Həzrət Əbulfəzl Abbasın (əleyhissəlam) təvəllüd günü
31 January 2026
10:23
۷
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Əbulfəzl Abbasın (əleyhissəlam) təvəllüd günü
Hicri-qəməri 1447-cı il əzəmətli şəban ayının 4-ü, miladi 2026-cı il yanvarın 24-ü həzrət Əli ibn Əbi Talibin (əleyhiməssəlam) dilavər və igid oğlu, imam Huseynin (əleyhissəlam) Kərbəla vaqiəsində döyüşçülərinin sərkərdəsi, şücaət, fədakarlıq, vəfadarlıq, cavanmərdlik rəmzi olan həzrət Qəməri Bəni Haşim Əbul-Fəzlil Abbas əleyhissəlamın təvəllüd günüdür.[1]
Bu gözəl və sevindirici gün münasibətilə öncə intizarında olduğumuz Allah-təalanın yer üzərindəki sonuncu hüccəti mövlamız həzrət Sahib Zamana (Allah Taala onun şərəfli zühurunu tezləşdirsin), eləcə də Əhli-beyt (əleyhimussəlam) məktəbinin mömin bacı və qardaşlarına təbrik deyirik.
Ümid edirik bütün müsəlmanlar bu günün mövludu kimi dini və ictimai həyatlarında həmişə Allah-təalaya, Qurani-Kərimə və İlahi vilayətin öhdəçilərinə itaətkar və vəfalı olsunlar və dini əmrləri yerinə yetirməyi hər bir işdən üstün tutsunlar, Amin ya Rəbbil aləmin.
Həzrət Abbas ibn Əli (əleyhiməssəlam) hicri qəməri 26-cı ildə şəban ayının 4-ü müqəddəs Mədinə şəhərində dünyaya göz açmışdır.
Əziz atası həzrət Əmirul-möminin Əli ibn Əbi Talib əleyhiməssəlam və möhtərəm anası Ummul-Bənin Fatimə bint Hizam Kilabiyyə (əleyhasəlam) olmuşdur.
Həzrət Əbulfəzl Əl-Əbbasın (əleyhissəlam) məşhur adı Əbbasdır və bir sıra münasibətlə yüksək mənalı ləqəbləri, o cümlədən, Əbul-Fəzl, Əbul-qərəbə, Qəməri Bəni Haşim, Babul-həvaic, Əbdus Saleh və Səqqa olubdur.[2]
O Həzrət gözəl simalı olduğu üçün ona Qəməri Bəni-Haşim ləqəbi vermişlər. Uca boylu, güclü qolları var idi, atın belinə oturarkən dizləri atın boynuna qədər çatardı. Şücaətində həzrət imam Həsən və imam Huseyndən (əleyhiməssəlam) sonra həzrət Əmirul-möminin Əlinin uşaqlarının arasında ən irəlidə dururdu. O Həzrət imam Huseynin (əleyhissəlam) ordusunun başçısı və Kərbəla məzlumunun ələmdarı idi.[3]