Həzrət Zeynəbi-Kubranın (əleyhasəlam) vəfatı

31 January 2026

10:23

۱۶

Xəbərin xülasəsi :
Hicri-qəməri 1447-ci il rəcəb ayının 15-i, miladi 2026-cı il yanvarın 5-i Əhli-Beyt xanədanının ilk qız övladı, Əmirəl-möminin Əlinin (əleyhissəlam) zinəti, Kərbəla qiyamının davamçısı, müsibətlər anası həzrət Zeynəbi-Kubra əleyhasəlamın şəhadət simalı vəfatının ildönümüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Zeynəbi-Kubranın (əleyhasəlam) vəfatı

Hicri-qəməri 1447-ci il rəcəb ayının 15-i, miladi 2026-cı il yanvarın 5-i Əhli-Beyt xanədanının ilk qız övladı, Əmirəl-möminin Əlinin (əleyhissəlam) zinəti, Kərbəla qiyamının davamçısı, müsibətlər anası həzrət Zeynəbi-Kubra əleyhasəlamın şəhadət simalı vəfatının ildönümüdür.

Həzrət Əlinin (əleyhissəlam) və həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) qəm, qüssə, hüzn və müsibətlə qocalan bu dözümlü və istiqamətli qızı, tarixdə həzrət Seyyiduş-şuhədanın (əleyhissəlam) və Kərbəla şəhidlərinin adları yaşadıqca yaşayacaqdır.

Səbir və təqva nümunəsi, Bəni Haşimin əqiləsi, Ali Əlinin reyhanəsi həzrət Zeynəbin (əleyhasəlam) bu əzəmətli və qüssəli gündə vəfat etməsini Əhli-beytin (əleyhimussəlam) hüzuruna, xüsusən ağamız həzrət Sahib-əz Zaman əleyhissəlama (Allah o Həzrətin zühurunu tezləşdirsin) təsəlli deyir və bütün şiələrə başsağlığı bildirərək, əziz mömin və möminə bacı-qardaşlara Kərbəla aşiqlərinə münasib və layiqli əməl, rəftar və həyat arzulayırıq.

Həzrət Zeynəbi-Kubranın (əleyhasəlam) əziz atası imam Əli ibn Əbi Talib (əleyhiməssəlam), mehriban və sevimli anası Xanım Fatimei- Zəhra əleyhasəlamdır.

Xanım Zeynəb əleyhasəlam hicrətin 6-cı ilində müqəddəs Mədinə şəhərində dünyaya gəlmişdir.

Həzrət Zeynəbin (əleyhasəlam) coxsaylı ləqəbləri vardır ki, onların hər biri bu böyük və əzəmətli insanın xüsusi bir fəzlət və məqamına işarədir, ən məşhur ləqəblərindən bəziləri bunlardır:

Əqiləye Bəni Haşim, Alimətun qeyrə muəlləmə, Fəhimətun qeyrə mufəhhəmə, Arifə, Muvəssəqə, Fazilə, Kamilə, Abidəye Ali Əli, Siddiqeye Suğra, Məsuməye Suğra, Naibətuz-Zəhra (əleyhasəlam), Naibətul-Husəyn (əleyhissəlam), Şərikətuş-Şuhəda, Bəliğə, Fəsihə, Şərikətul-Husəyn (əleyhissəlam), Məhbubətul Mustəfa (sallallahu əleyhi və alih)...

Həzrət Zeynəb (əleyhasəlam) həyatda bir çox çətinliklər ilə üzləşdiyi üçün ona Ummul-Məsaib ləqəbi də verilmişdir; Hələ uşaq yaşlarında Kəramətli babası həzrət Rəsuləllahı (sallallahu əleyhi və alih) və az sonra mehriban anasını itirmişdir. Təqribən 34 yaşında əziz atası Əmirəl-möminin əleyhissəlamın və 44 yaşında istəkli qardaşı həzrət imam Həsən əleyhissəlamın şəhadətinin şahidi olmuşdur.

Hicri-qəməri 61-ci ildə Kərbəla vaqeəsini öz gözləri ilə görmüş və bu böyük qəm-qüssəli hadisənin, o cümlədən, həzrət imam Huseyn əleyhissəlamın və Bəni-Haşim cavanlarının, həmçinin öz iki oğlunun şəhadətinin şahidi olmuşdur. Sonra əsir halında, Kufə və Şam şəhərlərinə aparılmış və təqribən Kərbəlanın acı vaqeəsindən bir il yarım keçdikdən sonra şəhadətə yetmişdir.

Həzrət Zeynəbi Kubranın (əleyhəssalam) vəfat tarixi ilə bağlı müxtəlif nəzərlər vardır, lakin məşhur nəzərə əsasən, hicri-qəməri 62-ci ilin rəcəb ayının 15-də Kərbəla müsibətlərinə və əsarət əzablarına dözdükdən sonra 57 yaşında Allahla görüşə tələsmiş və Haqqın yanında rahatlıq tapmışdır.

Bir daha Peyğəmbər sülaləsinin (sallallahu əleyhi və alih) bu əzəmətli Xanımının vəfatı münasibətilə bütün müsəlmanlara başsağlığı və təsəlli deyirik.

Allah həqiqi bəndələrinin dualarını qəbul etsin, Amin!


Etiketlər :

Həzrət Zeynəbi-Kubranın (əleyhasəlam) vəfatı