Həzrət imam Cəfər ibn Muhəmməd Əs-Sadiq əleyhiməssəlam
24 July 2026
10:59
۲
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Həzrət imam Cəfər ibn Muhəmməd Əs-Sadiq əleyhiməssəlam əhli-sünnə alimləri baxımından
Böyük və tanınmış alim və fəqihlər onun elm mərtəbəsinin yüksəkliyi qarşısında diz çökür, onun elm sahəsində üstün olduğunu təsdiq və tərif edirlər.
Hənəfi firqəsinin banisi Əbu-Hənifə deyirdi: “Mən Cəfər ibn Məhəmməd əleyhissəlamdan (İmam Sadiqdən) savadlı şəxs görməmişəm.”[1]
Həmçinin, deyir: “Mənsur (Dəvaniqi) Cəfər ibn Məhəmməd əleyhissəlamı hüzuruna çağıran zaman məni çağırıb dedi: “Camaat Cəfər ibn Məhəmmədin vurğunu olmuşdur onu məhkum etmək üçün bir sıra çətin məsələdən suallar hazırla.” Mən qırx dənə çətin məsələ hazırladım. Bir gün Mənsur Hiyrədə olarkən məni çağırtdırdı. Məclisə girərkən gördüm ki, Cəfər ibn Məhəmməd (İmam Sadiq əleyhissəlam) onun sağında oturub. Ona baxdıqda heybəti məni elə bürüdü ki, heç Mənsuru görəndə elə olmurdum. Salam verib Mənsurun işarəsindən sonra oturdum. Mənsur üzünü ona (İmam Sadiq əleyhissəlama) tutub dedi: “Bu Əbu-Hənifədir.” O, cavab verdi ki, tanıyıram. Sonra Mənsur üzünü mənə tutub dedi: “Ey Əbu-Hənifə! Öz məsələlərini Əbu-Abdullah (İmam Sadiq əleyhissəlam) ilə müzakirə et.” Mən də məsələləri deməyə başladım. Hər hansı məsələni soruşurdumsa, dərhal cavab verirdi ki, sizin bu məsələ barədə əqidəniz filan, Mədinə əhalisinin əqidəsi filan, bizim əqidəmiz də filandır. Bəzi məsələlərdə bizimlə həmfikir olur, bəzilərində Mədinə əhalisi ilə, bəzilərində isə fikri tamam başqa olurdu. Bu minvalla düz qırx məsələ soruşdum ki, hamısına cavab verdi.” Əbu-Hənifə bura yetişəndə İmam Sadiq əleyhissəlama işarə edərək dedi: “O insanların ən alimi onların fiqhi məsələlərə aid olan ixtilaflarını bilən ən agah adamdır.”[2]
Maliki məzhəbinin banisi Ənəs ibn Malik deyirdi: “Bir müddət Cəfər ibn Məhəmməd əleyhissəlamın yanına gedib-gəlirdim. Daimən onu bu üç haldan birində görürdüm: ya namaz qılırdı, ya oruc tuturdu, ya da Quran oxuyurdu. Onu dəstəmazsız hədis danışan görmədim.) Elm ibadət və təqvada Cəfər ibn Məhəmməd əleyhissəlamdan üstün bir şəxsi, nə bir göz görmüş, nə bir qulaq eşitmiş, nə də heç kimin fikrinə belə gəlməmişdir.”[3]
Onuncu əsrin görkəmli alimlərindən olan Əbu Bəhr Cahiz deyir: “Cəfər ibn Məhəmməd (əleyhissəlam) elə bir şəxsdir ki, onun elmi bütün dünyanı əhatə etmiş, deyilənlərə görə Əbu-Hənifə və eləcə də, Süfyan Suri onun şagirdlərindən olmuşdur. Bu iki nəfərin onun şagirdi olması onun elmi yüksəkliyini sübut etmək üçün kifayət edər.”
Məşhur tarixçi ibn Xəllikan yazır: “O on iki İmamlı şiələrin İmamlarından biri Peyğəmbər (sallallahu əleyhi və alih) ailəsinin böyük şəxsiyyətlərindən biri olmuşdur. Düzgünlüyünə və doğru danışdığına görə onu Sadiq adlandırmışlar. Onun fəzilət və kəraməti o həddədir ki, daha bunu şərh etməyə ehtiyac yoxdur. Əbu-Musa Cabir ibn Həyyan Tərtusi onun şagirdi olmuşdur. Cabir İmam Sadiq əleyhissəlamın təlimlərini ehtiva etmiş və beş yüz risalədən ibarət olan min vərəq həcmində bir kitab yazmışdır.[4]