Rəbiul-əvvəl ayının 17-si böyük sevinc və şadlıq günü

25 April 2024

16:10

۱,۶۷۰

Xəbərin xülasəsi :
Hicri qəməri rəbiul-əvvəl ayının 17-si Rəsuləllah həzrət Muhəmməd ibn Əbdullahın (sallallahu əleyhi və alih) və əziz nəvəsi imamət səmasının altıncı günəşi, Əhli-Beyt (əleyhimussəlam) məzhəbinin banisi həzrət Cəfər ibn Muhəmməd əleyhiməssəlamın mövlud günləridir
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Hicri qəməri rəbiul-əvvəl ayının 17-si Rəsuləllah həzrət Muhəmməd ibn Əbdullahın (sallallahu əleyhi və alih) və əziz nəvəsi imamət səmasının altıncı günəşi, Əhli-Beyt (əleyhimussəlam) məzhəbinin banisi həzrət Cəfər ibn Muhəmməd əleyhiməs-səlamın mövlud günləridir.

Bu sevinc, məhəbbət və səadətli günü ilk öncə həzrət Əba Saleh imam Zaman əleyhissəlama gözaydınlığı və təbrik deyirik, eləcə də bütün müsəlmanlara, xüsusən Muhəmməd və Ali Muhəmməd (sallallahu əleyhi və alih) aşiqlərinə şadlıq, başıucalıq və izzət arzulayırıq!

Burada həzrət Əmirəl-möminin Əli ibn Əbi talibin (əleyhissəlam) möhtəşəm “Nəhculbəlağı” kitabında həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) təvəllüdü və besəti ilə əlaqədar bəyan etdiyi xütbələrindən seçilmiş hissələri sizə təqdim edirik.

Ümidvarıq, əziz mömin bacı-qardaşlar bu kəlamları oxuduqdan sonra Əhli-Beytin (əleyhimussəlam) dürr və inci saçan hədislərini daha ətraflı mülahizə etsinlər.

Həzrət Əli əleyhissəlam 94-cü xütbənin əvvəllərində buyurur:

“Allah-təala peyğəmbərləri ən üstün saxlanclarda (atalarının bellərində) əmanət saxladı və ən yaxşı yerlərdə (analarının bətnində) yerləşdirdi. Onları yaxşı bellərdən pak-pakizə bətnlərə köçürdü. Onlardan biri dünyadan getdikdə başqa birisi ondan sonra Allahın dinini yaymaq üçün ayağa qalxmışdır (ilahi hökmlərin təbliği ilə məşğul olmuşdur).

Nəhayət, Allah-təala tərəfindən peyğəmbərlik və nübuvvət mənsəbi Həzrət Məhəmməd səlləllahu əleyhi və alihə yetişdi. O Həzrəti ən yaxşı mədənlərdə (əvvəlki peyğəmbərələrin belində) və ən əziz köklərdə (bətnlərdə) yetirdi. (O böyük şəxsiyyəti) Peyğəmbərlərini ondan aşkarladığı və Öz (vəhyinin) əmanət saxlayanlarını seçdiyi (yaratdığı) bir ağacdan (Həzrət İbrahim əleyhissalamın nəslindən) əkdi. Onun əsli əsillərin ən yaxşısı, onun nəsli nəsillərin ən xeyirlisi, şəcərəsi şəcərələrin ən yaxşısıdır. (O Həzrət bütün peyğəmbərlərdən əfzəldir.) O, hərəmdə bəslənmiş və ucalıq, şərafətlə (bostanında) boy atmışdır. (Məkkeyi-Müəzzəmədə dünyaya gəlib tərbiyə almışdır.) O ağacın uzun budaqları (on iki İmam) və hər kəsin əlinin çatmadığı bir meyvəsi var.

O Həzrət pərhizkarların rəhbəri, görənlərin gözünün işığı, parlaq çıraq, nur saçan ulduz və şöləsi bərq vuran çaxmaqdır. Onun üslubu dözümlülük, istiqaməti isə hidayət və yol göstərməkdir. Onun sözü (haqqı batildən) ayıran, hökmü və fərmanı ədalətli və düzdür.

O böyük şəxsiyyətə elə bir vaxtda peyğəməbərlik verildi ki, uzun müddət idi ki, heç kəsə risalət verilmirdi və camaat öz vəzifələrini yerinə yetirməkdə doğru yoldan azmış, əvvəlki peyğəmbərlərin ümməti qəflət, nadanlıq içrə sərgərdan olmuşdu. (Allah-təala Həzrətə peyğəmbərlik verməklə onları doğru yola yönəltdi, azğınlıqdan xilas etdi.)”

İnşaallah, sonrakı məqalələrdə "Nəhculbəlağə" kitabından İmamın gövhər kəlamlarını sizə təqdim edəcəyik...

Etiketlər :

Rəbiul-əvvəl ayının 17-si böyük sevinc və şadlıq günü