Ayətullah Şeyx Məhəmməd Cavad Fazil Lənkəraninin məhərrəmlik ayı və hicabla bagli bəyanəti

21 May 2024

11:33

۳,۲۲۵

Xəbərin xülasəsi :
Məhərrəm ayının astanasındayıq. Həmçinin siz fəzilətli tələbələr, bu ayda vacib olan təbliğdən ötrü Azərbaycana getmək niyyətindəsiniz. Şübhəsiz, aşura hadisəsindən sonra hər bir müsəlmanın vəzifəsi bu hadisəni davam etməkdir. Həmçinin İmam Hüseynin (ə) ali hədəfini yaymaq olduqca çətindir. Hər bir müsəlman bu hadisə qarşısında öz vəzifəsini tanımalıdır.
آخرین رویداد ها
Məhərrəm ayının astanasındayıq. Həmçinin siz fəzilətli tələbələr, bu ayda vacib olan təbliğdən ötrü Azərbaycana getmək niyyətindəsiniz. Şübhəsiz, aşura hadisəsindən sonra hər bir müsəlmanın vəzifəsi bu hadisəni davam etməkdir. Həmçinin İmam Hüseynin (ə) ali hədəfini yaymaq olduqca çətindir. Hər bir müsəlman bu hadisə qarşısında öz vəzifəsini tanımalıdır.

Hər il məhərrəm ayı yaxınlaşanda (istər İranda, istərsə də, Azərbaycanda ki, Allaha şükür camaatının çoxu şiədir) camaatda, hətta əhli-sünnə məzhəbindən bəzilərində təəccüblü bir həyəcan yaranır və əza məclisləri qururlar. Yeməklər verirlər, söhbətlər, mərsiyələr, qruplar, bunların hamısı camaatın öhdəsindədir və Allaha şükürlər olsun ki, camaat da, onu gözəl şəkildə yerinə yetirir. İnsana elə gəlir ki, Allah-Təalanın ənənəsi (sünnəsi) bu idi ki, aşura hadisəsinin yükünü daşımaq camaatın çiynində olmalıdır. Hər nəsil başqa bir nəslə ötürür və bu həzrət Höccətin (ə.c) zamanına qədər davam edəcək, amma bu günlərdə mənim və sizin vəzifəmiz nədir?  Bu elə bir mətləbdir ki, biz gərək dözümlü olmalıyıq və qəbul etməliyik ki, çiynimizdə ağır yük var. Baxmayaraq ki, biz Kərbəlada olmamışıq və buna müvəffəq olmamışıq, amma İslam üçün axıdılan pak qanları qorumaq üçün qiyamətə qədər hamımız məsuliyyət daşıyırıq, özü də çox ağır bir məsuliyyət. Biz gərək hər il hamıdan öncə aşura hadisəsinə bir baxış keçirməli və bu hadisənin aspektləri diqqətlə nəzərdən keçirilməlidir. Beləliklə həzrət Seyyidüş-şühədaya (ə) olan etiqadımızı daha da, artırmalıyıq.

  Təəssüflər olsun bir dəstə insanlar var idi ki, yaşları artdıqca İmam Hüseynə (ə) olan sevgi və eşqləri, artmaqdansa azğın fikir sahiblərinin tələsinə düşərək o həzrətə olan eşqlərini günü -gündən azaltmışlar. Bir vaxt var idi şübhə ortaya çıxararaq belə deyirdilər ki, İmama (ə) ağlamaq niyə? Bir şəxs 1400 il bundan qabaq Peyğəmbərin (s) nəvəsi olub, indi biz ona ağlayıb sinə vurmaqdansa onun zülmlə mübarizə aparma dərsindən özümüzə nümunə götürək və ağlamağı kənara qoyaq. Yeri vardır burada deyək ki, Cəbrail (ə) Peyğəmbərimizə (s) İmam Hüseynin (ə) şəhadət xəbərini gətirəndə özü uca səslə ağlamağa başladı. Bu rəvayətə təkcə şiə kitablarında deyil, sünnü mənbələrində də, rast gəlmək olar. Siz əgər Məcməul-kəbir Təbərani kitabının üçüncü cildinə baxsanız, orada Ümmü Sələmədən belə nəql olunur: Bir gün Peyğəmbər (s) evimdə idi və dedi: Kimsə yanıma gəlməsin. Beləki İmam Hüseyni (ə) – o kitabda əleyhissalam sözünün əvəzinə raziallahu ənhu kəlməsi gəlib - gözlədi. Elə ki, İmam Hüseyn (ə) gəldi, Peyğəmbər (s) onu gördükdə ağlamağa başladı. O həzrət, İmam Hüseyni (ə) öz ətəyində oturtmuşdu. Məlum olur ki, İmam bu zaman uşaq idi. Hüseynin (ə) alnını sığallayaraq ağlayırdı. Mən özüm-özümə sual etdim. Hüseyn (ə) nə vaxt Peyğəmbərin (s) yanına getdi ki, mən onu görmədim və Peyğəmbərdən (s) soruşdum: Mən (otaqdan) çöldə idim, Hüseyn (ə) nə vaxt sizin yanınıza gəldi? Peyğəmbər dedi: Hüseyn (ə) gələndə Cəbrail (ə) də, otaqda  idi. Cəbrail (ə) məndən soruşdu: Ey, Allahın Rəsulu! Sən bu övladını sevirsənmi? Dedim: Bəli. Cəbrail (ə) dedi: Ümmətin, Kərbəla adlı yerdə bu övladını qətlə yetirəcək. Sonra Cəbrail (ə) bir ovuc  Kərbala torpağından götürərək mənə göstərdi ki, bu Kərbəla torpağıdır. Peyğəmbər Ümmü Sələməyə buyurur, bu hadisədən sonra ağlamaq səsim ucaldı.

  İmam Hüseynə (ə) ağlamaq məsələsi olduqca mühüm məsələdir. Keçirdiyimiz məclislərdə deməməliyik ki, aşuranın siyasi hədəflərini bəyan edək, o öz yerində, yaxud deyək ki, aşuranın bizə hansı dərsləri olub, o da öz yerində. Hər şeydən öncə işlərin  ən mühümü əzadarlığın təzahürüdür. Yəni əgər bizim camaatımızın aşura hadisəsini təhlil etməyə gücü çatmırsa bu o deməkdir, məclisləri tərk etməliyik?!

  Ümumiyyətlə camaatın hamısının elmi bir səviyyədə deyil ki, hamı təhlil etməyi bacarsın, mühüm olanı əzadarlığın şöhrətidir və əzadarlığın təcəssümüdür. Biz eşitdiyimiz və bildiyimiz kimi, Azərbaycanda insafla desək, camaat güclü əzadarlıq keçirirlər. Sizin mühüm vəzifənizdən biri budur ki, bu əzadarlığı və ağlamaları ilbəil daha güclü etməlisiniz.

 Yenə də, əhli-sünnə bu mətləbi nəql edib və belə deyil ki, təkcə bizim kitablarımızda gəlib. Əhli-sünnə nəql edib ki, İmam Səccad (ə) qırx il ağladı, bu qırx il əhli-sünnənin öz sözlərində var. Birdən biz elə fikirləşməyək bir damcı göz yaşı axıtdıqsa bu kifayətdir! İnsanın ağlamağın şiddəti Əba-əbdullah İmam Hüseynin (ə) məqamını tanımağına bağlıdır. Kimin ağlamağı zəifdirsə, onun İmama olan elmi mərifəti də, zəifdir. Bu günlərdə camaatı ağlamağa və qəmgin olmağa təşviq edin. Hədisdə var ki, hansı gün İmam Sadiqin (ə) yanında İmam Hüseynin (ə) mübarək adı çəkilsə idi, o günü axşama qədər təbəssüm etməzdi. Bu belə olmayıb ki, desinlər yalnız bizim cəddimiz olduğu üçün qəmgin oluruq. Əksinə öyrətmək istəyirlər ki, şiə gərək aşura hadisəsində belə olmalıdır.

  Başqa məsələlərdən biri də, qara paltar geyinməkdir. İnqilabdan qabaq İranın özündə, bəzi ziyalılar deyirdi ki, qara paltarın tibbi zərərləri var və bu sözlə camaatı əza şüarı olan bu şüardan ayırmaq istəyirdilər. Əslində buna görə demirdilər camaat özlərinə zərər vurmasınlar, çünki İnqilabdan qabaq bütün şərabxorluq, fəsadların özünün minlərlə zərərləri olmasına baxmayaraq heç bir söz demirdilər, amma qara köynək  məsələsinə gəldikdə isə  əzadarlıq şüarlarından biri olduğu üçün səhv tuturdular. Əhli-sünnə kitablarında İmam Hüseynin (ə) şəhadətində qara köynək geyinmək zikr olunub ki, «لمّا قتل الحسين بن علي عليه السلام لبس نساء بني هاشم السواد» Hüseyn ibn Əlinin (ə) qətlində bəni Haşimin qadınları qara geyindilər. Demirdilər indi hava soyuq yaxud istidir. Bu əza paltarları var idi. Yaxud ibn Əbil-Hədid nəql edir ki, Əli ibn əbu Talib (ə) şəhadətə çatdıqdan sonra İmam Həsən (ə) qara paltar geyinmişdi. Bir neçə gün bundan öncə dərsdə tələbələr üçün qeyd etdim ki, İmam Hüseynin (ə) hadisələrinin bir çox hissəsində istisnalar vardır. Məsələn, Kərbəla torpağını yemək caizdir və üstəlik buna üstünlük də verilir. Həmçinin onda şəfa da  vardır, amma məscidul-həramın torpağından  yemək heç bir vəchlə cayiz deyildir. Hətta bir nəfər şəfa tapmaq niyyəti ilə də ondan yesə haram və bidətdir. Kərbəla torpağı bir istisnadır ki, Allah-təala yer kürəsinin bütün hissəsindən təkcə onu bu məkan üçün qərar veribdir. Ağlayıb-yalvarmaq, İmam Hüseyndən (ə) başqa bütün hallarda  məkruhdur. Vəsailuş-şiədə vardır ki, “bütün fəzə` ağlamaq məkruhdur, yalnız İmam Hüseynə (ə) fəzə  və ağlamaqdan başqa. Bəs Fəzə nədir? Bir rəvayətdə İmam Baqir (ə) fəzənin mənasını açıqlayaraq buyurur: “ Fəzə  fəryad etmək və vaveyla deməkdir ”.  Əzadarlıqda qışqırıb-fəryad etməyin deyənlər anlamırlar İmam Hüseynə (ə) əzadarlıq etmək nə deməkdir. İmam Baqirdən (ə) olan bu mötəbər rəvayətdə gəlib ki, fəzə vaveyla demək, başa, sifətə və sinəyə vurmaq.

Deyirlər sinə vurmağa nə sübut vardır?  Bizə sübut lazım deyil, İmam Hüseynin (ə) əzadarlığı üçün olan hər şey aydındır. Əlbəttə, ağlın qəbul etdiyi həddə qədər və dinə ciddi bir zərər, zəiflik gətirməyən halda bəyənilir. Bir şəxs atasını əldən verir qəşş edir və ürəyi gedirsə heç kim ona demir bu iş ağılsız işdir. Başa və sinəyə vurmaq, hətta o rəvayətdə başının saçını yolmaq da, fəzədən sayılır.

  Dediyim budur ki, din düşmənləri, bizdən yalnız aşuranı almaq istəyirlər (həm bizim ölkə həm də, Azərbaycan şiələri bu cür düşmənlər ilə üz-üzədir). İranda inqilabdan öncə lənətlik Rza şahın dövründə müxalifətçilik başladı, əzadarlıqlar üçün məsçidlərin qapıları bağlandı və dedilər əzadarlıq keçirib rövzə oxumağa kimsənin haqqı yoxdur. Ruhanilərə dedilər ki, ruhani libası geyinməyə haqqınız yoxdur. Bütün bunların səbəbi aşuranı unutdurmaq idi. Əlbətdə bu işi görməyə heç kimin qüdrəti çatmaz , amma hər halda biz gərək oyaq olaq. Məhərrəm günlərində, minbərə çıxanda elə birinci gün cavanlara qara geyinməyi tövsiyə edin. Bunun özü həm şiələrin şüarı, həm məhərrəmçilərin və həm də, biz “İslamı qorumaqdan ötrü canımızdan keçərik” deyənlərin. Düşmən bundan ötrü narahatdır, deyir qara geyinmək ziyandır. Məkruh dedikləri rəvayət də, bundan ötrüdür ki, istəyirlər zehinləri bu məsələyə qarşı zəiflətsinlər. Əgər biz istəyiriksə İslam yaşasın, gərək İmam Xomeyninin (r) buyurduğu kimi: İslam dini məhərrəm və səfər ayının bərəkətindəndir. Gərək məhərrəmi geniş və möhtəşəm şəkildə təşkil edək. Peyğəmbərin (s) özü belə buyurur: Mənim əbədiliyim Hüseyndəndir (s). Heç kimin haqqı yoxdur ki, bu əzadarlığa məntiqsiz iradlar gətirsin. Məsələn, bəzi vaxtlar bir məsçid bu tərəfdə və iki metr fasiləsi olan əzadarlıq keçirən digər məsçid isə o biri tərəfdədir. İndi deməyin gəlin hamımız yığışıb bir məsçiddə əzadarlıq keçirib digər məsçidin qapısını bağlayaq. Əksinə qoyun onlar da, əzadarlıq etsinlər. Qoyun evlərdə əzadarlıq keçirsinlər. Camaatı təşviq edin. Məsçid və hüseyniyyələrdən əlavə olaraq, mənzillərində də, bərpa etsinlər. İndi mən bilmirəm bu Azərbaycanda adət halını alıb ya yox? İranda Pəhləvi şah mane olduğuna görə əzadarlıqları evlərə yerləşdirdilər və onlar heç nə edə bilmədilər. Gərək məsçid və təkiyələrdən başqa evlərdə də, əzadarlıq olsun. Nəhayət, bu on gündə camaatda olan dəyişikliklər hiss olunsun. Baxın görün hər gün bizim üçün planlar cızıllar. Hər zaman bir yolla bizə ilişmək istəyirlər. İslam atributlarından biri də, hicabdır. Hicab dinin zəruruiyyətindəndir. Quranın birbaşa buyurduğudur:

  «يَا أَيُّهَا النَّبِىُّ قُلْ لِاَزْوَاجِكَ وَبَنَاتِكَ وَنِسَاءِ الْمُؤْمِنِينَ يُدْنِينَ عَلَيْهِنَّ مِنْ جَلَابِيبِهِنَّ» Ey Peyğəmbər, öz zövcələrinə, qızlarına və möminlərin zövcələrinə de ki, örpəklərini örtsünlər.

Siz bütün lüğət kitablarına baxsanız, “cəlbab” çadra mənasındadır. “Cəlbab” yəni başdan ayağa qədər örtülən parçaya deyillər. Cəlbab himardan ayrıdır. Himar bir növ hicabdır ki, başdan sinəyə qədər örtülür, amma cəlbab başdan ayağa qədər bütün bədəni örtən parçaya deyillər. Bu ayə nazil olduqdan sonra Peyğəmbərin (s) qadınları, mühacir və ənsardan olan Mədinə qadınları bu qara parça ilə çölə çıxırdılar, yəni cəlbab həm parça mənasındadır həm də, qara parça mənasındadır. İndi gəlib saxta bəhanələr ilə deyirlər ki, hicab qadına ictimai yerlərdə iştirak etməyə mane olur, hicab qadının dərs oxumasına mane olur, iş görməyə mane olur və s. Bu hadisələrin kökü budur ki, hicab İslamın şüarlarından olduğu üçün, onu aradan aparmaq istəyirlər. Onlar bunun qadına zərəri olub olmadığı fikrində deyillər. Əzadarlıq İslamın şüarıdır, hicab İslamın şüarıdır, gərək bunları bir yol ilə aradan aparsınlar.  Bir uşaq görəndə ki, bir qadın çadra ilə yol gedir soruşur niyə bu işi görür? Cavab verirlər Allah, İslam, Quran buyurduğu üçün. Belə olanda uşaq gedir İlahi kitablar ilə maraqlanır, amma qadın çılpaq şəkildə olsa, dünyada olan başqa canlılar ilə fərqi olmaz. Çox təəssüflər olsun ki, eşitdim (inşallah bu söz yalan olsun və bir yerə çatmasın) Azərbaycan dövlətinin bəzi nazirləri hicab məsələsinə işarə edərək deyiblər ki, elm ocaqlarında hicab qadağan olunmalıdır. Camaatı  ayıldın, niyə əhalisinin 80% - i şiə olan ölkədə bir nəfər Quran ilə bu cür müxalifət etməlidir?! Əgər o vaxt lənətlik Tağıyev Peyğəmbəri (s) təhqir edəndə Azərbaycan xalqı birləşərək  onu  layiqli cəzasına çatdırsa idi, indi bu cür adamlarla çarəsiz olmayacaqdınız.

 Əgər bu gün hicab məsələsində zəiflik görsətsəniz bilin ki, bir neçə il sonra bundan geniş cızılan planları icra edəcəklər. Bizim ölkədə belə deyildimi əvvəlcə hicaba qadağadan başladılar, sonra gəlib İslamın tarixini dəyişdilər, ayətullah Burucerdinin vəfatından sonra qəzavət və mühakimə işlərində Qurana and içməyi götürdülər. Bunların hamısı bir-birindən sonra baş verdi. Hamı bilir ki, təmiz hicabla başını bağlayaraq gəlib sinifdə oturan xanımın, nə dərsinə mane olur nə də, başqalarına mane olur! Hicab ilə müxalifətçilik edən xanım müsəlman deyil. Çünki, o Quranla müxalifət edir. Dinin zəruriyyətindən biri ilə müxalifətçilik edir. Bu mənada heç bir şəkk yoxdur, amma dediyim kimi  ayıq olmalısınız ki, məsələ hicab məsələsi deyil. Yadınızdadır keçən il məsçid minarələrindən azana qadağa qoydular, təəssüflər olsun Azərbaycana aid olan bəzi ruhanilər onlarla yoldaşlıq etdilər. Ondan sonra məsçidləri sökməyə başladılar. Bunları bir-biri ilə tutuşduranda Azərbaycanda dini aradan aparmaq üçün öncədən cızılmış planların olduğu görünmürmü?! Bir gün azan ilə müxalifətçilik edərlər, səhəri gün məsçid ilə  sonrakı  gün hicab və əzadarlıq ilə müxalif edərək bizə bildirmək istəyirlər ki, məsələ nədir? Mərhum Hacı Şeyx Abbas Qumi - dünənləri də, xatirəsinə həsr olunmuş qurultay keçirildi – mərhum Hacı Şeyx Fəzlullah Nurini yad edərək buyurur, o şəhid olanda ən yüksək zirvəyə çatdı. “إنّما المصيبة فيمن قلّت بصيرته” (Müsibət bəsirəti az olan adam üçündür). Hal-hazırda bəsirətimiz az olsa, dinimizi, dünyamızı, tariximizi, qürurumuzu bir sözlə hər bir şeyimizi əlimizdən verərik. Azərbaycanda niyə mərceyi-təqlidin risaləsi qadağan olmalıdır?! Bu dövlət rəsmi şəkildə elan etsin ki, biz dinlə müxalifik, risaləni qadağan etmə məsələsi həm mərhum valideynimin zamanında var idi, həm də, indi var. Bunların hamısı bir plana qayıdır. Azərbaycanda İslam və şiə əleyhinə hazırlanan layihələr müqabilində həqiqətən siz əziz tələbələrin çoxlu məsuliyyəti vardır. Məsələləri minbərlərdə camaata bəyan edin. Allahın dininin yaşamasından ötrü qorxmayın. Nəhayət budur ki, insanı zindana aparacaqlar, əgər şəhadət dərəcəsinə də, çatsa uca zirvəni fəth etmişdir və bu bizim imamlarımızn arzuladığı şeydir.  Əgər Allah istəməsə həqiqətən də, kimsə bir kəsə zərər vura bilməz. Qorxunu bir kənara atmalı və həqiqətləri demək lazımdır.

  Tarixdə oxumusunuz Müaviyənin ölüm xəbəri Mədinə şəhərinə çatanda, Mədinənin valisi Şamdan gələn göstərişi Yezid ilə beyət etmək üçün İmam Hüseynə (ə) göndərdi. Abdullah ibn Zübeyr və Abdullah ibn Öməri də  istədi, amma Abdullah ibn Zübeyr gecə ikən Məkkəyə qaçdı. Səhəri gün İmam Hüseyn (ə) darul-imarəyə gələrək buyurdu: Nə deyirsən? Vəlid ibn Ütbə dedi ki, Müaviyə ölüb, sən gərək Yezid ilə beyət edəsən! Görün İmam Hüseyn (ə) necə cavab verdi? Demədi fikirləşib təhlil aparıb cavab verərəm, möhkəm buyurdu: “إنّا لله و إنا اليه راجعون” – hamımız Allahdanıq və ona doğru qayıdacağıq. Bu dönüş ayəsini oxudu və əlavə etdi: Yezidə beyət etsəm İslamın fatihəsi oxunmalıdır. İslamla müxalifətçilik olunan yerlərdə bu dönüş ayəsini gərək insan oxusun. Əgər İslami bir ölkədə əgər kimsə hicabla müxalif olsa camaata deyin:

“إنّا لله و إنا اليه راجعون” (İnna lillah və inna iləyhi raciun) və Allaha təvəkkül edin, qoymayın bu hədəfləri həyata keçirsinlər.

İnşallah niyyətinizi xalis edin, iradənizi güclü edərək Allaha təvəkkül edin və Allahdan imdad diləyin ki, getdiyiniz  bu təbliğ  səfərində camaatı hidayət edəsiniz. Səadət qapılarını camaata göstərin. Zülmətə bürünmüş, qarışıq olan bu dünyada yalnız din, mənəviyyat  və  İmam Hüseyn (ə) insanın əlindən tuta bilər və bu  zülmətdən insana nicat verə bilər. İnşallah Allah-Təala hamınıza kömək olsun Allaha təvəkkül edərək çox yaxşı səfər edəsiniz. İnşallah sizin bu nəfəsləriniz o qədər təsirli olsun ki, düşmənin İslam əleyhinə çəkdiyi planlarını suya döndərsin.

  Allahın salamı, rəhməti və bərəkəti olsun sizlərə.
Etiketlər :