Həzrət Əliyyən-Nəqi imam Hadi əleyhissəlamın şəhadəti

24 December 2025

04:13

۱

Xəbərin xülasəsi :
Hicri-qəməri 1447-cı il, rəcəb ayının 3-ü, miladi 2025-ci il dekabrın 24-ü məşhur nəzərə əsasən, vilayət və imamət səmasının onuncu parlaq ulduzu həzrət Əliyyən-Nəqi imam Hadi əleyhissəlamın şəhadət günüdür
آخرین رویداد ها

Bismillahir-Rahmənir-Rahim

Həzrət Əliyyən-Nəqi imam Hadi əleyhissəlamın şəhadəti

Hicri-qəməri 1447-cı il, rəcəb ayının 3-ü, miladi 2025-ci il dekabrın 24-ü məşhur nəzərə əsasən, vilayət və imamət səmasının onuncu parlaq ulduzu həzrət Əliyyən-Nəqi imam Hadi əleyhissəlamın şəhadət günüdür. Bu böyük əza gününü o həzrətin əziz nəvəsi həzrət imam Sahib əz-Zamana (Allah onun zühurunu tezləşdirsin) təsəlli deyir və Əhli-Beyt əleyhimussəlamın həqiqi şiələrinə, eləcə də bütün haqsevən insanlara başsağlığı veririk.

Ümid edirik Əhli-beyt məktəbinin davamçıları o həzrətin ziyarətindən məhrum qalmasınlar və bu şəhadət günündə hüzn-kədərləri ilə Peyğəmbər və Ali Peyğəmbərə (sallallahu əleyhi və alih) təsəlli və onların qəm-qüssələrinə şərik olsunlar, inşa Allah.

Məşhur nəzərə əsasən, həzrət imam Əli ibn Muhəmməd Əl-Hadi (əleyhiməssəlam) 212-ci hicri qəməri zil-hiccə ayının 15-i müqəddəs Mədinə şəhəri yaxınlığında Sər`a adlı bir məntəqədə dünyaya gəlmişdir.

Əziz atası həzrət imam Muhəmməd Təqi (əleyhissəlam) və hörmətli anası Səmanəye Məğribiyyədir.

Hicri qəməri 220-ci ildə atası həzrət Cavadın (əleyhissəlam) şəhadətindən sonra imam Hadi əleyhissəlam əziz atası kimi təqribən səkkiz yaşında imamət məqamına çatmış və imamət dövrü təqribən 33 il davam etmişdir.

Abbasi xəlifəsi Mutəvəkkil imam Hadi əleyhissəlamın Mədinədə şöhrət və nüfuzunun artmasına mane olmaq və o Həzrəti nəzarət altında saxlamaq məqsədilə hicri qəməri 233-cü ildə (bəzi nəqllərə əsasən, 243-cü ildə) həzrət Əli ibn Muhəmmədi (əleyhiməssəlam) Samirra şəhərinə gətirmiş və orada xəlifənin əsgərlərinin yerləşdiyi bir məkanda onun üçün mənzil təyin etmişdir.

Mərhum Şeyx Mufidin yazdığına əsasən, həzrət Hadi əleyhissəlam 20 il 9 ay müddətində Samirrada qaldıqdan sonra hicri qəməri 254-cü il rəcəb ayının 3-də 41 yaşında ikən Abbasi xəlifəsi Mutəzzin zamanında zəhərlənmiş və şəhadətə çatmışdır.

Samirrada, yaşadığı evdə dəfn edilmişdir. Abbasi xəlifəsi dəfn mərasiminə çatmazdan əvvəl həzrət imam Həsən Əskəri (əleyhissəlam) əziz atasının meyit namazını qılmışdır.

Hazırda həzrət imam Hadi və imam Həsən Əskərinin (əleyhiməssəlam) müqəddəs məzarları Samirra şəhərində Əhli-Beyt (əleyhimussəlam) aşiqlərinin ziyarətgahı və din mərkəzlərindən biri kimi məşhurdur.

Həzrət Hadi əleyhissəlamın dürəfşan kəlamlarından 

Həzrət buyurur:

ألنّاسُ فِی الدُّنیا بِالأموالِ، وَ فِی الآخِرَةِ بِالأعمَالِ 

“İnsanlar bu dünyada mallarına, axirətdə isə əməllərinə görə qiymətləndirilirlər.”

Mənbə: Ə`lamud-din, səh.315

Həmçinin buyurur:

اِذَا کَانَ زَمانُ العَدلِ فیهِ أَغلَبَ مِنَ الجَورِ فَحَرامٌ أَن یَظُنَّ بِاَحَدٍ سُوءً حَتّی یَعلَمَ ذالِکَ مِنهُ و اِذَا کَانَ زَمانُ الجَورِ أَغلَبَ فیهِ مِنَ العَدلِ فَلَیسَ لِأَحَدٍ أَن یَظُنَّ بِاَحَدٍ خَیراً ما لَم یَعلَم ذالِکَ منهُ 

 “Hər zaman cəmiyyətdə ədalətə, zülm və sitəmdən daha çox əməl edilsə, camaata bədgüman olmaq haramdır, məgər birisinin pisliyinə və haqsızlığına yəqin edilsin. Amma hər zaman cəmiyyətdə zülm və cəfa, ədalətdən daha çox və üstün olsa, camaatın xeyirxahlığı və yaxşılığına ümidvar olmaq düzgün deyil, məgər bir şəxsin yaxşılığı və xeyirxahlığına yəqin və elm hasil olsun”.

Mənbə: Mustədrəkul-vəsail, cild-9, səh. 146


Etiketlər :

Həzrət Əliyyən-Nəqi İmam Hadi əleyhissəlamın şəhadəti