Azari

Həzrət Əbdul-Əzim Həsəninin (əleyhissəlam) vəfatı

01 May 2025

11:34

۲۱

Xəbərin xülasəsi :
Hicri-qəməri 1446-cı il şəvval ayının 15-i, miladi 2025-ci il aprel ayının 14-ü həzrət imam Həsən əleyhissəlamın alimlər nəslindən və Şah Əbdul-Əzim və Seyyidul-Kərim ləqəbi ilə məşhur olan cənab Əbdul-Əzim Həsəninin vəfat günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Əbdul-Əzim Həsəninin (əleyhissəlam) vəfatı

Hicri-qəməri 1446-cı il şəvval ayının 15-i, miladi 2025-ci il aprel ayının 14-ü həzrət imam Həsən əleyhissəlamın alimlər nəslindən və Şah Əbdul-Əzim və Seyyidul-Kərim ləqəbi ilə məşhur olan cənab Əbdul-Əzim Həsəninin vəfat günüdür.

 Mərhum Şeyx Səduq bu alimin hədisləri məcmusunu “Camei əxbari Əbdul-Əzim” ünvanı ilə toplamışdır. Cənab Əbdul-Əzim Həsəni həzrət imam Rza (əleyhissəlam), imam Cavad (əleyhissəlam) və imam Hadi əleyhissəlamın yaşadıqları illərdə yaşamış və edilən nəqllərə əsasən əqidəsinin düzgünlüyünə əmin olmaq niyyəti ilə öz əqidəsini və imanını həzrət imam Hadi əleyhissəlama təqdim etmiş və o Həzrətin dövründə də vəfat etmişdir.

Həzrət Əbdul-Əzim Həsəninin müqəddəs hərəmi Rey şəhərində Əhli-Beyt (əleyhimussəlam) sevərlərinin ziyarətgahıdır. Bəzi hədislərdə o cənabın ziyarətinin savabı həzrət imam Huseynin (əleyhissəlam) ziyarətinə bərabər sayılmışdır.

Həzrət Əbdul-Əzim Həsəni hicri-qəməri 173-cü il rəbius-sani ayının 4-ü, müqəddəs Mədinə şəhərində dünyaya gəlmiş və 252-ci il şəvval ayının 15-i, 79 yaşında vəfat etmişdir.

Əbdül Əzim bin Abdullah bin Əli bin Həsən bin Zeyd bin Həsən bin Əli bin Əbi Talib, Əbdül Əzim əl-Həsani, Şah Əbdül Əzim və Seyid əl-Kərim kimi tanınan Harun ər-Rəşidin dövründə, 4 Rəbi əl-Sani 173-cü il cümə axşamı günü Mədinədə (onun doğum yeri haqqında fikir ayrılığı var) anadan olmuşdur.[1]

 Atası Abdullah bin Əli Qafə, anası isə “Hiyfa” kimi tanınan İsmayıl bin İbrahimin qızı idi.[2]

Onun nəsli İmam Müctəbaya (əleyhissəlam) gedib çıxır. Şiə alimi Nəcaşi deyir: Onun vəfatından sonra qüsl edərkən paltarının üstündə bir parça tapıldı, üzərində nəsəbi belə yazılmışdı: Mən; Əbul -Qasim, Abdullahın oğlu, Əlinin oğlu, Həsənin oğlu, Zeydin oğlu, İmam Həsənin (ə) oğlu, Əli ibn ƏbiTalibin (əleyhiməsəlam) oğlu.[3]

Mir Damad Əbdül Əzimi aydın nəsil və aşkar şərəf sahibi kimi təsvir edir.[4]

Bu böyük şəxsiyyət və hədis aliminin vəfat gününü bütün Əhli-Beyt (əleyhimussəlam) sevərlərinə təsəlli və başsağlığı deyirik.



[1] Əz-Zəriə, cild-7, səh. 169

[2] Umdətut-Talib, səh. 94

[3] Ricali-Nəcaşi, səh. 248

[4] Rəvaşihus-Səmaviyyə, səh. 86


Iltimas dua!


Etiketlər :

Həzrət Əbdul-Əzim Həsəninin (əleyhissəlam) vəfatı