Camiəyi-Kəbirə ziyarətnaməsinin şərhi

29 April 2024

16:53

۱,۳۸۷

Xəbərin xülasəsi :
«Camiə» ziyarətnaməsini böyük elm tədqiqatçıları və görkəmli din alimləri, o cümlədən, Şeyxut-taifə mərhum Əbu Cəfər Tusi «Təhzib» kitabında və Şeyxul-mu­həddisin mərhum Əbu Cəfər Səduq «Fəqih» və «Üyun» kitablarında nəql etmişlər
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim 

«Camiə» ziyarətnaməsi məna dəqiqliyi və üslub gözəlliyi ilə tanınmış, ən mötəbər ziyarətnamələrdən biridir. İbarələrinin inci quruluşu, fəsahətli məzmunu və bəlağətli dəlaləti, bu ziyarətnamənin Peyğəmbər elminin varisləri tərəfindən bəyan olunduğunu təsdiq edir.

«Camiə» ziyarətnaməsini böyük elm tədqiqatçıları və görkəmli din alimləri, o cümlədən, Şeyxut-taifə mərhum Əbu Cəfər Tusi «Təhzib» kitabında və Şeyxul-mu­həddisin mərhum Əbu Cəfər Səduq «Fəqih» və «Üyun» kitablarında nəql etmişlər.[1]

Mərhum Əllamə Məclisi «Töhfətuz-zair» kitabında yazır:

«İbn Babəveyh və digər görkəmli alimlər «Camiəyi-kəbirə» ziyarətnaməsini mötəbər ravilərə istinad edərək Həzrət İmam Hadi əleyhissəlamdan nəql etmişlər. Bu ziyarətnamə mətn və ravilərinin etibarlığı nöqteyi-nəzərindən «Camiə» ziyarətnamələrinin ən yaxşısı sayılır və məsumların ziyarətgahında oxunmalıdır».[2]

Ümumiyyətlə, hər hansı hədis, dua və ziyarətnamənin məsumlar tərəfindən nəql edilməsini təsdiqləmək üçün bir neçə üsul vardır:

Birincisi: Elmli və islamşünas bir oxucu onun məzmun və ibarələrinin məziyyət­lərini, məna dəqiqliyini, fəsahət və bəlağətini nəzərdən keçirdikdə yəqinliyə çatmalı­dır ki, belə bir kəlamı məsumlardan qeyrisi ifadə edə bilməz.

İkincisi: Tarix boyu alimlər və müctəhidlər o kəlama etimad edərək icrasını lazım bilməli və yaxud ondan faydalanmalıdırlar.

Üçüncüsü: Alimlərin geniş səviyyədə bu kəlama yüksək diqqət və əhəmiyyətlə yanaşmaları da onun məzmununun doğruluğuna inam və etibar yaradır.

Dördüncüsü: «Ricalul-hədis» kitablarında və ravilərin şərhi-halı qeyd olunan mötəbər elmi mənbələrdə bu kəlamı nəql edən bütün ravilər etimadlı tanınmalıdır.

Bu üsulları nəzərə alaraq deyə bilərik ki, «rical» elmi- termininə əsasən, hər hansı hədis, dua və ziyarətnamənin ravilər silsiləsinin «məchul» ya «mürsəl» və yaxud geniş mənada desək, «zəif» adlanmasına baxmayaraq onun məsumlar tərəfindən ifadə olunmasına yəqinlik hasil etmək mümkündür. Elə buna görə bəzən fiqhi kitablarda oxuyuruq ki, İslam tarixinin ilk yüzilliklərində alimlərin nəzərincə bir hədisin «səhih» olması, yeddinci yüzillikdən sonra yaranmış «zəif» termini ilə heç də ziddiyyət təşkil etmir.

İndi isə «Camiəyi-kəbirə» ziyarətnaməsinin qeyd edilən üsullarla nə qədər mü­vafiq olmasını araşdıraq:

Birinci üsul baxımından belə demək olar:

Hər bir agah din alimi «Camiə» ziyarətnaməsini mütaliə etsə, onun dərin məz­munu və ibarələri quruluşunun qeyri-məsum alimin yaradıcı qüvvəsindən xaric ol­masını açıq-aşkar görəcəkdir. Necə ki, «Nəhcul-bəlağə»nin xütbələri, məktubları və hikmətli kəlamları, «Səhifəyi-səccadiyyə»nin duaları, eləcə də bir sıra hədislər, dualar və ziyarətnamələrin məntiqi məzmunu və dolğun mənaları, öz-özlüyündə onların məsumlar tərəfindən ifadə edilməsini təsdiqləyən dəlillərdir. Ona görə əgər bəziləri «Ricalul-hədis» elmi baxımından bu cür əsərlərə hətta «zəif» demiş olsa belə, bu heç də onların etibarına xələl gətirə bilməz.

(ardını izləyin)


[1] «Təhzibul-əhkam», cild 6, səh. 95; «Mən la yəhzuruhul-fəqih», cild 2, səh. 370; «Üyunu əxbarir-Rza», cild 2, səh, 272.

[2] «Şərhe ziyarəte Camiəye kəbirə», (Rza Ustadi), səh. 271.

Etiketlər :

Camiəyi-kəbirə ziyarətnaməsinin şərhi