Həzrət imam Sadiqin (əleyhissəlam) şəhadət günü
24 July 2026
10:59
۲
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Həzrət imam Sadiqin (əleyhissəlam) şəhadət günü
Hicri-qəməri 1447-ci il şəvval ayının 25-i, miladi 2026-cı il aprelin 14-ü imamət və xilafət səmasının parlaq ulduzu, Peyğəmbər (sallallahu əleyhi və alih) canişinlərinin altıncısı, İslamın haqq məzhəbinin banisi həzrət Cəfər ibn Muhəmməd əs-Sadiq əleyhiməssəlamın ürəkyandırıcı şəhadətinin ildönümüdür.
Bu əzəmətli və qüssəli müsibəti ilk növbədə zamanın imamı və əsrin mövlası həzrət Hüccət ibn Həsənə (Allah onun zühurunu tezləşdirsin) təsəlli verir, həmçinin bütün möminlərə, xüsusən dəyərli azəri xalqına başsağlığı deyirik. Ümidvarıq əziz möminlər həzrət Sadiq əleyhissəlamın təlim və tərbiyə məktəbindən kifayət qədər bəhrələnərək Allah-taalaya layiqli ibadət və itaət etməyə nail olacaqlar, İnşa Allah!
Altıncı imam, həzrət Sadiq əleyhissəlamın adı Cəfər, kunyəsi Əbu-Abdullah, ləqəbi Sadiqdir.
Əziz atası İmam Baqir (əleyhissəlam), hörmətli anası isə Ümmü-Fərvə olmuşdur.
Həzrət imam Sadiq əleyhissəlamın təvəllüdü hicri-qəməri 83-cü il, rəbiul-əvvəl ayının 17-si (miladi 702-ci il, aprel ayının 20-si) və şəhadəti hicri-qəməri 148-ci il, şəvval ayının 25-i (miladi 765-ci il, dekabrın 13-ü) tarixi ilə müsadifdir.
Həzrət Sadiq əleyhissəlam altmış beş yaşında, qəsbkar və qaniçən Abbasi xəlifəsi Mənsur Dəvaniqi tərəfindən şəhadətə çatmışdır.
Müqəddəs məzarı Mədinə şəhərinin “Bəqi” qəbiristanlığında, əziz atasının məzarı kənarındadır.
Hicrətin yüz on dördüncü ilində imam Baqir əleyhissəlamın şəhadətindən sonra həzrət Cəfəri-Sadiq (əleyhissəlam) imamlıq məqamına yetişmiş və hicrətin yüz qırx səkkizinci ilinə qədər, otuz dörd il müddətində bu müqəddəs məqama sahib olmuşdur. Bu dövr Əməvilər hakimiyyətinin sonu və Abbasilər sülaləsinin əvvəlinə təsadüf edir.
İmam Sadiq (əleyhissəlam) aşağıda adları çəkilən Əməvi xəlifələrinin müasiri olmuşdur:
Hişam ibn Əbdülməlik (105-125 h.q);
Vəlid ibn Yezid ibn Əbdülməlik (125-126 h.q);
Yezid ibn Vəlid ibn Əbdülməlik (126 h.q);
İbrahim ibn Vəlid ibn Əbdülməlik (hicrətin yüz iyirmi altıncı ilinin cəmi yetmiş gününü);
Mərvan ibn Məhəmməd (Mərvani Himar) (126-132 h.q);
Abbasi xəlifələrindən isə aşağıda adı çəkilənlərin müasiri olmuşdur:
Abdullah ibn Məhəmməd (Səffah) (132-137 h.q);
Əbu-Cəfər (Mənsur Dəvaniqi) (137-158 h.q);
Həzrət imam Sadiq əleyhissəlamın elmi əzəmət və yüksəkliyinə aid çoxlu sübutlar vardır. Bu məsələ həm şiə həm də sünni alimlərinin qəbul etdiyi bir mövzudur. Böyük alim və fəqihlər onun elm mərtəbəsinin yüksəkliyi qarşısında diz çökür, onun elm sahəsində üstün olduğunu tərif və təsdiq edirlər.
İltimas dua