Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin “Məhdilik”lə bağlı çıxışları

29 March 2024

03:02

۱,۴۸۲

Xəbərin xülasəsi :
Birinci mətləb: Bəşərin elmi-texniki inkişafı və əqli təkamülü ilə bərabər dinə olan ehtiyacı daha da artır
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (ömrü uzun olsun) “Məhdilik” mövzusu ilə bağlı çıxışları

Birinci çıxış (ardı)

Müzakirə edilən sualın cavabına müqəddimə olaraq dörd mətləbin araşdırması

Öncə işarə etdiyimiz sualları cavablandırmaq üçün müqəddimə xarakteri daşıyan dörd mətləbi xatırlamaq lazımdır. Bu mətləblər aşağıdakılardan ibarətdir:

Birinci mətləb: Bəşərin elmi-texniki inkişafı və əqli təkamülü ilə bərabər dinə olan ehtiyacı daha da artır;

İlk növbədə müqəddimə olaraq bunu deməliyik ki, zaman keçdikcə və elmin təkamülü və elmi-fənni inkişafın artması ilə bəşərin dinə olan ehtiyacı nəinki azalmır, əksinə elm və biliyin artması ilə bərabər günü-gündən daha da artır. Demək, “bəşər ağlı özü təklikdə bəşərin bütün ehtiyaclarını, hətta mənəvi ehtiyaclarını aradan aparmağa qadirdir” təsəvvürü kökündən qəbuledilməzdir. Bu mətləbi sübut etmək üçün bir çox dəlillər gətirmək olar, o cümlədən, “bəşərin əqli inkişafı” buna dəlildir. Ona görə ki, insan əqli inkişaf etdiyi halda istər-istəməz elə bir yeni məsələlərə yönəlir ki, onların həlli üçün din və dini cavablandırma yolundan başqa heç bir yol yoxdur; yəni insan hər nə qədər fikir və idrak genişliyinə yetişirsə, onun şübhələri və sualları da bir o qədər artır və aydın məsələdir ki, belə məsələlərdə, nə “ağıl” cavab verməyə qadirdir, nə də “elm” onları araşdıra bilir.

Tarixi araşdırmalara insafla yanaşdıqda məlum olur ki, qədim dövrlərdə əqidə və kəlam elmində mövcud olan sualların sayı hazırda olan şübhələrdən qat-qat az və zəifdir. Bu əsasla, bəşər hər nə qədər yeni həyatı yaşayırsa və yeni-yeni irəliləyişlər əldə edirsə, əqidə və kəlam elmində şübhələr və suallarının sayı azalmaqdansa, daha da artmış olur.

Başqa sözlə desək, elmlərin genişlənməsində, xüsusən əqidə elmlərində dəxaləti olan məsələlərdən biri “insanın idrakının və təfəkkürünün yüksəlişi”dir. Necə ki, onun artması ilə insanın mənəvi ehtiyaclarının genişliyi də üzə çıxır. Buna görə də “insanın əqli inkişafı” ilə “köklü və əsaslı anlaşılmazlıqların vücuda gəlməsi” arasında açıq-aydın bir bağlılıq vardır.

Beləliklə, bir tərəfdən bəşərin dərrakəsi hər nə qədər bəsit olarsa, onun ehtiyacları da sadə olacaqdır, digər tərəfdən bəşərin idrak və düşüncə genişliyi hər nə qədər artsa, onun yeni-yeni ehtiyacları da bir o qədər üzə çıxacaqdır. Eyni zamanda aydın məsələdir ki, ağıl özü təklikdə mənəvi ehtiyacları və fikri problemləri həll etməyə və onları aradan aparmağa qadir deyildir. Deməli, onları həll edib aradan aparmaq üçün ağıldan daha geniş və üstün bir qüvvə lazımdır və aydındır ki, bu, “din qüvvəsi”ndən başqa bir qüvvə ola bilməz.



(ardını izləyin)

İltimas dua!


Etiketlər :

Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (ömrü uzun olsun) “Məhdilik” mövzusu ilə bağlı çıxışları