Həzrət imam Əli ibn Əbitalibin (əleyhissəlam) şəhadəti

24 July 2026

11:58

۱

Xəbərin xülasəsi :
Hicri qəməri 1447-ci il, ramazan ayının 21-i, miladi 2026-cı il mart ayının 11-i imamət və vilayət səmasının birinci parlaq ulduzu, Natiqi-Quran, Əmirəl-möminin, müttəqilərin mövlası həzrət Əli ibn Əbi Talibin (əleyhissəlam) şəhadət günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Əli ibn Əbitalibin (əleyhissəlam) şəhadəti

Hicri qəməri 1447-ci il, ramazan ayının 21-i, miladi 2026-cı il mart ayının 11-i imamət və vilayət səmasının birinci parlaq ulduzu, Natiqi-Quran, Əmirəl-möminin, müttəqilərin mövlası həzrət Əli ibn Əbi Talibin (əleyhissəlam) şəhadət günüdür.

 Həzrət Əmirəl-mö’minin Əli ibn Əbi Talib (əleyhissəlam) həzrət Rəsuləllaha (sallallahu əleyhi və alih) ilk iman gətirən müsəlman və İslam dininin möhkəmlənməsində misilsiz fədakarlıqlar etmişdir. Bu ağır və əzəmətli hüzn və qəmi ilk növbədə həzrət imam Sahib Zaman əleyhissəlama və eləcə də bütün din sevər mömin bacı qardaşlara təsəlli və başsağlığı deyirik.

Həzrətin atası Əbu-Talib ibn Əbdül-Muttəlib ibn Haşim ibn Əbdul-Mənaf, anası Fatimə bint Əsəd ibn Haşim olmuşdur. Göründüyü kimi, həzrət Əli (əleyhissəlam) həm ata, həm də ana tərəfdən Haşimi soyundandır.

Hədislərdə Fatimə binti Əsəd və Əbu-Talibin Allahpərəstliyi və müsəlman olması da bildirilir. Onlar cahiliyyət dövründə də tək Allaha inanmışlar. Öz övladlarına ad vermək üçün Allah dərgahına üz tutmuş, onun əmrini gözləmişlər. Fatimə binti Əsəd həzrət Peyğəmbər üçün ana kimi olmuşdur. Fatimə həzrətə ilkin iman gətirənlərdən və Mədinəyə mühacirət edənlərdəndir. O, dünyasını dəyişdiyi vaxt həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) öz köynəyini Fatimə üçün kəfən etmiş, onun cənazəsinə namaz qılmış, qəbir sıxıntısından qurtarmaq üçün qəbrinə enmiş, ona təlqin buyurmuş və dua etmişdir.[1]

Həzrət imam Sadiq (əleyhissəlam) buyurmuşdur: «Əbu Talib Kəhf səhabələri kimidir. Qəlbində iman vardı, zahirən müşrik görünürdü. Allah ona iki mükafat verdi: Birini imanına, o birini isə təqiyyəsinə görə».[2]

Həzrət Peğyəmbər (sallallahu əleyhi və alih) həzrət Əliyə (əleyhissəlam) buyurur: «Səni Allahdan və məndən başqa kimsə yetərincə tanımadı».

Həzrət Əli (əleyhissəlam) şəhadətə çatdığı zaman altmış üç yaşında və artıq otuz il müddətində imamət məqamında idi. Həzrət beş ilə yaxın xilafət kürsüsünə sahib olmuşdur. İmam vəfat etdikdə həzrət Həsən və həzrət Hüseyn (əleyhiməssəlam) atasının cənazəsini dəfnə hazırlayıb Kufə yaxınlığındakı Qəriy adlanan məhəldə  (indiki Nəcəfdə) dəfn etdilər.

Mərhum Seyyid Rəzi «Nəhcül-bəlağə»nin müqəddiməsində deyir: «Həzrəti tanımadan onun kəlamlarını oxuyub düşünən insan elə təsəvvür edər ki, bu sözləri xanənişin bir adam demişdir. Axı mə’nəviyyat dolu bu kəlamların sahibinin qılıncından qan damdığını kim təsəvvür edə bilər?! Bəli, həzrət təzadlı xüsusiyyətlərin toplandığı e’cazkar bir insan idi.

Əhli-sünnə alimi İbn Əbil-Hədid Nəhcül-bəlağənin şərhində yazır: «Biz şücaətli, eyni zamanda bağışlayan insan görməmişik. Təlhə və Zübeyr, Abdullah ibn Zübeyr və Əbdül-Məlik ibn Mərvan şücaətli insanlar idilər. Amma onların şücaəti paxıllıqlarının və hərisliklərinin kölgəsində qalırdı».

Həzrət Əli (əleyhissəlam) misilsiz təvazöyə malik idi. O yalın torpaq üstündə oturduğundan Əbu-Turab (torpaq atası) ləqəbini almışdı. Amma bu sadə insanın savaş meydanındakı heybəti ərəb qəhrəmanlarının bədəninə titrətmə salırdı.

Həzrət Əli (əleyhissəlam) arpa çörəyi yeyirdi və hər dəfə süfrəyə oturanda üç tikədən artıq yeməzdi. Amma həzrətin güclü biləkləri Xeybər qapısını yerindən oynatdı. Mərhəb onun bir zərbəsi ilə canını tapşırdı. Bu barədə həzrət özü belə buyurur: «Kim mənim süfrəmdə arpa çörəyini gördüsə, təəccüb etdi ki, bu qida ilə düşmən qoşununa necə hücum edib onun sıralarını yarıram».

Ərəb cəngavərlərini diz üstə çökürən həzrət Əli (əleyhissəlam) yoxsulları və ehtiyaclıları gördükdə mum tək yumşalır, yetim körpələrlə rastlaşdıqda ağlayırdı.

Əmirəl-mö’minin Əlinin (əleyhissəlam) şəxsiyyətini vəsf etməkdə dil və qələm acizdir. Əhli-Beyt (əleyhimussəlam) məktəbində, eləcə də bir çox münsif əhli-sünnə  mənbələrində həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) sonra heç bir səhabə həzrət Əli ibn Əbi Talibin (əleyhissəlam) fəzilətlərinə malik olmamış və İslam dinində onun məqamına bərabər olmamışdır.

Bir çox səhabədən fərqli olaraq Əmirəl-möminin (əleyhissəlam) həyatında bütə sitayiş etməmiş, İslam dinindən başqa bir dində olmamış, yeniyetmə çağından dinin ədəb və qaydalarını birbaşa Peyğəmbərdən (sallallahu əleyhi və alih) mənimsəmiş  və sözün həqiqi mənasında Allahın dini və Peyğəmbəri qarşısında tam və tərəddüdsüz təslim olmuşdur. O, İslamın təbliğ olunduğu 23 üç il müddətində heç bir Quran ayəsi, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) bəyan etdiyi hökm və hədis müqabilində heç bir zaman şəkk, ya tərəddüd etməmiş, iman və yəqin baxımdan ən uca zirvəyə çatmışdır.

Həzrət Əli (əleyhissəlam) iman, təqva, zöhd, ibadət, şücaət, elm və yəqin baxımından həzrət Rəsuləllahdan (sallallahu əleyhi və alih) sonra misilsiz olmuşdur. Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) buyurur: «Əgər tərəzinin bir gözünə səmalar və yer, o biri gözünə Əlinin (əleyhissəlam) imanı qoyularsa, şübhəsiz ki, onun imanı ağır gələr».

Əmirəl-möminin (əleyhissəlam) öz ecazkar kəlamlarında buyurur:

لَوْ كُشِفَ الْغِطَاءُ مَا ازْدَدْتُ يَقِيناً

“Əgər pərdələr aradan götürülsə, mənim yəqinliyim artmaz”.[3]

Yəni məbdə və məad məsələlərində mənim yəqinliyim kamil mərtəbədədir, hətta pərdələr götürülsə və hər şeyi əyani olaraq müşahidə etsəm belə, yəqinliyimə heç bir dəyişiklik və artım olmaz. Bu, o deməkdir ki, Həzrət yəqinlik məqamında ən uca mərtəbəyə çatmış və ondan yüksək bir məqam təsəvvürə gəlməzdir.



[1] “Əl-Kafi”, 2-ci cild, tarix babı.

[2] “Əmali”, Şeyx Səduq, 89-cu məclis, 12-13 –cü hədis.

[3] Ğurərul-hikəm və durərul-kəlim, 7569

Etiketlər :

Həzrət imam Əli ibn Əbitalibin (əleyhissəlam) şəhadəti