Həzrət imam Sadiqin (əleyhissəlam) şəhadət günü
16 May 2025
13:27
۳۳
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Həzrət imam Sadiqin (əleyhissəlam) şəhadət günü
Hicri-qəməri 1446-cı il şəvval ayının 25-i, miladi 2025-ci il aprelin 24-ü imamət və xilafət səmasının parlaq ulduzu, Peyğəmbər (sallallahu əleyhi və alih) canişinlərinin altıncısı, İslamın haqq məzhəbinin banisi həzrət Cəfər ibn Muhəmməd əs-Sadiq əleyhiməssəlamın ürəkyandırıcı şəhadətinin ildönümüdür.
Bu əzəmətli və qüssəli müsibəti ilk növbədə zamanın imamı və əsrin mövlası həzrət Hüccət ibn Həsənə (Allah onun zühurunu tezləşdirsin) təsəlli verir, həmçinin bütün möminlərə, xüsusən mömin azəri xalqına başsağlığı deyirik. Ümidvarıq əziz möminlər həzrət Sadiq əleyhissəlamın təlim və tərbiyə məktəbindən kifayət qədər bəhrələnərək Allah-taalaya layiqli ibadət və itaət etməyə nail olacaqlar, İnşa Allah!
Altıncı imam, həzrət Sadiq əleyhissəlamın adı Cəfər, kunyəsi Əbu-Abdullah, ləqəbi Sadiqdir.
Əziz atası İmam Baqir (əleyhissəlam), hörmətli anası isə Ümmü-Fərvə olmuşdur.
Həzrət imam Sadiq əleyhissəlamın təvəllüdü hicri-qəməri 83-cü il, rəbiul-əvvəl ayının 17-si (miladi 702-ci il, aprel ayının 20-si) və şəhadəti hicri-qəməri 148-ci il, şəvval ayının 25-i (miladi 765-ci il, dekabrın 13-ü) tarixi ilə müsadifdir. Həzrət Sadiq əleyhissəlam altmış beş yaşında, qəsbkar və qaniçən Abbasi xəlifəsi Mənsur Dəvaniqi tərəfindən şəhadətə çatmışdır.
Müqəddəs məzarı Mədinə şəhərinin “Bəqi” qəbiristanlığında, əziz atasının məzarı kənarındadır.
Hicrətin yüz on dördüncü ilində imam Baqir əleyhissəlamın şəhadətindən sonra həzrət Cəfəri-Sadiq (əleyhissəlam) imamlıq məqamına yetişmiş və hicrətin yüz qırx səkkizinci ilinə qədər, otuz dörd il müddətində bu müqəddəs məqama sahib olmuşdur. Bu dövr Əməvilər hakimiyyətinin sonu və Abbasilər sülaləsinin əvvəlinə təsadüf edir.
İmam Sadiq (əleyhissəlam) aşağıda adları çəkilən Əməvi xəlifələrinin müasiri olmuşdur:
Hişam ibn Əbdülməlik (105-125 h.q);
Vəlid ibn Yezid ibn Əbdülməlik (125-126 h.q);
Yezid ibn Vəlid ibn Əbdülməlik (126 h.q);
İbrahim ibn Vəlid ibn Əbdülməlik (hicrətin yüz iyirmi altıncı ilinin cəmi yetmiş gününü);
Mərvan ibn Məhəmməd (Mərvani Himar) (126-132 h.q);
Abbasi xəlifələrindən isə aşağıdakıların müasiri olmuşdur:
Abdullah ibn Məhəmməd (Səffah) (132-137 h.q);
Əbu-Cəfər (Mənsur Dəvaniqi) (137-158 h.q);
Həzrət imam Sadiq əleyhissəlamın elmi əzəmət və yüksəkliyinə aid çoxlu sübutlar vardır. Bu məsələ həm şiə həm də sünni alimlərinin qəbul etdiyi bir mövzudur. Böyük alim və fəqihlər onun elm mərtəbəsinin yüksəkliyi qarşısında diz çökür, onun elm sahəsində üstün olduğunu tərifləyirlər.
Tanınmış Hənəfi firqəsinin banisi Əbu-Hənifə deyirdi: “Mən Cəfər ibn Məhəmməd əleyhissəlamdan (İmam Sadiqdən) savadlı şəxs görməmişəm.”[1]
Həmçinin, deyir: “Mənsur (Dəvaniqi) Cəfər ibn Məhəmməd əleyhissəlamı hüzuruna çağıran zaman məni çağırıb dedi: “Camaat Cəfər ibn Məhəmmədin vurğunu olmuşdur onu məhkum etmək üçün bir sıra çətin məsələdən suallar hazırla.” Mən qırx dənə çətin məsələ hazırladım. Bir gün Mənsur Hiyrədə olarkən məni çağırtdırdı. Məclisə girərkən gördüm ki, Cəfər ibn Məhəmməd (İmam Sadiq əleyhissəlam) onun sağında oturub. Ona baxdıqda heybəti məni elə bürüdü ki, heç Mənsuru görəndə elə olmurdum. Salam verib Mənsurun işarəsindən sonra oturdum. Mənsur üzünü ona (İmam Sadiq əleyhissəlama) tutub dedi: “Bu Əbu-Hənifədir.” O, cavab verdi ki, tanıyıram. Sonra Mənsur üzünü mənə tutub dedi: “Ey Əbu-Hənifə! Öz məsələlərini Əbu-Abdullah (İmam Sadiq əleyhissəlam) ilə müzakirə et.” Mən də məsələləri deməyə başladım. Hər hansı məsələni soruşurdumsa, dərhal cavab verirdi ki, sizin bu məsələ barədə əqidəniz filan, Mədinə əhalisinin əqidəsi filan, bizim əqidəmiz də filandır. Bəzi məsələlərdə bizimlə həmfikir olur, bəzilərində Mədinə əhalisi ilə, bəzilərində isə fikri tamam başqa olurdu. Bu minvalla düz qırx məsələ soruşdum ki, hamısına cavab verdi.” Əbu-Hənifə bura yetişəndə İmam Sadiq əleyhissəlama işarə edərək dedi: “O insanların ən alimi onların fiqhi məsələlərə aid olan ixtilaflarını bilən ən agah adamdır.”[2]
Maliki məzhəbinin banisi Ənəs ibn Malik deyirdi: “Bir müddət Cəfər ibn Məhəmməd əleyhissəlamın yanına gedib-gəlirdim. Daimən onu bu üç haldan birində görürdüm: ya namaz qılırdı, ya oruc tuturdu, ya da Quran oxuyurdu. Onu dəstəmazsız hədis danışan görmədim.) Elm ibadət və təqvada Cəfər ibn Məhəmməd əleyhissəlamdan üstün bir şəxsi, nə bir göz görmüş, nə bir qulaq eşitmiş, nə də heç kimin fikrinə belə gəlməmişdir.”[3]
Mərhum Şeyx Müfid yazır: “O Həzrətdən o qədər elm söylənilib ki, artıq bütün müsəlmanların yanında məşhur olmuş, səs-sədası hər tərəfə yayılmışdır. Onun nəslindən heç bir kəsdən bu qədər elm söylənilməmişdir.”[4]
Onuncu əsrin görkəmli alimlərindən olan Əbu Bəhr Cahiz deyir: “Cəfər ibn Məhəmməd (əleyhissəlam) elə bir şəxsdir ki, onun elmi bütün dünyanı əhatə etmiş, deyilənlərə görə Əbu-Hənifə və eləcə də, Süfyan Suri onun şagirdlərindən olmuşdur. Bu iki nəfərin onun şagirdi olması onun elmi yüksəkliyini sübut etmək üçün kifayət edər.”
Həzrət Cəfər ibn Muhəmməd imam sadiq əleyhiməssəlamın dürəfşan hədislərindən:
عن الصادق عليه السلام: وِلايَتي لِعَلِيِّ بنِ أبي طالِبٍ عليه السلام أحَبُ إلَيَ مِن وِلادَتي مِنهُ؛ لِأَنَّ وِلايَتي لَهُ فَرضٌ، ووِلادَتي مِنهُ فَضلٌ.
Həzrət Sadiq əleyhissalam buyurdu:
“Mən, Əli ibn Əbi Talib (əleyhissalam) ilə olan qəyyumluq və vilayət nisbətimi ondan doğulma nisbətimdən daha çox sevirəm. Çünki onun vilayəti və qəyyumluğu mənə vacib, ondan doğulmağım isə fəzilətdir.”[5]
İltimas dua!