pic
pic

Həzrət İmam Həsən ibn Əli əleyhiməssəlamın şəhadəti

Xəbərin xülasəsi :
Hicri-qəməri 1439-cu il səfər ayının 7-si, milady 2017-ci il oktyabr ayının 27-si mötəbər rəvayətə əsasən, Əhli-Beytin (əleyhimussəlam) imamət səmasının ikinci parlaq ulduzu həzrət Həsən ibn Əli əleyhiməssəlamın şəhadəti günü ilə müsadifdir. Bu böyük müsibəti ilk növbədə Allahın yer üzündəki sonuncu hüccət və bərhəqq olan məsum İmam, həzrət Məhdi Sahib əz-Zamana təsəlli deyir, həmçinin bütün mömin bacı-qardaşlara başsağlığımızı çatdırırıq

Bismilləhir-Rahmənir-Rahim

Həzrət İmam Həsən ibn Əli əleyhiməssəlamın şəhadəti

Hicri-qəməri 1439-cu il səfər ayının 7-si, milady 2017-ci il oktyabr ayının 27-si mötəbər rəvayətə əsasən, Əhli-Beytin (əleyhimussəlam) imamət səmasının ikinci parlaq ulduzu həzrət Həsən ibn Əli əleyhiməssəlamın şəhadəti günü ilə müsadifdir. Bu böyük müsibəti ilk növbədə Allahın yer üzündəki sonuncu hüccət və bərhəqq olan məsum İmam, həzrət Məhdi Sahib əz-Zamana təsəlli deyir, həmçinin bütün mömin bacı-qardaşlara başsağlığımızı çatdırırıq.

Həzrət Əli əleyhissəlamın Peyğəmbərin (səlləllahu əleyhi və alih) əziz qızı xanım Zəhra (səlamullahi əleyha) ilə evlənməsinin ilk meyvəsi şiələrin ikinci İmamı Həzrət Həsən Müctəba (əleyhissəlam) hicrətin üçüncü ili, ramazan ayının on beşində Mədinə şəhərində dünyaya gəlmişdir.

Həzrət İmam Həsən (əleyhissəlam) öz cəddinin dövrünü çox görməmişdi. Çünki İmam Həsən (əleyhissəlam) təxminən yeddi yaşında olarkən Peyğəmbər (səlləllahu əleyhi və alih) dünyadan köçmüşdü. Peyğəmbərdən (səlləllahu əleyhi və alih) sonra təxminən otuz il atası Əli əleyhissəlamla birgə olmuşdur. Atasının şəhadətindən (hicrətin qırxıncı ilindən) sonra  on il müddətinə qədər müsəlmanlara İmamlıq (başçılıq) etmiş və nəhayət hicrətin əllinci ilində Müaviyənin hiyləsi ilə qırx səkkiz yaşında zəhərlənmiş və şəhadətə qovuşmuşdur. Müqəddəs məzarı Mədinə şəhərindəki Bəqi qəbiristanlığındadır.

İkinci İmam elm, təqva, zahidlik və ibadətlə yanaşı eyni zamanda öz dövrünün səxavətli şəxsi məzlumların köməkçisi miskinlərə kömək edən bir şəxs kimi də tanınmışdır. O Həzrətin vücudu dərdli ürəklərin, fağır və imkansızların pənahı ehtiyacı olanların ümid yeri idi. Belə ki, bir kasıb belə onun evindən əliboş geri qayıtmamışdır. Qəlbi sınmış hər hansı bir şəxs dərdini ona açıb söyləsəydi, İmam (əleyhissəlam) onun dərdinə mütləq bir məlhəm qoyardı. Hətta bəzi vaxtlar imkansız şəxs özü ehtiyacını deməzdən və xəcalət təri tökməzdən qabaq İmam (əleyhissəlam) onun ehtiyacını ödəyər və ona xəcalət təri tökməyə utanmağa icazə verməzdi.

Tanınmış əhli-təsənni alimi Cəlaləddin Süyuti öz kitabında yazır: «Həsən ibn Əli (əleyhissəlam) bir çox əxlaqi dəyərlər və insani fəzilətlərə malik idi. O, alicənab, səbirli, vüqarlı, mətin, səxavətli və camaatın hörmət bəslədiyi (rəğbətini qazanmış) bir şəxsiyyət idi.»[1]

İmam Həsən əleyhissəlamın həyatının ən əsas və ən mühüm hissəsi onun Müaviyə ilə sülh bağlaması və İmamın məcburi şəkildə xilafətdən, eləcə də İslam hökumətindən kənarlaşdırılmasıdır. İmam əleyhissəlamın həyatının bu hissəsi barədə çoxlu söhbətlər olmuş və hətta bu hissə diqqətsiz dostların və qərəzçi düşmənlərin səhvə yol verməsinə səbəb olmuşdur.

İmam Həsən əleyhissəlamın haqq yolunda fədailiyi o dərəcədə idi ki, Həzrət Əli (əleyhissəlam) Siffeyn döyüşündə öz səhabələrinə deyirdi ki, Həsən və qardaşı Hüseynin (əleyhiməssəlam) mübarizə etməkdən qarşısını alın, məbada onların ölümü ilə Peyğəmbərin (səlləllahu əleyhi və alih) nəsli kəsilə.[2]

Burada həzrət İmam Sadiq əleyhissəlamın şiələrə vəsiyyətinin bir hissəsinə işarə edirik, Həzrət Buyurur:

«(Ey şiələr!) Allahdan qorxun və biz Әhli-beytə eyb yox, zinət olun. Xalqın məhəbbətini bizə cəlb edin və bizi hər cür pislikdən uzaq bilin... Bizim, Allahın kitabında (bəyan edilmiş) haqqımız, Onun Peyğəmbərinə (sallallahu əleyhi və alih) əqrəbalığımız, pərvərdigar tərəfindən müqəddəsliyimz (hər cürə pislikdən uzaq və pak olmağımız) və pak bir vilayətimiz (qəyyumluğumuz) vardır. Hər kəs bunların bizdən ayrı olmasını iddia edərsə, yalançıdır. Allahı və ölümü yad eləməyi, Qurani-kərimi tilavət eləməyi və Peyğəmbərə (sallallahu əleyhi və alih) salavat göndərməyi mümkün qədər çoxaldın. Çünki, Peyğəmbərə (sallallahu əleyhi və alih) salavat göndərməyin on savabı vardır».[3]

(İltimasi dua)

[1] Tarixul-xuləfa, səh. 189

[2] Şərhu Nəhcul-bəlağə (İbn Əbil Hədid), cild-11, səh. 25, xütbə 200

[3] Məkarimul-əxlaq, mərhum Təbərsi, səh.66