Həzrət Cəfər ibn Muhəmməd əs-Sadiq əleyhiməssəlamın şəhadəti

26 April 2024

15:33

۱,۰۰۲

Xəbərin xülasəsi :
Hicri-qəməri 1439-cu il şəvval ayının 25-i, miladi 2018-ci il iyul ayının 9-u imamət və xilafət səmasının parlaq ulduzu Peyğəmbər (sallallahu əleyhi və alih) canişinlərinin altıncısı həzrət Cəfər ibn Muhəmməd əs-Sadiq əleyhiməssəlamın şəhadət günüdür. Bu əzəmətli müsibəti ilk növbədə zamanın imamı həzrət Bəqiyyətillah, Hüccət ibn Həsənə (əccəlallahu taala fərəcəhuş-şərif) təsəlli deyir və həmçinin bütün mömin bacı-qardaşlara başsağlığı veririk. Ümid edirik əziz möminlər Əhli-Beyt əleyhimussəlamın təlim və tərbiyə məktəbindən kifayət qədər bəhrələnərək Allah-taalanın dərgahında layiqli ibadətlərə nail olsunlar

آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Hicri-qəməri 1439-cu il şəvval ayının 25-i, miladi 2018-ci il iyul ayının 9-u imamət və xilafət səmasının parlaq ulduzu Peyğəmbər (sallallahu əleyhi və alih) canişinlərinin altıncısı həzrət Cəfər ibn Muhəmməd əs-Sadiq əleyhiməssəlamın şəhadət günüdür. Bu əzəmətli müsibəti ilk növbədə zamanın imamı həzrət Bəqiyyətillah, Hüccət ibn Həsənə (əccəlallahu taala fərəcəhuş-şərif) təsəlli deyir və həmçinin bütün mömin bacı-qardaşlara başsağlığı veririk. Ümid edirik əziz möminlər Əhli-Beyt əleyhimussəlamın təlim və tərbiyə məktəbindən kifayət qədər bəhrələnərək Allah-taalanın dərgahında layiqli ibadətlərə nail olsunlar.

Altıncı İmamın adı Cəfər, künyəsi Əbu-Abdullah, ləqəbi Sadiq, əziz atası İmam Baqir (əleyhissəlam), hörmətli anası isə Ümmü-Fərvə olmuşdur.

Həzrət imam Sadiq (əleyhissəlam) hicrətin səksən üçüncü ilində rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya gəlmiş, hicrətin yüz qırx səkkizinci ili, altmış beş yaşında, dövrün qəsbkar xəlifəsi Mənsur Dəvaniqi tərəfindən şəhadətə çatmışdır. Müqəddəs məzarı Mədinə şəhərinin “Bəqi” qəbiristanlığında, əziz atasının məzarı kənarındadır.

İmam Sadiq (əleyhissəlam) hicrətin yüz on dördüncü ilində İmamətə yetişmişdir. O Həzrətin İmamət dövrü hicrətin yüz otuz ikinci ilində başa çatmış və bu dövr Əməvilər hakimiyyətinin sonları və Abbasilər sülaləsinin əvvəllərinə təsadüf edir.

Həzrət İmam Sadiq (əleyhissəlam) aşağıda adları çəkilən Əməvi xəlifələrini müasiri olmuşdur:

Hişam ibn Əbdülməlik (105-125 h.q);

Vəlid ibn Yezid ibn Əbdülməlik (125-126 h.q);

Yezid ibn Vəlid ibn Əbdülməlik (126 h.q);

İbrahim ibn Vəlid ibn Əbdülməlik (hicrətin yüz iyirmi altıncı ilinin cəmi yetmiş gününü);

Mərvan ibn Məhəmməd (Mərvani Himar) (126-132 h.q);

Abbasi xəlifələrindən isə aşağıdakıların müasiri olmuşdur:

Abdullah ibn Məhəmməd (Səffah) (132-137 h.q);

Əbu-Cəfər (Mənsur Dəvaniqi) (137-158 h.q);[1]

Həzrət imam Sadiq əleyhissəlamın elmi əzəmət və yüksəkliyinə aid çoxlu sübutlar vardır. Bu məsələ həm şiə həm də sünni alimlərinin qəbul etdiyi bir mövzudur. Böyük alim və fəqihlər onun elm mərtəbəsinin yüksəkliyi qarşısında diz çökür onun elm sahəsində üstün olduğunu tərifləyirlər.

Tanınmış Hənəfi firqəsinin banisi Əbu-Hənifə deyirdi: “Mən Cəfər ibn Məhəmməd əleyhissəlamdan (İmam Sadiqdən) savadlı şəxs görməmişəm.”[2] 

O həmçinin, deyirdi: “Mənsur (Dəvaniqi) Cəfər ibn Məhəmməd əleyhissəlamı hüzuruna çağıran zaman məni çağırıb dedi: “Camaat Cəfər ibn Məhəmmədin vurğunu olmuşdur onu məhkum etmək üçün bir sıra çətin məsələləri nəzərində tut.” Mən qırx dənə çətin məsələ hazırladım. Bir gün Mənsur Hiyrədə olarkən məni çağırtdırdı. Məclisə girərkən gördüm ki Cəfər ibn Məhəmməd (İmam Sadiq əleyhissəlam) onun sağında oturub. Ona baxdıqda heybəti məni elə bürüdü ki heç Mənsuru görəndə elə olmurdum. Salam verib Mənsurun işarəsindən sonra oturdum. Mənsur üzünü ona (İmam Sadiq əleyhissəlama) tutub dedi: “Bu Əbu-Hənifədir.” O cavab verdi ki, tanıyıram. Sonra Mənsur üzünü mənə tutub dedi: “Ey Əbu-Hənifə! Öz məsələlərini Əbu-Abdullah (İmam Sadiq əleyhissəlam) ilə müzakirəyə qoy.” Mən də məsələləri deməyə başladım. Hər hansı məsələni soruşurdumsa, dərhal cavab verirdi ki, sizin bu məsələ barədə əqidəniz filan, Mədinə əhalisinin əqidəsi filan, bizim əqidəmiz də filandır. Bəzi məsələlərdə bizimlə həmfikir olur, bəzilərində Mədinə əhalisi ilə, bəzilərində isə fikri tamam başqa olurdu. Bu minvalla düz qırx məsələ soruşdum ki, hamısına cavab verdi.” Əbu-Hənifə bura yetişəndə İmam Sadiq əleyhissəlama işarə edərək dedi: “O insanların ən alimi onların fiqhi məsələlərə aid olan ixtilaflarını bilən ən agah adamdır.”[3]

Maliki məzhəbinin banisi Ənəs ibn Malik deyirdi: “Bir müddət Cəfər ibn Məhəmməd əleyhissəlamın yanına gedib-gəlirdim. Onu daima bu üç halda gördüm: ya namaz qılırdı, ya oruc tuturdu, ya da Quran oxuyurdu. Onu dəstəmazsız hədis danışan görmədim. Elm ibadət və təqvada Cəfər ibn Məhəmməd əleyhissəlamdan üstün bir şəxsi nə bir göz görmüş, nə bir qulaq eşitmiş, nə də heç kimin fikrinə belə gəlməmişdir.”[4]

Mərhum Şeyx Müfid yazır: “O Həzrətdən o qədər elm söylənilib ki, artıq bütün müsəlmanların yanında məşhur olmuş, onun səs-sədası hər tərəfə yayılmış, onun nəslindən olanların heç birindən onun söylədiyi qədər elm söylənilməmişdir.[5]

Onuncu əsrin görkəmli alimlərindən olan Əbu Bəhr Cahiz deyir: “Cəfər ibn Məhəmməd (əleyhissəlam) elə bir şəxsdir ki, onun elmi bütün dünyanı əhatə etmiş, deyilənlərə görə Əbu-Hənifə və eləcə də, Süfyan Suri onun şagirdlərindən olmuşdur. Bu iki nəfərin onun şagirdi olması onun elmi yüksəkliyini sübut etmək üçün kifayət edər.”[6]

 Məşhur tarixçi ibn Xəllikan yazır: “O on iki İmamlı şiələrin İmamlarından biri Peyğəmbər (sallallahu əleyhi və alih) ailəsinin böyük şəxsiyyətlərindən biri olmuşdur. Düzgünlüyünə və doğru danışdığına görə onu Sadiq adlandırmışlar. Onun fəzilət və kəraməti o həddədir ki, daha bunu şərh etməyə ehtiyac yoxdur. Əbu-Musa Cabir ibn Həyyan Tərtusi  onun şagirdi olmuşdur. Cabir İmam Sadiq əleyhissəlamın təlimlərini ehtiva etmiş və beş yüz risalədən ibarət olan min vərəq həcmində bir kitab yazmışdır.[7]

İndi isə həzrət Cəfər ibn Muhəmməd imam sadiq əleyhiməssəlamın dürəfşan hədislərindən sizə təqdim edirik.

Həzrət Sadiq əleyhissəlam buyurmuşdur:

لا يَكْمُلُ إيمانُ الْعَبْدِ حَتّى تَكُونَ فيهِ أرْبَعُ خِصال: يَحْسُنُ خُلْقُهُ، وَ سَيْتَخِفُّ نَفْسَهُ، وَ يُمْسِكُ الْفَضْلَ مِنْ قَوْلِهِ، وَ يُخْرِجَ الْفَضْلَ مِنْ مالِهِ.

“İnsanda dörd xislət olmayınca onun imanı kamil olmaz: əxlaqı gözəl olsun, özünü kiçik tutsun, danışığına məhəl qoysun, malının artığını-həqqullah və həqqunnası-ödəsin.”[8]

Həmçinin Həzrət buyurmuşdur:

مَنْ مَلَكَ نَفْسَهُ إذا رَغِبَ، وَ إذا رَهِبَ، وَ إذَااشْتَهى، وإذا غَضِبَ وَ إذا رَضِىَ، حَرَّمَ اللهُ جَسَدَهُ عَلَى النّارِ.

“Hər kəs dörd halda öz nəfsinə hakim ola bilsə, Allah-taala cəhənnəm odunu ona haram edər: yaşayışın rifah və firavanlıq dövründə, çətinlik və çatışmamazlıq halında, arzu və istək halətində, qəzəb və hirsləndikdə.”[9]

Həmçinin həzrət Sadiq əleyhissəlam buyurur:

حَديثٌ فى حَلال وَ حَرام تَأخُذُهُ مِنْ صادِق خَيْرٌ مِنَ الدُّنْيا وَ ما فيها مِنْ ذَهَب وَفِضَّه.

“Allah-taalanın dininin öyrənməkdə: əhkam məsələlərində halal və haramı sədaqətli və mömin bir şəxsdən əxz etsən, dünya malını ələ gətirməkdən (qızıl-gümüşə sahib olmaqdan) daha üstün və əfzəldir.”[10]

İnşaallah, gələn günlərdə bir daha həzrət imam Sadiq əleyhissəlamın qiymətli kəlamlarından xidmətinizə təqdim edəcəyik.

İltimas dua!

[1] “Vəsailuş-şiə”, cild-25, səh. 147

[2] “Vəsailuş-şiə”, cild-11, səh. 412


[3] “Əl-Əmali”, Mərhum Şeyx Səduq, səh. 253

[4] “Vəfəyatul-əyan”, cild-1, səh. 327

[5] “Əl-İmamus-Sadiq vəl məzahibul ərbəə”, cild-1, səh. 55

[6] “Əl-İmamus-Sadiq vəl məzahibul ərbəə”, cild-1, səh. 55


[7] “Əl-irşad”, səh. 270


[8] “Əl-İmamus-Sadiq vəl məzahibul ərbəə”, cild-1, səh. 53

[9] “Təzkirətul-huffaz”, cild-1, səh. 166

[10] “Biharul-ənvar”, cild-47, səh. 217

 

Etiketlər :

Həzrət Cəfər ibn Muhəmməd əs-Sadiq əleyhiməssəlamın şəhadəti