Həzrət Fatimei-Zəhra əleyhasəlamın şəhadət günü

26 April 2024

14:36

۴۳۵

Xəbərin xülasəsi :
Fatimei-Zəhranın mərasimləri ilə o Həzrətin şəhadətini ehya etmək, Əmirəl-möminin əleyhissəlamın xatirəsini yaşatmaqdır, Əli əleyhissəlam Rəsulullahın özü və şəxsi olduğu üçün, deməli, Xatəmun-nəbinin də xatirəsini ehya etməkdir, Ənbiyanın seyyidinin xatirəsini ehya etmək, bütün ənbiya və rəsulların xatirəsinin ehyasıdır
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Fatimei-Zəhra əleyhasəlamın şəhadət günü

اَللَّهُمَّ صل علی فَاطِمَةَ وَ أبِيهَا وَ امها و  بَعْلِهَا وَ بَنِيهَا وَ السِّرِّ المُسْـتَودَعِ فِيهَا بعدد ما احاط به علمک
Fatimei-Zəhranın mərasimləri ilə o Həzrətin şəhadətini ehya etmək, Əmirəl-möminin əleyhissəlamın xatirəsini yaşatmaqdır, Əli əleyhissəlam Rəsulullahın (sallallahu əleyhi və alih) özü və şəxsi olduğu üçün, deməli, Xatəmun-nəbinin (sallallahu əleyhi və alih) də xatirəsini ehya etməkdir, Ənbiyanın seyyidinin xatirəsini ehya etmək, bütün ənbiya və rəsulların xatirəsinin ehyasıdır və Allah peyğəmbərlərinin xatirələrini ehya etmək, aləmlərin Rəbbinin ibadəti və mərifətidir.

Həzrət Fatimə əleyhasəlamı tanımaq insana tövhid və təkallahlılıq mərifəti verir və insanda bu mərifətin dərəcələrini artırır. Fatimei-Zəhra əleyhasəlam Allah-taalaya olan mərifətin ən yüksək zirvəsindədir. Ona görə Allah-taala onun ibadəti ilə mələklərin yanında öyünüb fəxr edir. Fatimei-Zəhra əleyhasəlamın mərifəti insanı İlahi tövhidin əmin və etibarlı vadisinə yönəldir. Həzrət Fatimə əleyhasəlamı tanımaq və ona mərifət kəsb etmək, Peyğəmbəri tanımaq və ona mərifət tapmaqdır. Onun vücudunu dərk etmək, varlıq aləminin çoxlu sirləri və həqiqətlərinin aydınlaşması üçün bir açardır.

Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) risalətinin müqabilində ilk vəzifəmiz onun Əhli-beytini yaxşı tanımaq və qəlblərimizi onların maarifinin nuruna və müqəddəs vilayətinə qovuşdurmaq olmalıdır. Ancaq onların mərifətinin bərəkəti sayəsində zəlalətdən amanda qalıb, Allahın dinini tanıya bilərik.

Həzrət Fatimei-Zəhra əleyhasəlam bütün zahiri və batini kamilliklərə malik bir xanımdır. Xanım Fatimə əleyhasəlam dünya xanımlarının ən şərəflisi, bütün insanlar üçün, istər qadın, istərsə də kişi, kamil və hərtəfəfli nümunədir. Belə deyə bilərik ki, həzrət Əli ibn Əbi Talib əleyhissəlam Peyğəmbər elminin şəhəridirsə, Fatimei-Zəhra əleyhasəlam  Peyğəmbərin bir çox kamal dərəcələrinə çatmaq üçün aydın bir yoldur.

Razılığı və qəzəbi Allahın razılığı və qəzəbinin mehvəri və səbəbi olan bir şəxs, şübhəsiz, Allahın və Peyğəmbərin mərifət qapısı da olacaqdır.

Fatimei-Zəhra əleyhasəlam Quran baxımından, Allah yanında, Peyğəmbər və Əhli-beytin nəzərində, ibadət, əzan, namaz, dua, hədis, salavat, munacat, ziyarət, zikir, təvəssül, əzadarlıq, əxlaq, mərifət, mənəviyyat və s. məsələlərdə həmişə mehver və nümunədir.

Quran baxımından, “Mubahilə”, “Təthir” və “Məvəddət” ayələri, “Qədr” və “Kövsər” surələri və s. Bu ayə və surələrin hər biri barədə cild-cild kitablar yazılıb və burada bütün mətləblərə hətta qısa işarə də etmək fürsəti yoxdur, amma bu qədər deyim; Mubahilə ayəsinin çoxsaylı təfsirində qeyd olunur: Elə ki,  həzrət Peyğəmbər (sallallahu əleyhi və alih), həzrət Əli, həzrət Fatimə, həzrət Həsən və həzrət Huseyn əleyhimussəlam Nəcran məsihiləri ilə ehticac və mübahiləyə hazır olurlar, Peyğəmbər buyurur: İlahi bunlar mənim Əhli-beytimdir. Yəni Sənin yanında bunlardan əziz və sevimli şəxsləri tanımıram. Mübahilə mahiyyətini dərk edən hər bir şəxs bu cümlənin mənasını yaxşı bilir. Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) qızı Fatimei-Zəhra əleyhasəlam barədə buyurduğu yüksək məzmunlu hədisləri də bilirsiz. Yalnız biri budur ki, “Hər kəs Fatiməyə əziyyət etsə, mənə əziyyət edib və hər kəs mənə əziyyət etsə, Allaha əziyyət etmişdi.” Daha burada vaxt yoxdur ki, mübarək ayəni oxuyum və onun tək-tək kəlmələrini araşdırım və həzrət Fatiməyə ehtiram və təzim olaraq “Nisaəna” – qadınlarımız, deyə Allah-taalanın kəlamını ciddi tədqiq edim.

Təthir ayəsini hamınız əzbərdən bilirsiz, üzərində hətta bu qədər izah verməyə ehtiyac yoxdur. Qurani-kərim buyurur: “Allah-taala iradə edir ki, siz Əhli-beytdən hər növ pisliyi və natəmizliyi uzaq etsin.” İbni Cərir, İbn Əbi Hatəm, Təbərani (bunlar hamısı əhli-təsənnün üçün etibarlı hədis alimləridir), bunlar Əbi Səid Xudridən nəql edirlər ki, Peyğəmbər  buyurdu: “Təthir ayəsi:

"إِنَّما یُرِیدُ اللَّهُ لِیُذْهِبَ عَنْکُمُ الرِّجْسَ أَهْلَ الْبَیْتِ وَ یُطَهِّرَکُمْ تَطْهِیراً"

- beş şəxsin barəsində nazil olub; Mən, Əli, Fatimə, Həsən və Huseyn əleyhimussəlam.” 

Bütün müsəlmanların müttəfiq nəzəri budur ki, həzrət Fatimə əleyhasəlam Əhli-beytin ən bariz üzvüdür.

Məvəddət ayəsi:

» قُل لَّا أَسْأَلُکُمْ عَلَیهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِی الْقُرْبَی«

Allah-taala buyurur, ey Peyğəmbər! “De ki, risalətim müqabilində sizdən heç bir əcr və mükafat istəmirəm, yalnız mənim ən yaxın ailə üzvlərimə məhəbbət edin!”

Əhli-təsənnün alimi Əhməd ibn Hənbəl öz “Müsnəd” kitabında Səid ibn Cubeyrdən o da İbn Abbasdan hədisdə nəql edir ki, bu ayə nazil olduqda Peyğəmbərdən soruşdular, ya Rəsuləllah (sallallahu əleyhi və alih) ən yaxın ailə üzvlərin dedikdə kimləri nəzərdə tutursan? Həzrət buyurdu: “Əli, Fatimə, Həsən və Huseyn- (əleyhimussəlam)”

Bir incəliyi xatırladıram, burada adı çəkilən bəzi hədis mənbələri ona görə deyil ki, biz onları özümüzə dəlil və sözümüzün təsdiqi üçün etibarlı bilirik, əksinə bunlara işarə edirik ki, hətta əhli-təsənnün də bizim dediklərimizə dəlil, sübut gətiriblər.

“Qədr” surəsi:

إِنَّا أَنْزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ

Allah-taala buyurur: “Biz onu (Quranı) Qədr gecəsində nazil etdik.”

Öncə bunu deyim ki, bu mübarək surənin təfsirində o qədər böyük elm və hikmətlər vardır ki, saymaqla qurtarmaz. Fəqət “ənzəlnahu” kəlməsində gələn “hu” işarəsi (zəmir muttəsil) barəsində, bir kitab yazmaq olar. Yəni “onu nazil etdik”  dedikdə, məqsəd nədir?

 Hədəfdən yayınmayım, həzrət imam Sadiq (əleyhissəlam) Qədr surəsinin təfsirində buyurur:

»اللیلة»، فاطمة و «القدر»، الله فمن عرف فاطمة حق معرفتها فقد ادرک لیلة القدر «

“Biz Quranı Qədr gecəsində nazil etdik.” Burada “gecə” dedikdə, məqsəd Fatimədir, “Qədr” dedikdə isə Allahdır. Hər kəs Fatiməni layiqincə tanısa, Qədr gecəsini də dərk edəcəkdir.[1]

“Kəvsər” surəsi:

إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ

“Biz sənə “Kövsər” əta etdik.”

Bu barədə müxtəsərdə olsa danışmışam, demək olar ki, bütün şiələrin əzbər bildiklərini danışmışam, heç bir əlavə söz deməmişəm. Bu da həm mənim üçün, həm də şiələr üçün iftixardır.

Halal olsun, anamız həzrət Zəhranın barəsində bu qədər ciddi və diqqətlisiz. Amma səmimi deyim ki, Siddiqei-kubra  Zəhra əleyhasəlamın məqam və əzəməti müqabilində bu bildiklərimizə kifayətlənsək, dünya və axirətdə əvəzedilməz xəsarət görərik. Odur ki, hər bir Əhli-beyt sevərinə fərz və vacibdir ki, Fatimei-Zəhra əleyhasəlamı mümkün qədər artıq tanısın.

 


[1] Biharul-ənvar, cild-43, səh. 


Etiketlər :

Həzrət Fatimə əleyhasəlam Quran baxımından