Həzrət Ummul-bənin əleyhəssəlamın vəfatı
22 December 2024
05:39
۶
Xəbərin xülasəsi :
Hicri-qəməri 1446-cı il cumadis-saniyə ayının 13-ü, miladi 2024-cü il dekabr ayının 15-i Kərbəlada imam Huseyn əleyhissəlamın vəfalı yoldaşlarının sərkərdəsi həzrət Əbul-Fəzl Abbas və digər üç şəhid qardaşının (əleyhimussəlam) əziz anası Xanım Ummul-bənin əleyhəssəlamın vəfat gününün ildönümüdür. Bu qəmli gün münasibətilə həzrət Sahib əz-Zaman (Allah onun zühurunu tezləşdirsin) və bütün mömin və möminə bacı-qardaşlara təsəlli və başsağlığı deyirik.
Həzrət Ummul bənin əleyhasəlamın əsl adı Fatimə bint Hizamdır. Xanım Fatiməi-Zəhra əleyhasəlamın şəhadətindən bir müddət sonra həzrət Əli ibn Əbi Talib (əleyhissəlam) Xanım Ummul bənin ilə ailə qurmuşdur.
Tarixdə igidliklə tanınmış həzrət Abbas (əleyhissəlam) bu ananın tərbiyəsi ilə böyüyüb boya-başa çatmışdı. Onun dörd oğlunun hamısı Kərbəlada şəhid oldular. Bu dörd qəhrəman oğulun şəhidlik xəbəri anaya çatanda təbii olaraq qəlbi yandı və xüsusən oğlu Abbas (əleyhissəlam) üçün göz yaşı axıtdı. Ancaq ruhiyyəsi o qədər güclü idi ki, bir şer dedi:
“Ey igid oğlum Abbası atası kimi düşmənlərə hücum etdiyini görən kəs!
Əlinin (ə) övladlarının hamısı şücaət cəngəlliyinin şirləridirlər.
Eşitmişəm ki, oğlum Abbasın əlləri kəsildikdən sonra başına dəmir əmud vurub yarıblar.
Əgər oğlumun əli olsaydı, kim döyüşmək üçün cürət edib ona yaxınlaşa bilərdi?”
Bəşir Mədinəyə gəlib Kərbəla xəbərlərini məsciddə camaata deyirdi, Ümmül-Bənin adamların arasından qabağa gəldi. Onun Bəşirə dediyi ilk sözü bu idi: “İmam Hüseyndən (ə) mənə xəbər ver. Oğlanlarım və səma altındakıların hamısı Hüseynə (ə) fəda olsun”.
Bəşirdən İmam Hüseynin (ə) şəhid olmasını eşidəndə naləsi ucaldı və dedi: “Qəlbimin damarlarını qırdın”.
Onun İmam Hüseynə (ə) olan bu məhəbbəti, mənəviyyatının kamilliyinə bir dəlildir ki, rəhbəri yolunda övladlarının göstərdiyi bütün fədakarlığını unutdu və təkcə rəhbərindən söz açdı.
Tarixdə bu xanımın özünün anadan olduğu zaman qeyd olunmayıb. Lakin onun böyük oğlu həzrət Əbülfəzl Abbas (əleyhissalam) hicrətin 26-cı ilində dünyaya gəldiyi göstərilir. Bu qadın özünün əxlaqı, şücaəti, kəramətləri və isməti ilə tarix kitablarında tanınır. Tarix nişan verir ki, Ümmül Bənin Kərbəlada olmamışdır, lakin imam Hüseyn (əleyhissalam) Kərbəla səfərinə yola düşərkən o, dörd oğlunu- Abbas, Abdullah, Cəfər, Osman- öz əlləri ilə kömək üçün İmamla (əleyhissalam) göndərir. Kərbəla hadisəsindən sonra övladlarının şəhadət xəbərini eşitdikdə hamıdan çox imam Hüseynə (əleyhissalam) ağlayır və öz oğullarının ona fəda olmasına şad olur. Bu da onun imanının nə dərəcədə yüksək olmasına işarədir. Ummul bənin həzrət İmam Huseyn (əleyhissəlam) və dörd oğlu üçün əzadarlıq edib növhə oxuyardı, belə ki, o Xanımın əzadarlığını görüb və qəmli-qəmli növhə oxumasını eşidənlər onunla həmnəva olardılar. Hətta deyilir ki, Əhli-beyt (əleyhimussəlam) ilə düşmənçilik edən insanlar da belə xanımın səsini eşitdikdə tab gətirməyib ağlayardılar. Xanım Ummul bəninin (əleyhəssəlam) dəfn olunduğu məkan Mədinə şəhəri Bəqiy qəbristanındadır. Ruhu şad olsun!