Bismilləhir-Rahmənir-Rahim
Həzrət Həmzə Seyyiduş-şuhədanın
(əleyhissəlam) şəhadəti
Hicri-qəməri 1445-ci il şəvval
ayının 15-i, miladi 2024-cw il aprel ayının 24-ü həzrət Peyğəmbərin (sallallahu
əleyhi və alih) hörmətli əmisi və İslam hərbi qüvvələrinin sərkərdəsi həzrət Həmzənin
(əleyhissəlam) şəhadət günüdür. Bu qəmli günü bütün müsəlmanlara təsəlli və
başsağlığı deyirik.
Hicrətin 3-cu ilində “Uhud” döyüşü
günündə həzrət Seyyiduş-şuhəda Həmzə (əleyhissəlam) və əlavə 69 nəfər müsəlman
döyüşçüləri şəhadətə yetmişlər.
Bəzi tarixçilər Uhud döyüşünün tarixinin şəvval ayının 17-də baş verməsini qeyd
etmişlər.
Bu döyüşdə kafirlər və
müşrüklərlə döyüşən müsəlmanların sayı 1000 nəfərə çatmışdır. Lakin belə
yazırlar ki, Mədinə şəhərində olan münafiq və qəlblərində nifaq mərəzi olan
ikitirəlik salmaq istəyənlərin təbliğatı nəticəsində müsəlmanlardan üç yüz nəfərə
yaxını yoldan geri dönmüşlər və döyüşdə yalnız 700 nəfər müsəlman qalmışdır.
Kafirlərin sayına gəldikdə isə onların 3000 nəfər olduğunu qeyd etmişlər. Bəzi
tarixçilər kafirlərin 2000 yaxud 4000 və ya 5000 olduğunu da yazmışlar. Müsəlmanların
məğlubiyyəti ilə nəticələnən bu döyüşdə kafir döyüşçülərindən 22, ya 23 və ya
24 nəfər qətlə yetirilmiş, müsəlmanlar isə 70 şəhid vermişlər.
Uhud döyüşündə həzrət Peyğəmbəri-
əkrəmi (sallallahu əleyhi və alih)
müdafiəsində son dərəcə fədakarlıq və şücaət göstərən Əmirəl-möminin Əli
əleyhissəlamın bədəninə çoxlu qılınc yaraları dəymişdir. Halbuki döyüşün
ortalarında həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) şəhadət şayeəsini
eşidən əksər müsəlmanlar o Həzrəti döyüş meydanında tək qoyub döyüşdən
qaçmışlar. Müqəddəs Qurani-kərim bu mövzuya bir neçə yerdə üstü örtülü şəkildə
işarə etmişdir və Ali-İmran surəsinin 153-cü ayəsində nisbətən açıq şəkildə bu
məsələni bəyan buyurmuşdur.
Həzrət Əli əleyhissəlamın digər
döyüşlərdə olduğu kimi Uhud döyüşündə də vəsfəgəlməz şücaəti bütün tarixçilərin
əsərində öz əksini tapmışdır. Yazırlar ki, döyüş əsnasında həzrət Peyğəmbər
(sallallahu əleyhi və alih) həzrət Əli əleyhissəlama buyurmuşdur: Ya Əli!
Eşidirsənmi, Allah-taalanın mələkləri səmadan səni alqışlayır və mədh edirlər?
Rizvan adında olan bir mələk belə deyir:
"لا سيف
الا ذو الفقار و لا فتی الا علی"
“Qılınclar arasında ancaq Zulfüqar, cavanlar arasında ancaq
Əlidir!”
(Zülfüqar həzrət Əli əleyhissəlamın qılıncının adı olmuşdur. Bu qılıncın
barəsində tarixçilər çox söz yazmışlar, lakin burada qısa şəkildə bunu demək
olar ki, bu kəsici qılınc həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) tərəfindən Əmirəl-mömininə
(əleyhissəlam) hədiyyə verilmişdir.)