Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) fəzilətləri

05 December 2025

20:49

۵

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin
(bərəkətli ömrü uzun olsun) “Fatimiyyə” günlərində buyurduğu danışıq
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (bərəkətli ömrü uzun olsun) “Fatimiyyə” günlərində buyurduğu danışıq

(ardı)

Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) həzrət Siddiqəyə olan ehtiram və hörməti

“Səfinətul-Bihar” kitabında nəql edilən hədisdə (bu mətləbi Əbu Bəkr nəql edir) belə deyilir:

« إنّ فاطمة سلام الله عليها يوماً دخلت علي أبيها، فاستقبلها»

“Bir gün həzrət Zəhra Peyğəmbərin yanına gəldi. Peyğəmbər ayağa durub onu istiqbal etdi.”

«و قبِّلَ يديها، ثم لمّا ودّعت و مشت»

“Fatimənin iki əlini tutub öpdü. Sonra Xanım xudahafizləşib getmək istədikdə,”

«شيّعها النبي، و قبّل يديها»

“Peyğəmbər onu müşayiət etdi və bir neçə addım onunla birlikdə getdi, sonra yenidən əllərindən öpdü.”

Əbu Bəkr Peyğəmbərə ərz etdi:

«فقلت يا رسول الله ما رأيت مثل هذا في أحد من النساء، و لا يناسب لمثلک!»

“Ya Rəsuləllah! Fatiməyə olan ehtiramını heç bir xanımına qarşı görməmişəm. Belə rəftar sizə münasib deyil!”

Etiraz edir ki, siz nə üçün Fatimə ilə bu qədər ehtiramla rəftar edirsiz? Mümkündür məqsədi bu olsun ki, heç kəs öz qızı ilə belə ehtiramla rəftar etmir! Öz yalnış fikrincə Peyğəmbərə nəsihət etmək istəyir. Amma Peyğəmbərin cavabı olduqca əhəmiyyətlidir, Həzrət buyurur:

«فقال ما فعلته إلا بأمر ربّي»

“Mən ancaq Allah-taalanın mənə buyurduğu göstərişinə əməl etdim.”

Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) Fatimei-Zəhraya (əleyhasəlam) nisbət bəslədiyi bu ehtiram, ata və övlad duyğusu üzündən və ya Xanım Zəhranın pak-pakizə bir müsəlman qadın olması yönündən də deyil, əslində bunlardan daha yüksək bir səbəbdən, yəni Allahın əmrinə əsasən olmuşdur. Peyğəmbər (sallallahu əleyhi və alih) ən şərəfli məxluq olaraq, Allahın əzəmət nurundan yaranmış bu şəxsə nisbət, gərək xalqın gözləri önündə belə hörmət bəsləsin və onunla bu cür məhəbbətlə davransın.

Bu məsələ bizi vadar edir ki, Fatimei-Zəhranın (əleyhasəlam) şəxsiyyəti barədə bir qədər artıq araşdırma aparaq, gərək dərslərimizdə və mütaliəmizdə Fatiməni tanımaq bəhsini genişləndirək. Həzrət Fatimənin (əleyhasəlam) haqqında çoxlu hədislər nəqi olunmuşdur, onların hər biri barədə ayrıca kitablar yazılıb, bəhslər edilməlidir. Bu günlərdə və mənbərlər üstündə Həzrətin əzəməti və Allah-taalanın bu şərafətli vücuda inayəti barədə xalqa daha geniş məlumat verək.

Fədəkin qəsb edilməsi

Bu barədə iki əsaslı məsələ də vardır. Onlardan biri həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) vəfatından sonra Fədəkin qəsb edilməsidir. Fədək Peyğəmbərin zamanında üç il həzrət Zəhranın (əleyhasəlam) ixtiyarında idi və Həzrət orada işləmək üçün bir sıra insanları təyin etmişdir, onlar orada işləyirdilər və Fədək onun əlində idi. Saxta və o zamana qədər heç kəsin eşitmədiyi bir saxta hədisin bəhanəsi ilə Fədək qəsb edildi. Bu qondarma hədis belədir:

«نحنُ معاشر الانبياء، ما ترکناه صدقة»

“Biz peyğəmbərlər özümüzdən sonra (heç bir şeyi irs qoymarıq) hər şey qalsa, sədəqədir (və ümumi xalqa çatmalıdır).”

Hədis bəhslərində və tarixi məsələlər baxımından bu saxta hədisin çoxlu nöqsanları vardır. Bu hədis Qurani-kərimlə təzadlı şəkildə müxalifdir, açıq-aşkar Quran ayələri ilə müxalifdir, indi bu bəhslərə varid olmuram. Amma bunu demək istəyirəm ki, görəsən, hamının gözləri önündə Peyğəmbər tərəfində bu qədər ehtiram göstərilən Peyğəmbər qızı, Əbu Bəkrin özü bunu görmüşdü, özü bu hədisi nəql etmişdir ki, Xanım Zəhra həm daxil olanda Peyğəmbər onun istiqbalına gedib əllərini öpdü və həm də xaric olanda bu ehtiramı təkrar olaraq ona göstərdi, Peyğəmbər buyurdu, bu hörməti Allahın göstərişinə xatir edirəm... Sual budur ki, Fatimə (əleyhasəlam) “Fədək mənimdir və Peyğəmbər tərəfindən mənə verilmişdir” – deyə, buyurduqda, nə üçün Əbu Bəkr ondan bu sözü üçün şahid tələb etmişdir? Burada olduqca çoxlu suallar yaranır. Allahın əzəmət nurundan yaranmış Fatimə və Peyğəmbərin xüsusi ehtiramına layiq görülmüş və “Siddiqə” olub, haqq danışmaqda qadınlar arasında misli olmayan xanımın sözü nə üçün qəbul edilməməlidir? Nə üçün ona deyilməlidir ki, dediyin sözə şahid gətir? Nə üçün ömürlərinin sonuna qədər öz evlərində qalan və “bu evlər bizimdir” deyən, Peyğəmbərin digər qadınlarından şahid tələb edilmədi və onlara etiraz olunmadı ki, evdən çıxın, çünki Peyğəmbər özündən sonra heç bir şeyi bir kimsəyə irs qoymamışdır?!

Bu məsələni ərz edim ki, şiə və sünni  məzhəbinin dini hökmlərində, əgər iddiaçı bir şahid ilə bərabər and içərsə, onun iddiası sabit olar. Şəxsin özü deyir və and içir ki, bu mənim malımdır, üstəlik bir şahid də gətirir. Əmirəl-möminin (əleyhissəlam) şəhadət verdi, Həsən və Huseyn (əleyhiməssəlam) şahid oldular, lakin qəbul etmədilər. Əmirəl-möminin barədə Peyğəmbər səhabələri eşitmişdilər ki, «اقضاکم عليّ» - sizin heç biriniz qəzavətdə Əlidən üstün deyilsiz. Əmirəl-möminin Əbu Bəkrə buyurdu: “Əgər müsəlman olan bir kəsin əlində müəyyən bir mal olsa və mən iddia etsəm ki, o mənim malımdır, bu halda sən məndən dəlil istərsən, yaxud mal əlində olan kəsdən? Ərz etdi: Səndən dəlil istərəm. Buyurdu: Fədək Fatimənin əlindədir və üç ildir ki, onun ixtiyarındadır, həzrət Zəhranın tərəfindən təyin edilmiş işçilər orada çalışırlar. Demək, Fədəkin ona məxsus olmadığını iddia edən şəxs gərək dəlil gətirsin, nə üçün Fatimədən dəlil tələb edirsən? Əbu Bəkr burada duruxdu! Doğrudur, sonda sabit oldu ki, Fədək həzrət Fatimənindir və bu barədə sənəd də yazdı, lakin başqası gəlib o sənədi götürdü və cırıb atdı.

(ardı var)



Etiketlər :

Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) həzrət Siddiqəyə olan ehtiram və hörməti