Həzrət Əli Əkbər əleyhissəlamın şəxsiyyətinə bir baxış

27 April 2024

07:25

۸۷۴

Xəbərin xülasəsi :
Həzrət Əli Əkbərin (əleyhissəlam) şəxsiyyəti barədə danışmazdan öncə bütün Kərbəla şəhidlərinə aid olan bir kəlməni qeyd etmək lazımdır. O da budur ki, onların mələkuta (qeyb aləminə) aid olan mənəviyyatları, cihadlarının dəyəri, fədakarlıqları və bunlara oxşar şəxsiyyətlərini tanıtdıran səciyyəvi cəhətlər baxımından, onların nə keçmişdə bənzəri olmuş və nə də gələcəkdə olacaqdır
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-rahim

Həzrət Əli Əkbər ibn Huseynin (əleyhissəlam) səadətli və mübarək mövlud günü və həmçinin “Gənclər günü” münasibəti ilə sizi təbrik edirik!

السَّلامُ عَلَيْكَ يَا وَلِيَّ اللَّهِ

Salam olsun sənə ey Allahın Vəlisi!

Həzrət Əli Əkbərin (əleyhissəlam) şəxsiyyəti barədə danışmazdan öncə bütün Kərbəla şəhidlərinə aid olan bir kəlməni qeyd etmək lazımdır. O da budur ki, onların mələkuta (qeyb aləminə) aid olan mənəviyyatları, cihadlarının dəyəri, fədakarlıqları və bunlara oxşar şəxsiyyətlərini tanıtdıran səciyyəvi cəhətlər baxımından, onların nə keçmişdə bənzəri olmuş və nə də gələcəkdə olacaqdır.

Təəssüflər olsun ki, Kərbəla hadisələrinin və şəhidlərinin tanınması barədə araşdırmalar lazımi qədər aparılmamış və bu haqda kamil şəkildə tədqiq edilməmişdir.

Həzrət Əli Əkbər (əleyhissəlam) Kərbəlaya yetişərkən buyurdu: Bu diyarda bir çoxları şəhid olacaqdır ki;

لا يَسْـبـقُهُمْ مَنْ كَانَ قَبْلَهُمْ، وَ لَا يَلْحَقُهُمْ مَنْ کَانَ بَعْدَهُمْ 

“Nə keçmişdə onları ötüb keçən olmuş və nə də sonradan gələnlər onlara çatacaqdır!”[1]

Həzrət Əli Əkbərin (əleyhissəlam) şəxsiyyəti barədə nə qədər deyilsə və yazılsa belə, bu mövzunun haqqı layiqincə əda edilməyəcəkdir.

Yaxşı olar ki, atası Həzrət  İmam Hüseynin (əleyhissəlam) kəlamını qeyd edək. Həzrət Allah-taalaya ərz etdi:

اَللَّهُمَّ اشْهَدْ عَلَي هؤُلاءِ الْقَوْمِ فَقَدْ بَرَزَ اِلَيْهِمْ غُلامٌ اَشْبَهُ النَّاسِ خَلْقاً وَ خُلْقاً وَ مَنْطِقاً بِرَسُولِكَ

İlahi Özün şahid ol, bu qövmə tərəf elə bir gənc hərəkət etdi ki, həm zahiri və həm batini xilqəti, həm nitqi və danışığı baxımdan Sənin Peyğəmbərinin (sallallahu əleyhi və alih) ən çox oxşarıdır! Biz hər vaxt Peyğəmbərin (s) mübarək üzünün görməsi şövqündə olduqda onun üzünə baxardıq”.[2]

Bu mətləblərin hər biri, xüsusilə bunun Məsum İmamın (əleyhissəlam) mübarək dilindən deyilməsi Həzrət Əli Əkbərin (əleyhissəlam) mərifət dəryası olmasından xəbər verir. Bir nəfərin Peyğəmbəri Əkrəmə (sallallahu əleyhi və alih) üç cəhətdən oxşadılması adi deyildir:

1- Zahiri görünüşdən və cismi cəhətdən oxşarlığını tam irs aparmasına;

2- Mənəvi və batini oxşarlığı, “Peyğəmbərin (sallallahu əleyhi və alih) əzəmətli əxlaqı”ndan irs aparmasının daha dəyərli cilvəsidir;

3- Danışığı, bəyan etmə qabiliyyəti, hikmətli kəlamları deməsi, bu dəyərli şəxsin kamil insan olmasını bildirir.

Həzrət imam Hüseynin (əleyhissəlam) mübarək rəcəb ayında oxunan ziyarətnaməsində oğlu həzrət Əli Əkbərin (əleyhissəlam) pak və məsum Əhli-Beytdən (əleyhimussəlam) olmasını açıq-aşkar bəyan edilməsi, həzrət Əli Əkbərin (əleyhissəlam) məsum olmasını bildirir:

"وَ جَعَلَکَ مِنْ أَهْلِ الْبَيْتِ الَّذِينَ أَذْهَبَ اللَّهُ عَنْهُمُ الرِّجْسَ وَ طَهَّرَهُمْ تَطْهِيراً"

“(Allah-taala) səni Əhli-Beytdən (əleyhimussəlam) qərar verdi, hansı ki, onlardan hər növ pisliklər və çirkinlikləri uzaqlaşdırmaqla, onları pak-pakizə etmişdir.”[3]

Yenə də diqqət ediləsi məqam budur ki, həzrət imam Hüseyn (əleyhissəlam) oğlu həzrət Əli Əkbəri (əleyhissəlam) döyüş meydanına göndərərkən peyğəmbərlər və imamların məsum olmalarına dəlalət edən  “Ali İmran” surəsinin 33 və 34-cü ayələrini onun haqqında oxudu ki, bu məsələ də o Həzrətin (əleyhissəlam) məsum olmasına dəlalət edən daha bir dəlildir. Bu mübarək ayələrin izahı barəsində dəyərli “Əl-mizan” təfsirinə müraciət edilməsi tövsiyə edilir.

Xülasə olaraq deyək ki, həzrət Əli Əkbər (əleyhissəlam) həzrət Peyğəmbər (sallallahu əleyhi və alih), həzrət imam Əli (əleyhissəlam) və həzrət imam Hüseynin (əleyhissəlam) gözəllik və əzəmətinin kamil güzgüsü olmuşdur. O öz pak qanı ilə İslamın yaşaması və qalmasına davamlıq bağışladı.

Allah-taala hamımıza o Həzrətin (əleyhissəlam) mərifət ilə qəbul edilmış ziyarətini, həmçinin dünya və axirətdə şəfaətini nəsib etsin! Amin, ya Rəbbəl aləmin!

Mənbələr:

[1] “Təhzibul-əhkam”, cild- 6, səh. 65

[2] “Biharul-ənvar”, cild- 45, səh. 43

[3] “Məfatihul-cinan”, həzrət imam Hüseynin (əleyhissəlam) rəcəb ayında ziyarətnaməsi. 

İltimas dua!

Etiketlər :

Həzrət Əli Əkbər əleyhissəlamın şəxsiyyətinə bir baxış