Camiəyi-Kəbirə ziyarətnaməsinin şərhi

29 April 2024

17:00

۱,۴۹۰

Xəbərin xülasəsi :
Ziyarət, Allahın əmr buyurduğu həqiqətə qovuşmağın müqəddiməsi, habelə İlahi rəhmət və mərifətin mənşəyidir. Ziyarət, Qur`an və Əhli-beytlə üns bağlamağın təfsiridir. İslamı tanımaqda Qur`an və Əhli-beytlə əlaqə yaratmaq nə qədər zəruri və mühümdürsə, bu əlaqənin əməli olması üçün yeganə yol sayılan ziyarət də, bir o qədər əhəmiyyətlidir.
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Qur`ani-kərim kimi Əhli-beyt əleyhimussəlam da Allahın ipi və insanların Allahla ünsiyyət vasitəsi adlanmışlar. İslam dinində Əhli-beyt əleyhimussəlamı tanımaq və onlara itaət etməklə bağlı xüsusi təkidlər olunmuşdur.

Hədislərin birində deyilir ki, Rəsuli-əkrəmdən (səlləllahu əleyhi və alih): «حَبْلٍ مِنَ النَّاسِ –ayəsində[1] «həbl» sözü nəyə işarədir?»– deyə sual olunarkən Peyğəmbər buyurdu: «Məqsəd mənim canişinimdir». Səhabilər, bu canişinin kim olduğunu soruşduqda, Həzrət buyurdu:

"هُوَ الَّذي أَمَرَكُمُ اللهُ بِالإعْتِصامِ بِهِ فَقالَ عَزَّ وَجَلَّ: ﴿وَاعْتَصِمُوا بِحَبْلِ اللَّهِ جَمِيعًا وَلاَ تَفَرَّقُوا﴾

«Mənim canişinim o kəsdir ki, Allah-taala, ondan bərk-bərk yapışmağı sizə əmr edərək buyurur: Hamınız, birlikdə Allahın ipinə möhkəm sarılın və bir-birinizdən ayrılmayın!»

Bu zaman səhabilər yenidən soruşdular:

"يا رَسولَ اللهِ بَيِّن لََنا ما هَذا الْحَبْلُ؟"

«Ey Allahın elçisi! Allah ipinin kimə mənsub olduğunu bizə tanıtdır».

Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu:

"هُوَ قَوْلُ اللهِ ﴿إِلاَّ بِحَبْلٍ مِنَ اللَّهِ وَحَبْلٍ مِنَ النَّاسِ﴾ فَالْحَبْلُ مِنَ اللهِ كِتابُهُ وَالْحَبْلُ مِنَ النَّاسِ وَصِيِّي."

«O: «Allah tərəfindən olan ip və insanlar tərəfindən olan ip» –deyə Allahın Qur`anda bəyan etdiyi şəxsdir. Allah tərəfindən olan ip Qur`ani-kərim, insanlar tərəfindən olan ip isə mənim Əhli-beytimdir»[2]

Həzrət Əmirəl-möminin Əli əleyhissəlamın ziyarətində belə oxuyuruq:

"وَ أَنْتَ مِمَّنْ أَمَرَنِيَ اللَّهُ بِصِلَتِهِ وَ حَثَّنِي عَلَى بِرِّهِ وَ دَلَّنِي عَلَى فَضْلِهِ وَ هَدَانِي بِحُبِّهِ"

«Siz, o şəxssiz ki, Allah sizinlə üns bağlayıb ədəbli davranmağı mənə əmr etmiş və fəzilətlərinizi tanıtdırmış, sizə məhəbbət bəsləməklə məni hidayət etmişdir».[3]

Allahın bəyanına əsasən, insanlar Qur`an və Əhli-beytə itaət etmədən zillət və həqarətdən yaxa qurtara bilməyəcəklər.

Eyni zamanda, bilməliyik ki, məsumların hüzuru həyatımızda hiss olunmazsa, məqam və fəzilətləri dərk edilməzsə, onlara layiqincə itaət etmək iftixarına da nail olmayacağıq. Buna görə, gərək hər bir müsəlman məsumların ziyarətinə çatmaq və onların hüzurundan faydalanmaq üçün, ciddiyyət və səy göstərsin. Hətta, əgər yaşayış çətinlikləri yol verməzsə, uzaqdan da olsa Əhli-beyt əleyhimussəlamı ziyarət edib onlara salam verməyi unutmamaq gərəkdir.

Həzrət Sadiq əleyhissəlam bu məsələyə təkid edərək buyurur:

"إذا بَعُدَتْ بِأَحَدِكُمُ الشُّقَّةُ وَنَأَتْ بِهِ الدَّارُ فَلْيَعْلُ عَلَي مَنْزِلِهِ وَلْيُصَلِّ رَكْعَتَيْنِ وَلْيَؤُمَّ بِالسَّلامِ إِليَ قُبُورِناَ فَإنَّ ذَلكَ يَصِلُ إلَيْناَ وَتَسَلَّمَ عَلَي الأئِمَّةِ عليهم السلام مِنْ بَعِيدٍ كَماَ تَسَلَّمَ عَلَيْهِمْ مِنْ قَرِيبٍ غَيْرَ أَنَّكَ لا يَصِحُّ أَنْ تَقُولَ: "أَتَيْتُكَ زائِراً" بَلْ تَقُولُ فِي مَوْضِعِهِ: "قَصَدْتُ بِقَلْبِي زائِراً إِذْ عَجَزْتُ عَنْ حُضُورِ مَشْهَدِكَ وَوَجَّهْتُ إِلَيْكَ سَلامِي لِعِلْمِي بِأَنَّهُ يَبْلُغُكَ صَلَّي اللهُ عَلَيْكَ فَأشْفَعْ لِي عِنْدَ رَبِّكَ جَلَّ وَعَزَّ" وَتَدْعُوا بِماَ أَحْبَبْتَ."

«Hər zaman yol çətinliyi ilə qarşılaşdınız, evinizin damına çıxıb iki rükət namaz qılın və məzarımıza tərəf işarə edərək bizi salamlayın. Çünki sizin salamınız bizə çatacaqdır. Məsum imamları yaxından salamladığınız kimi, uzaqdan da salamlayın. Lakin deməyin ki; «sizin ziyarətinizə gəlmişəm». Bu kəlmənin yerinə belə deyin: «Sizi ürəkdən ziyarət etmək arzusundayam. Amma yaxından ziyarətinizə qadir olmadığım üçün öz salamımı uzaqdan sizə təqdim edirəm. Çünki inanıram ki, bu salamım sizə yetişir. Allah yanında mənə şəfaətçi olun». Sonra istədiyin duanı edərsən».[4]

Ziyarət, Allahın əmr buyurduğu həqiqətə qovuşmağın müqəddiməsi, habelə İlahi rəhmət və mərifətin mənşəyidir. Ziyarət, Qur`an və Əhli-beytlə üns bağlamağın təfsiridir. İslamı tanımaqda Qur`an və Əhli-beytlə əlaqə yaratmaq nə qədər zəruri və mühümdürsə, bu əlaqənin əməli olması üçün yeganə yol sayılan ziyarət də, bir o qədər əhəmiyyətlidir.

Həmçinin, bu əlaqə və rabitəni möhkəmlətmək dünyada olduğu kimi, axirətdə də səadət və xoşbəxtlik səbəbidir.

Ona görə də, gərək İlahi övliyaları ziyarət etməyi və onlarla ünsiyyət bağlamağı həmişə ürəkdən arzulayaq. Eləcə də bu müvəffəqiyyətə nail olmağı Allahdan diləyib deyək:

"اللهُمَّ ...وَحَبِّبْ إِلَيَّ مَشاهِدَهُمْ وأَلْحِقْنِي بِهِمْ وَأجْعَلْنِي مَعَهُمْ فِي الدُّنْيا وَاْلأخِرَةِ ياَ أَرْحَمَ الرَّاحِمِينَ"

«İlahi! Məsumların ziyarətinə olan məhəbbəti ürəyimdə artır, məni onların vüsalına yetir, habelə dünya və axirətdə məni onlarla birgə et və onlardan ayırma. Ey rəhmlilərin ən rəhmlisi!»

(ardını izləyin)

[1] «Ali-İmran» surəsi, ayə 112.

[2] «Biharul-ənvar», cild 36, səh. 112.

[3] «Təhzibul-əhkam», cild 6, səh. 27.

[4] «Təhzibul-əhkam», cild 6, səh. 103; «Biharul-ənvar», cild 98, səh. 370.

Etiketlər :

Camiəyi-kəbirə ziyarətnaməsinin şərhi