Elm hövzəsinin tədris sistemində Quranın olması
16 May 2025
23:58
۳۶
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Elm hövzəsinin tədris sistemində Quranın olması; Reallıqdan ədalətsiz mühakimələrə qədər
Xəbərin xülasəsi:
Ayətullah Fazil Lənkəraninin (ömrü uzun olsun) şiə elmi hövzələrində Quranın əhəmiyyəti ilə bağlı açıqlamaları
(ardı)
Hövzə tələbəlrinin Qurana uyğun tərbiyə edilməsində fiqh və hövzənin rolu
Dəfələrlə qeyd etmişəm ki, fəqihlərimizin Quran ayələrindən hökm çıxararkən göstərdikləri diqqət, bir çox hallarda ümumi təfsirlərdə görünəndən daha genişdir. Məsələn, «لا تَأْكُلُوا أَمْوالَكُمْ بَيْنَكُمْ بِالْباطِلِ إِلّا أَنْ تَكُونَ تِجارَةً عَنْ تَراضٍ» (Aranızda qarşılıqlı razılıqla edilən alış-veriş istisna olmaqla, mallarınızı aranızda batil yolla (haqsızlıqla və haram yolla) yeməyin) ayəsində fəqihlərin əsərlərində onlarla, hətta yüzlərlə müfəssəl fiqhi araşdırmalar aparılmışdır ki, buna bənzərlərinə təfsirlərdə az rast gəlinir.
Niyə bu fiqhi araşdırmalar xəzinələrinə diqqət yetirilmir? “Məkasib” və “Rəsailin” haşiyələrinə nəzər salsalar, bu əsərləri tərtib edənlərin Quran ayələrini nə qədər incə və diqqətlə işlədiklərini anlayarlar. Bütün bu cəhdlər nəzərə alınsa, hövzədə Qurana əhəmiyyət verilmədiyini iddia etmək hələ də doğru ola bilərmi? Belə bir sözü demək açıq-aşkar insafsızlıqdır.
Bir daha vurğulayıram: Əgər tənqiddən məqsəd hövzənin Qurana daha çox diqqət yetirməsidirsə, bu məqam tamamilə uyğun və məqbuldur. Biz özümüz də eyni qayğıya doğru addımlar atmışıq. Siyasi fiqh müzakirələrində ardıcıl üç ildir ki, çərşənbə günləri keçirilən kurslarda İmam Xomeyninin (r.ə) “İslam hökumətdir” nəzəriyyəsinin Quran əsaslarını davamlı olaraq izah edirik.
Bu səylərin nəticəsi, “Quranda hökumət ayələri” adlı 300 səhifəlik kitabdır. Həmçinin, “Fiqh qaydaları”nın dördüncü cildində dərc olunmuş “Beş fiqhi hökmün tədqiqi”ndə yüzə yaxın ayəyə dəlil olaraq istinad edilmişdir. Bunlar hövzənin məhsulu deyilmi? Bu müzakirələr hövzənin mətnində və sayəsində yetişməyibmi?
Bu nailiyyətlər müəllifin şəxsi məhsulu deyil, əksinə həmin bu hövzənin təlim-tərbiyə mühitinin yetişdirmələrinin bəhrəsidir. Bəzən deyirlər ki, hansısa təfsir alimi bir neçə cilddən ibarət təfsir kitabı yazıb və bu, sadəcə, onun şəxsi işidir. Amma bu ifadə zahirdə doğru olsa da, batində aldadıcıdır. O alim harada təlim-tərbiyəyə yiyələndi? Hansı elmi mühitdə böyüdü? Adi hövzə dərslərindən başqa nə oxumuşdu? Məgər hövzənin elmi müzakirələri və mübahisələri həmin təfsirin yazılması üçün intellektual və elmi infrastruktur yaratmamışdır? Elə həmin akademik dairələr, həmin elmi müzakirələr və bəhslər möhtəşəm əsərlərin yazılması üçün zəmin olmuşdur.
Bunun bariz nümunəsi kimi şiə məktəbinin əqli və elmi şərəflərindən olan böyük “Təsnim” təfsirini qeyd etmək lazımdır. Bu təfsirin 80 cilddən ibarət olduğu və yazılmasının təxminən 40 il çəkdiyi deyildikdə, başa düşmək lazımdır ki, bu həcmdə əzm və elmi dəstək heç vaxt adi bir prosesin nəticəsi deyil. Bu iş ancaq xüsusi ilahi lütf, dərin elmi dəstək və Quran imanından irəli gələn bir motivasiya ilə mümkün olmuşdur. Təbii ki, bu əsərin məzmununda elmi müzakirələr, tənqid və araşdırmalar aparılmalıdır. Zəruri deyil ki, onun ehtiva etdiyi bütün mətləblər hər bir elmi nəzəriyyə ilə uyğun və müvafiq olsun. Amma bu layihənin özü və onun həyata keçməsinə diqqət və səy, Uca Allahın bu görkəmli şəxsiyyətə və bizim elm hövzələrinə xüsusi inayətin bariz nişanəsi və onu Quranın özündən bir bərəkət şüası hesab etmək olar.
Əslində, son əlli ildə elm hövzələrində yazılan təfsirlər arasında kəmiyyət və keyfiyyət baxımından misilsizdir. Elə də deyil ki, təkcə bəzi orta səviyyəli tələbələr təfsir yazmağa məşğul olsunlar. Əslində, fiqh və fəlsəfədə hövzənin ən yüksək elmi pillələrinə çatmış yüksək dərəcəli alimlər təfsir sahəsinə daxil olmuşlar. Bu açıq-aydın dəlillərlə bərabər, elm hövzəsində Quranın və ya onun təfsirindən əsər-əlamətin olmadığına necə belə yaraşmaz hökm vermək olar? Bu ifadə təkcə yanlış deyil, həm də elm hövzələrinə qarşı açıq-aşkar bir zülmdür. Deməli, Qurana diqqət nəinki ölməyib, həm də böyüyür və çiçəklənir. Bir şərtlə ki, məsələyə tələsik və ümumi mühakimələrlə deyil, ədalətli və analitik gözlə baxılsın.
Əllamə Təbatəbainin iftixarlı “Əl-Mizan” təfsiri də bu hövzədə və həmin hövzənin tələbələri üçün yazılmışdır. Həmçinin, Nəcəfdə mərhum Ayətullah Səbzivarinin “Məvahib ər-Rəhman” təfsiri son yarım əsrdə ortaya çıxan digər görkəmli təfsir əsəridir. Hövzənin Qurani-Kərimə ən yüksək elmi səviyyədə dərindən və sistemli şəkildə diqqət yetirməsinin bu bariz nümunələri ilə necə ola bilər ki, hövzənin elmi imici milli televiziyada, ümumi və əsassız şəkildə ləkələnir, dini biliklər mərkəzinin nüfuzu bu şəkildə bədnam edilir? Bu insanlar Allah qarşısında necə cavab verəcəklərini düşünmürlərmi? Hətta, çatışmazlıq olsa belə - bu haqda müzakirə öz yerində - onun ifadə tərzi elə olmalıdır ki, bir səthi iradla minillik tarixi olan bir qurumun etimadını şübhə altına alaq?
Bunun əksinə olaraq, onlarla təfsir, yüzlərlə kitab və elmi hövzələrdə minlərlə saatlıq Quran dərsləri və müzakirələr var. Quranın iqtisadi ayələri çoxlu əsərlərə mövzu olmuşdur; Əxlaqi ayələr bir çox dərslərin və yazıların diqqət mərkəzində olmuşdur. Bu həcmdə elmi işlərə məhəl qoymamaq lazımdırmı? Belə münasibət naşükürlüyün bariz nümunəsidir. Əgər Quranın tutumu bizim faydalandığımızdan min, hətta milyon dəfə artıqdır deyirlərsə, şübhəsiz ki, bu söz doğrudur. Quran ucsuz-bucaqsız bir dənizdir və ondan qiyamətə qədər nə çıxarılsa da, dərinliyi azalmayacaq.
Amma bu həqiqət indiyə qədər görülənlərə göz yummaq üçün bəhanə olmamalıdır. Bu qəbildən olan əsassız iddialar insafsız olmaqla yanaşı, cəmiyyətin elm hövzələri və din alimləri haqqında fikirlərini də yanlış və narahatedici şəkildə təhrif edir. Bunun özü də tədbir zəifliyindən və insafsızlıqdan irəli gələn bir təhlükədir.
Hövzədə həftəlik təfsir dərsləri heç vaxt yazılmayan və nəşr olunmayan böyük alimlər qruplarımız olub, lakin bu sessiyaların özləri elmi xəzinə idi. Bu böyük insanlardan Ayətullah Əhmədi Miyanəci, Ayətullah Seyid Mehdi Ruhani, Ayətullah Azəri Qumi, Ayətullah Mirməhəmmədi, Allah onlara rəhmət etsin və Ayətullah Şubeyri Zəncanini (bərəkətli ömrü uzun olsun) qeyd edə bilərik. Bu böyük alimlər qırx il davamlı olaraq həftəlik təfsir dərslərində iştirak etmişlər və bu müzakirələrin bəhrəsini şübhəsiz ki, onların tələbələr üçün təşkil etdiyi rəsmi dərslərdə də görmək olar. Bu açıq dəlillərlə yanaşı, yenə də hövzənin Qurandan xəbərsiz olduğunu deyə bilərikmi?
İmam Xomeyninin (Allah ondan razı olsun) həyatını tədqiq edərkən onun böyüklüyünün, fövqəladəliyinin və əqli dərinliyinin səbəbini anlamaq üçün nə qədər fikirləşsəm də, bütün bu böyüklüyün Qurandan qaynaqlanmasından başqa heç nə tapmadım.
İmam öz fiqhi elmində, “Kitab ət-Təharə” və “Kitabül-bəy”dən tutmuş “Məkasib əl-Muhərrəmə”yə qədər əsərlərində həmişə Quran ayələrində diqqət edərək hökmlər əldə etmişdir. Əvvəldə qeyd etdik ki, onun bu əsərlərdəki Quran sitatları toplusu ardıcıl surətdə tərtib və nəşr edilmişdir. Bütün bunlar bu hövzədə əldə olunan nailiyyətlərdir.
Bunlar bu hövzənin elmi mühitində və onun fəqih və təfsirçilərinin səylərinin məhsuludur. Bu faktlar qarşısında diqqətsiz danışmaq olmaz. Tənqid varsa, tələskənlik, zəiflətmə, təxrib yox, insafla, agahlıqla və islahat niyyəti ilə olmalıdır.
İltimas dua!