Azari

Həzrət Musa ibn Cəfərin (əleyhiməssəlam) şəhadət günü

20 February 2025

15:28

۳۴

Xəbərin xülasəsi :
Hicri-qəməri 1446-cı il rəcəb ayının 25-i, miladi 2025-ci il yanvarın 26-ı imamət və vilayət səmasının yeddinci parlaq ulduzu Cəfəri (əleyhissəlam) məzhəbinin qoruyucusu, həzrət imam Musa ibn Cəfərin (əleyhiməssəlam) şəhadət günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Musa ibn Cəfərin (əleyhiməssəlam) şəhadət günü

Hicri-qəməri 1446-cı il rəcəb ayının 25-i, miladi 2025-ci il yanvarın 26-ı imamət və vilayət səmasının yeddinci parlaq ulduzu Cəfəri (əleyhissəlam) məzhəbinin qoruyucusu, həzrət imam Musa ibn Cəfərin (əleyhiməssəlam) şəhadət günüdür. 

Bu böyük müsibəti ilk növbədə Peyğəmbər və Ali Peyğəmbərə (sallallahu əleyhi və alih), xüsusən əza sahibi həzrət Sahib əz-Zamana (Allah onun zühurunu tezləşdirsin) və həmçinin Əhli-beyt (əleyhimussəlam) məktəbinin istəkli davamçılarına təsəlli və başsağlığı deyirik. 

Ümid edirik bütün əzizlər bu qəmli-qüssəli gündə əqidəmizə uyğun şəkildə Əhli-beytin (əleyhimussəlam) və xüsusi olaraq həzrət imam Musa Kazimin (əleyhissəlam) xatirəsinin əzəmətlə yad edilməsində səy göstərsinlər və İlahi maarifə yiyələnmək üçün o Həzrətin dürəfşan kəlamlarından faydalanmaqla özlərinə pak və parlaq həyat yolu tutsunlar, inşa Allah.

İmam Kazim (əleyhissəlam) hicrətin 128-ci ilində, İslam xilafətinin Əməvilərdən Abbasilərə keçən dövründə (həcc səfərindən qayıdarkən Mədinənin yaxın kəndlərindən biri olan) Əbva adlı bir yerdə dünyaya gəlmişdir.

Həzrətin adı Musa, ləqəbi Kazim, hörmətli anası Həmidə adlı çox fəzilətli bir qadın, əziz atası isə altıncı İmam həzrət Cafəri Sadiq (əleyhissəlam) olmuşdur.

Hicrətin 148-ci ilində İmam Sadiq (əleyhissəlam) şəhid olduqdan sonra həzrət Musa ibn Cəfərin (əleyhiməssəlam) imamlıq dövrü başlamışdır.

Həzrət imam Kazim (əleyhissəlam) təqribən 35 illik imamət dövründə dörd Abbasi xəlifəsinin hakimiyyəti ilə müsadifdir; 10 il Mənsur Dəvaniqi (136-158 h), 11 il Məhdi Abbasi (158-169 h), 1 il Hadi Abbasi ( 169-170 h) və 13 il Harun Abbasi (170-193 h).

O Həzrətin bir neçə kunyəsi olmuşdur, o cümlədən, Əbu İbrahim, Əbul-Həsən əvvəl, Əbul-Həsən mazi və Əbu Əli.

Həmçinin, digərlərinin hörmətsizlikləri müqabilində öz qəzəbini boğması və böyük səbir və hövsələ ilə davranması baxımdan Həzrətə Kazim və çox ibadət etməsinə görə Əbd Saleh və ümumi xalqın hacət və suallarını həll edib onların dərdinə yanması cəhətindən Babul-həvaec ləqəbləri almışdır.

Ümumiyyətlə Əməvi və Abbasi xəlifələri xalq arasında mənəvi nüfuz tapmaq məqsədilə apardıqları səylərə baxmayaraq, tarix boyu ümumi xalq məhəbbəti Peyğəmbəri-Əkrəmin (sallallahu əleyhi və alih) Əhli-Beytindən olan Məsum imamların (əleyhimussəlam) tərəfində olmuş, onlar həm şəxsi ləyaqətləri, həm də Peyğəmbərlə (səlləllahu əleyhi və alih) daha yaxın qohumluqları baxımdan həmişə camaatın nəzərində olmuş, xalq daima onlara hörmət etmişdir.

İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) əmisinin (Abbas ibn Əbdülmüttəlibin) nəslindən olan Bəni-Abbas sülaləsi Peyğəmbərlə (səlləllahu əleyhi və alih) olan qohumluqlarını təbliğ edərək, özlərini xəlifəlik məqamının varisi hesab edirdilər və xalqın rəğbət və məhəbbət bəslədiyi hər bir şəxsin, xüsusən Əhli-Beyt imamlarının böyük hörmət və izzətini aradan aparmaq üçün həmişə ədalətsizlik etmiş və zülmə sığınmışlar.

Həzrət imam Kazim əleyhissəlam imamət dövründə Abbasi xəlifələri tərəfindən bir neçə dəfə zindana aparılmışdır. Harun Ər-Rəşidin dövründə Həzrət Kazim əleyhissəlam iki dəfə zindana məhkum edilmişdir.

Mərhum Kuleyni möhtəşəm Kafi kitabında cild-1, səh. 476 da qeyd edir ki, Harun Abbasinin hökmü ilə həzrət Musa ibn Cəfər əleyhissəlam sonuncu dəfə Mədinə şəhərində tutulur və Bəsrədə İsa ibn Cəfər evində dustaq edilir. Mərhum Şeyx Mufid yazır ki, Harun 180-cı ildə İsa ibn Cəfərdən imamı şəhadətə yetirməsini istəyir, lakin o, bunu edə bilməyəcəyini bildirir (Əl-İrşad, cild-2, səh, 239).

Bir müddət keçdikdən sonra Həzrəti Bağdad şəhərində Fəzl ibn Rəbi zindanına aparırlar. Həzrət Kazim əleyhissəlam ömrünün son illərini Fəzl ibn Yəhya və Sindi ibn Şahək zindanında yaşayır. Nəhayət hicri 183-cü ilində Harunun dəsturu ilə həzrət Musa ibn Cəfər əleyhiməssəlam şəhadətə yetirilir.


Bu böyük və əzəmətli müsibət günü münasibətilə bir daha bütün müsəlmanlara, xüsusən Əhli-Beyt (əleyhimussəlam) sevərlərinə baş sağlığı deyir və bütün möminlərdən bu matəm gününün ehtiramını qorumağı təmənna edirim!

İltimas dua!


Etiketlər :

Həzrət imam Musa ibn Cəfərin (əleyhiməssəlam) şəhadət günü