Həzrət Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü
26 December 2024
20:23
۸۶۱
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Həzrət imam Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü
Hicri-qəməri 1442-ci il məhərrəm ayının 12-i, miladi 2020-ci il sentyabrın 1-i həzrət Seyyiduş-şuhədanın əziz oğlu, Kərbəlada Bəni-Uməyyə kafirlərinin törətdikləri faciənin şahidi həzrət imam Əli ibn Huseyn Zeynul-Abidin əleyhiməssəlamın şəhadət günüdür. Bu əzəmətli müsibət gününü ilk növbədə o Həzrətin əziz övladı həzrət Sahibuz-Zəmana (Allah-taala onun gəlişini tezləşdirsin), eləcə də Əhli-beyt (əleyhimussəlam) məktəbinin bütün davamçılarına və məhərrəm ayında matəm və əza saxlayan mömin bacı-qardaşlara böyük hüznlə təsəlli və başsağlığı deyirik. Ümid edirik möminlər Tasua və Aşurada olduğu kimi bu günün hörmətini saxlayacaq və layiqincə Peyğəmbər və Əhli-beytin (əleyhimussəlam) qəm-qüssəsinə şərik olacaqlar, inşa Allah.
Günün hədisi
Həzrət Rəsulullah (sallallahu əleyhi və alih) hələ doğumundan təqribən otuz il əvvəl imam Səccad əleyhissəlamın şənində buyurur:
"أَنَّ رَسُولَ اللَّهِ (صلی الله عليه و آله) قَالَ إِذَا كَانَ يَوْمُ الْقِيَامَةِ يُنَادِي مُنَادٍ أَيْنَ زَيْنُ الْعَابِدِينَ فَكَأَنِّي أَنْظُرُ إِلَى وَلَدِي عَلِيُّ بْنُ الْحُسَيْنِ بْنِ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ يَخْطُو بَيْنَ الصُّفُوف"
“Qiyamət günü bərpa edilən zaman (Allah-təala tərfindən olan) bir Hatifdən belə bir nida gələcəkdir: Zeynul-abidin haradadır? Mən hazırda sanki o günü görürəm ki, oğlum Əli ibn Huseyn ibn Əli ibn Əbi Talib cəmiyyət arasından addımlayaraq irəli gəlir.”[1]
Bu mübarək hədisdə Peyğəmbəri-əkrəm (sallallahu əleyhi və alih) imam Səccad əleyhissəlamın Allah-təala yanında Zeynul-abidin adlanmasını bəyan etməklə o Həzrətin insanlarla müqayisədə “Abidlərin zinəti” ləqəbinə layiq görülməsini təsdiqləmişdir. Beləliklə, hədisə əsaslanmaqla qəti şəkildə demək olar ki, həzrət Zeynul-abidin əleyhissəlam əvvəldən sona qədər bütün ibadət və itaət əhlinin zinəti və yaraşığı olmuşdur.
İltimas dua!