Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü

16 October 2026

12:54

۰

Xəbərin xülasəsi :
Hicri-qəməri 1448-ci il cumadil-ula ayının 5-i, miladi 2026-cı il oktyabrın 16-ı həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) nəvələri arasında, vilayət bağının ilk nərgizi, iman və təqva, elm və mərifət, səbir və dözüm, həya, iffət və digər insani fəzilətlərlə tanınmış kamil bir insanın, həzrət Zeynəbi-Kubranın (əleyhasalam) təvəllüd günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü

Hicri-qəməri 1448-ci il cumadil-ula ayının 5-i, miladi 2026-cı il oktyabrın 16-ı həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) nəvələri arasında, vilayət bağının ilk nərgizi, iman və təqva, elm və mərifət, səbir və dözüm, həya, iffət və digər insani fəzilətlərlə tanınmış kamil bir insanın, həzrət Zeynəbi-Kubranın (əleyhasalam) təvəllüd günüdür.

Zeynəbi-Kubra (əleyhasalam) bütün dünya qadınları arasında nümunədir və hər yerdə səbir, dözüm və dəyanət mənaları gəlsə, bu böyük şəxsiyyətin adı ilk olaraq zehinlərdə hallanır.

Əhli-Beyt əleyhimussəlam üçün böyük sevinc və şadlıq günü olan bu gözəl gün münasibətilə öz İlahi vəzifələrini səbir və mətanətlə yerinə yetirməkdə böyük Kərbəla Xanımına iqtida edən bütün mömin bacı və qardaşlara səmimi təbrikləri təqdim edirik.

Məşhur nəzərə əsasən, həzrət Zeynəb (əleyhasəlam) hicri-qəməri 6-cı il cumadil-ula ayının 5-i müqəddəs Mədinə şəhərində dünyaya göz açmışdır.

Əziz atası həzrət Əmirəl-möminin Əli (əleyhissəlam), hörmətli anası isə həzrət Fatimei-Zəhra əleyhasəlamdır.

Həyat yoldaşı Abdullah ibn Cəfər ibn Əbi Talib (əleyhimussəlam) olmuşdur.

Bəzi məşhur ləqəblərindən, Əqiləye Bəni Haşim, Siddiqei-Suğra, Alimətun ğeyru muəlləmə, Fəhimətun ğəyru mufəhhəmə, Məhbubətul-Mustəfa (sallallahu aleyhi və alih), Saniyətuz-Zəhra (əleyhəssəlam) olmuşdur.

İbn Həcər “Əl-isabə” və İbn Əsir “ Usdul-ğabə” kitabında həzrət Zeynəbi-Kubranın (əleyhasəlam) haləti haqda yazıblar: Məlun Yezidin məclisində həzrət Zeynəb əleyhasəlam elə bir cümlələr söyləmişdir ki, bu cümlələr o Həzrətin qəlbinin qüvvətli olmasına dəlalət edir.

Gecələr ibadətdə, günuzlər oruc tutar və xalq arasında təqva əhli kimi tanınmışdır.

Qurani-Kərim əziz Peyğəmbəri (sallallahu əleyhi və alih) “Usvətun-həsənəh” vəsfi ilə tanıtdırır, yəni “yaxşı və gözəl nümunə” adlandırır. Buyurur:

" لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُو اللَّهَ وَالْيَوْمَ الْآَخِرَ وَذَكَرَ اللَّهَ كَثِيرًا "

“Allahın Rəsulu (sallallahu əleyhi və alih), haqqın rəhmətinə ümidi və qiyamət gününə imanı olanlar və Allahı çox yad edənlər üçün yaxşı nümunədir.”[1]

Varlıq dünyası bəşəriyyətə məna bağışlayan bir ailəyə borculudr. Bütün kainat o ailənin qarşısında baş əyib təzim edir, mələklər onlara səcdə etməkdən çəkinmir. O ailə ilahi nemətlər təcəssümü, Allahın cəlal və cəmal sifətlərinin aynasıdır.

O ailə, Peyğəbmər və onun Əhli-beytidir. Allah-taala məxluqatın yaranma səbəbini onların varlığı ilə izah edib buyurur: “Əzəmətli səma və geniş yerləri, işıqlı günəş, ay və ulduzları, axar dəniz və dəryaları siz Əhli-beyt üçün və sizin məhəbbətinizdən ötrü yaratmışam. (Hədisi-qüdsi)

O ailə hər növ eyib və nöqsandan uzaq olan beş müqəddəs nur, vəhy xanədanı və vilayət ailəsidir. Onlar, Peyğəmbər, Əli, Fatimə, Həsən, və Hüseyndir (sallallahu əleyhim əcməin).

Bəşəriyyətə ülgü olan belə bir ailədə Behişti ətirləndirən bir qız uşağı dünyaya gəldi. Əzəmətli vilayət bağçasına mənsub olan bu çiçək, Allah yolunda sədaqət və vəfası, şücaət və fədakarlığı, iman və təqvası, iffət və səbri, dözüm və mübarizəsi ilə bütün Allah yolçuları və xüsusilə, özünü Əhli-beyt davamçısı hesab edən qadınlar üçün iftixarlı və nümunəvi bir sima olacaqdır.

Həzrət Əli və Fatimeyi-Zəhranın (əleyhiməssəlam) Həsən, Hüseyn, Zeynəb, Ümmi Gülsüm və Möhsin (əleyhimussəlam) adlı beş övladı olmuşdur. Bu xanədanın üçüncü övladı Zeynəb (əleyhasəlam) hicrətin 6-cı ilində Mədinə şəhərində dünyaya göz açdı.

Zeynəb adı atanın zinəti deməkdir. Allah tərəfindən belə adlanan bu qız öz vəzifəsini yerinə yetirməklə tarixin zinəti və Əhli-Beytin (əleyhimussəlam) fəxri oldu. Odur ki, Zeynəb adı həzrət Əlinin (əleyhissəlam) qızının fədakarlığı sayəsində həmişə gözəl, müqəddəs və əbədidir. Vilayət bağının nərgizinə ad qoyma mərasimi haqda tarixdə belə oxuyuruq:

Zeynəbi-Kubra (əleyhasəlam) dünyaya gəldikdə həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) səfərdə olduğundan xanım Fatimə (əleyhasəlam) həzrət Əlidən (əleyhissəlam) uşağa ad qoymasını istədi. Əmirəl-möminin (əleyhissəlam) buyurdu: Mən atandan qabağa keçmərəm. Səbir edək Peyğəmbər (sallallahu əleyhi və alih) səfərdən gəlsin.

Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) səfərdən qayıtdıqdan sonra Əli (əleyhissəlam) uşağın doğum xəbərini Peyğəmbərə (sallallahu əleyhi və alih) çatdırıb, ondan uşağa ad qoymasını xahiş etdi. Peyğəmbər (sallallahu əleyhi və alih) buyurdu: Fatimənin (əleyhasəlam) övladları mənim övladlarımdır, lakin onlar barəsində qərara gəlmək yalnız Allaha məxsusdur.

Ondan sonra Cəbrəil nazil olub xəbər gətirdi ki, Allah-təala buyurur: Bu qızın adını Zeynəb qoy! Mən bu adı Lövhi-məhfuzda yazmışam. Bunu eşidən Peyğəmbər (sallallahu əleyhi və alih) Zeynəbi öpdü və buyurdu: Tövsiyə edirəm hamı bu qıza hörmət etsin. Çünki o, Xədiceyi-Kubranın (əleyhasəlam) bənzəridir.

Yəni həzrət Xədicənin (əleyhasəlam) fədakarlıqları kimi, Zeynəbi-Kubranın (əleyhasəlam) Allah yolunda dəyanət, səbir, şücaət və mübarizəsi də İslamın əbədiliyi üçün xüsusi əhəmiyyət kəsb edir.

Həzrət Zeynəb (əleyhasəlam) beş ilə qədər Peyğəmbərlə (sallallahu əleyhi və alih) bir zamanda yaşamışdır. Bu müddət onun Peyğəmbər (sallallahu əleyhi və alih) səhabiyəsi hesab olunmasına kifayətdir və bu da bu barədə yazılmış kitablarda qeyd olunmuşdur.

Bu beş ildə həzrət Zeynəb (əleyhasəlam) Peyğəmbərin (sallallahu əleyhi və alih) mübarək vücudundan səbir və dözüm hədisini əxz etmişdir. Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) Zeynəbin (əleyhasəlam) həyat yolunun bütün müsibətlərindən xəbərdar idi və bilirdi ki, bu çətinliklərə yalnız böyük ruh, dağ kimi möhkəm qəlb və Allah eşqi ilə dolu ürək dözə bilər. Sanki müsibət və çətinliklər Zeynəbin (əleyhasəlam) taleyi ilə qarışmış və Allah-təalanın səbir və dözümü onda cilvələndirmişdir ki, bütün Allah adamlarına nümunə olsun…

Həzrət imam Əli ibn Huseyn əleyhissəlam həzrət Zeynəbi-Kubra əleyhasəlama xitabən bəyan edir:

"أَنْتِ بِحَمْدِ اللَّهِ عَالِمَةٌ غَيْرُ مُعَلَّمَةٍ فَهِمَةٌ غَيْرُ مُفَهَّمَة"

“Bibi! Həmd olsun Allah-təalaya sən heş bir kəsdən təhsil almadan alim məqamına nail olmusan və heç bir izaha ehtiyac duymadan idrak mərhələlərini aşıb ötmüsən”[2]




[1] «Əhzab” surəsi, ayə 21

[2] Mənbə: “Biharul-Ənvar”, cild-45, səh. 199


Etiketlər :

Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü