Həzrət Əli Əkbər əleyhissəlamın mövludu
31 January 2026
10:24
۲
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Əli Əkbər əleyhissəlamın mövludu
Hicri-qəməri 1447-ci il şəban ayının 11-i, miladi 2026-cı yanvarın 31-i həzrət imam Huseynin (əleyhissəlam) sevimli böyük oğlu, Kərbəla qəhrəmanı həzrət Əli Əkbər əleyhissəlamın təvəllüd günüdür. Bu fərəhli və şad günün münasibətilə həzrət Sahib-zamana (Allah onun gəlişini tezləşdirsin) və bütün Əhli-beyt (əleyhimussəlam) sevərlərinə təbrik deyir və Allah-təaladan o Həzrətin yolunun davamçılarından olmağı diləyirik.
Həzrət Əli Əkbər əleyhissəlamın dünyaya gəlişi barəsində tarixi mənbələrdə yazılanlara əsasən, bu tarixin hicri 33-cü ilinə müsadif olması göstərilir.
Həm zahiri görünüşcə, həm də əxlaqi dəyərləri baxımından həzrət Peyğəmbəri-əkrəmə (sallallahu əleyhi və alih) çox oxşarı olduğu üçün Əli Əkbər əleyhissəlam bütün Əhli-beyt (əleyhimussəlam) üzvlərinin yanında böyük hörmət və məhəbbət qazanmışdır.
O həzrətin adı Əli, əziz atasının adı Huseyn (əleyhissəlam), mehriban anası isə Səqəfi tayfasından olan Murrətin qızı Leyladır.[1]
Həzrət imam Huseyn əleyhissəlamın böyük oğlu olduğu üçün o həzrətə Əli Əkbər adı verilmişdir. Həzrət imam Sadiq əleyhissəlamdan nəql olunan hədisdə deyilir ki, həzrətin kunyəsi Əbul-Həsən olmuşdur.[2]
Cənab Bəzəntinin nəql etdiyi hədisin dəlalətinə əsasən, həzrət Əli Əkbər əleyhissəlam izdivac etmişdir.[3]
Həmçinin, imam Sadiq əleyhissəlamdan yetişən ziyarətnamədə həzrət Əli Əkbərin (əleyhissəlam) barəsində belə oxuyuruq:
"صلی اللَّه علیک و علی عترتک و اهل بیتک و آبائک و ابنائک و امهاتک الاخیار الذین أذهب عنهم الرجس و طهرهم تطهیراً"
“Allah-taalanın salam və salavatı sənə və ailənə, Əhli-beytinə, nənə və babalarına və övladlarına olsun, o kəslər ki, xeyirxah və ən yaxşı insanlardır və Allah-taala onlardan hər növ pisliyi və xoşagəlməzliyi uzaqlaşdırmış və onları pak-pakizə etmişdir.”
Bu ziyarətnamədə oxuduğumuz: “ابنائک” – övladlarına kəlməsindən belə məlum olur ki, həzrət Əli Əkbər əleyhissəlamın ikidən artıq övladı olmuşdur.[4]
Kərbəla vaqiəsinin 61-ci ildə olmasını nəzərə alsaq, belə nəticə əldə edirik ki, o həzrətin mübarək həyatı 27 ilə çatdıqda şəhadətə yetişmişdir.
Sevindirici haldır ki, görünüş, əxlaq və danışıq baxımdan Peyğəmbəri-Əkrəmi (sallallahu əleyhi və alih) xatırladan Kərbəla hadisəsində misli görünməyən rəşadətlər göstərən Əhli-beytin (əleyhimussəlam) bu cavan və sevimli şəxsiyyətinin mövlud gününü bütün şiələr ümumi şəkildə “Cavanlar günü” – bayramı olaraq qeyd edir və bununla da əziz cavanlarımıza bu böyük şəxsiyyətin İmamət və Vilayət yolunda getdiyi yolu davam etdirməyi diləyirlər.
Bir daha bütün mömin bacı-qardaşları bu əziz bayram münasibətilə təbrik edir, onlara Quranın və Əhli-beytin (əleyhimussəlam) tövsiyələrinə əməl etməyi arzulayırıq.
Həzrət Əli Əkbər əleyhissəlamın vəsfində
Həzrət Rəsuləllaha (sallallahu əleyhi və alih) ən çox oxşarı olan şəxs
Aşura günündə Əli Əkbər əleyhissəlam döyüş meydanına gedərkən həzrət imam Huseyn əleyhissəlam kövrəlmiş halda Allah-taalaya xitabən ərz edir:
«اللّهُمَّ اِشهَد عَلَى هَؤُلاءِ القَومِ، فَقَد بَرَزَ إلَیهِم غُلامٌ أشبَهُ النَّاسِ خَلقاً و خُلُقاً و مَنطِقاً بِرَسولِکَ مُحَمَّدٍ صُلَّىاللهعَلَیهوَآلِه، كُنّا إذَا اشتَقنَا إلى وَجهِ رَسولِکَ نَظَرنا إلى وَجهِهِ.»
“Allahım! (Bizi savaşa vadar edən) bu zalım insanlara Özün şahid ol! Həqiqətən, onların döyüşünə elə bir cavan gedir ki, o, Sənin Rəsulun həzrət Muhəmmədə (sallallahu əleyhi və alih) xalq arasında əxlaqi səciyyələrdə, xilqətində (zahiri və batini xüsusiyyətlərində), məntiq və danışığında ən çox oxşarı olan bir şəxsdir. Biz hər zaman Sənin Peyğəmbərinin mübarək surətini görməyə müştaq olduqda bu cavanın surətinə nəzər salardıq...” [5]
İltimas dua!
[1] “Əli Əkbər”, mərhum Muqərrəm, səh. 15-16
[2] “Kamiluz-ziyarat”, səh. 240
[3] “Əli Əkbər”, mərhum Muqərrəm, səh. 19
[4] “Əli Əkbər”, mərhum Muqərrəm, səh. 20
[5] “Luhuf”, səh. 95