasında xanım “Məsumə” adı ilə məşhur olmuşdur. Həzrət imam Rza əleyhissəlam bu əziz bacısına böyük məhəbbət və ehtiram edərdi. Onların bir-birinə olan münasibətlərini, bəziləri həzrət imam Huseyn əleyhissəlam ilə xanım Zeynəbi-Kubra əleyhasəlam arasında olan qırılmaz sevgi və məhəbbətə bənzədirlər. Xanım Məsuməyə verilən “İkinci Zeynəb” ləqəbi də, mümkündür elə bu cəhətlə rabitəsi olsun.
İmam Rza əleyhissəlam Məmunun xilafəti dövründə məcburi və ixtiyarsız olaraq müqəddəs Mədinə şəhərindən Xorasan vilayətinə gətirildikdən bir müddət sonra xanım Məsumə əleyhasəlam əziz qardaşını görmək üçün bir sıra Əhli-beyt üzvləri olan xanım və ağaların əhatəsində karvanla Mədinədən hərəkət edib Xorasana tərəf yollanır. Karvanın gəliş xəbəri xəlifə Məmuna çatdıqda imam Rza əleyhissəlamın yaxın və əziz şəxslərin belə əzəmətli şəkildə Tus şəhərinə çatacaqları halda onların xalq tərəfindən təntənə ilə qarşılanmasını öz taxt-tacına və siyasi mövqeiyyətinə təhlükə görür. Ona görə Xanımın karvanının qarşısını almaq və onun Xorasana gəlişinə mane olmaq məqsədi ilə gizli surətdə qoşun göndərir. Bu qoşun Savə məntəqəsi yaxınlığında Xanımın olduğu karvana çatıb karvanı qoruyan şəxslərə hücum edirlər və əksər cavanları qətlə yetirirlər. Xanım Məsumə əleyhasəlam bu mərəkədə öz əziz qardaşlarını və digər Əhli-Beyt (əleyhimussəlam) üzvlərini əldən verir. Sanki həzrət Zeynəb-Kubra əleyhasəlamın Kərbəlada başına gələn müsibətlər yenidən təkrar olur. Bu hadisədə həzrət Məsumə əleyhasəlam çox qəm-qüssələr üzündən zəifləyib xəstələnir və karvanın Xorasan yolunu davam etdirməsinə qadir olmadığını gördükdə, ətrafındakılardan o zaman Əhli-Beyt (ə) aşiqlərinin toplandığı şəhər kimi tanınan Qum şəhəri ilə olan məsafəni soruşur. On fərsəx fasilə olduğunu bildirirlər, xanım Məsumə əleyhasəlam karvanın Qum şəhərinə tərəf yollanması göstərişini verir.
Xanımın olduğu karvanın gəliş xəbəri Qum şəhərinin əhalisinə çatdıqda xalq vəsfedilməz əzəmət və təntənə ilə şəhərin görkəmli şəxsiyyətləri ilə birlikdə karvanı qarşılamağa çıxırlar. Şəhərin böyük hörmətli, elm və təqvalı şəxsiyyəti olan Musa ibn Xəzrəc Əşəri karvana yaxınlaşır və Xanımın kəcavəsi olan dəvəni öz mənzilinə tərəf sövq edir. Xanım Fatimei-Məsumə əleyhasəlam burada cəmisi on yeddi gün həyat sürür. Bəzi yazılara əsasən, Xanımın xəstələnməsi səbəblərindən biri də onun Savədə xəlifə casusları tərəfindən gizli surətdə zəhərlənməsi olmuşdur.
Həzrət Fatimei-Məsumə əleyhasəlam hicrətin 201-ci ilində rəbius-sani ayının 10-u Qum şəhərində vəfat etdikdən sonra Musa ibn Xəzrəcə mənsub olan və hazırda Xanımın müqəddəs məzarının yerləşdiyi torpaqda böyük əzəmətlə dəfn edilmişdir. Hazırda bu müqəddəs məzar Əhli-Beyt əleyhimussəlamın aşiqlərinin pənahı və ziyarətgahı olmaqla bərabər şiə aləminin böyük şəxsiyyətlərinin və alimlərinin yetişdiyi bir məkandır.
Həzrət imam Sadiq əleyhissəlam müqəddəs Qum şəhəri haqqında belə buyurur:
Bir daha bütün əziz mömin bacı-qardaşlara təssəlli deyir və hamınıza Əhli-Beyt əleyhimussəlamın hörmət və şərəf bəxş edən yolunun davamçılarından olmağınızı arzulayırıq.
İltimas dua!