Həzrət imam Musa ibn Cəfərin (əleyhiməssəlam) şəhadəti

29 March 2024

06:13

۸۷۶

Xəbərin xülasəsi :
Hicri-qəməri 1439-cu il rəcəb ayının 25-i, miladi 2018-ci il aprelin 12-si İmamət və Vilayət səmasının yeddinci parlaq ulduzu həzrət imam Musa ibn Cəfərin (əleyhiməssəlam) şəhadət günüdür. Bu böyük əza gününü ilk növbədə həzrət Sahib Zaman əleyhissəlama və həmçinin Əhli-beyt (əleyhimussəlam) aşiqlərinə təsəlli və başsağlığı deyirik
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Hicri-qəməri 1439-cu il rəcəb ayının 25-i, miladi 2018-ci il aprelin 12-si İmamət və Vilayət səmasının yeddinci parlaq ulduzu həzrət imam Musa ibn Cəfərin (əleyhiməssəlam) şəhadət günüdür. Bu böyük əza gününü ilk növbədə həzrət Sahib Zaman əleyhissəlama və həmçinin Əhli-beyt (əleyhimussəlam) aşiqlərinə təsəlli və başsağlığı deyirik. Ümid edirik əzizlər bu qəmli-qüssəli gündə sabir əqidəmizə uyğun şəkildə əzadarlıq məclisləri təşkil etsinlər və Əhli-beytin (əleyhimussəlam) tanıtdırılmasında bacardıqları səyi göstərsinlər.

O Həzrətin adı Musa, ləqəbi Kazim, hörmətli anası Həmidə adlı çox fəzilətli bir qadın, əziz atası isə altıncı İmam həzrət Sadiq (əleyhissəlam) olmuşdur. İmam Kazim (əleyhissəlam) hicrətin yüz iyirmi səkkizinci ilində (Mədinənin yaxın kəndlərindən biri olan) Əbva adlı bir yerd dünyaya gəlmiş hicrətin yüz səksən üçüncü ilində şəhid olmuşdur.

Hicrətin yüz qırx səkkizinci ilində İmam Sadiq (əleyhissəlam) şəhid olduqdan sonra İmam Kazim əleyhissəlamın İmamlıq dövrü başlamışdır.

Seyyid ibn Tavus yazır: “İmam Kazim əleyhissəlamın xüsusi dostlarından böyük bir qismi və həmçinin, Bəni-Haşim qəbiləsinin böyük şəxsiyyətləri o Həzrətin ətrafına yığışaraq onun dürəfşan kəlamlarını suallara verdiyi cavabları və irəli çıxan məsələlər haqqında verdiyi hökmləri qeyd edirdilər.”

Seyyid Əmir Əli yazır: “Hicrətin yüz qırx səkkizinci ilində İmam Sadiq (əleyhissəlam) Mədinə şəhərində vəfat etdi. Ancaq xoşbəxtlikdən onun təşkil etdiyi elm ocağı bağlanmadı əksinə o Həzrətin canişini – oğlu İmam Kazim əleyhissəlamın rəhbərliyi sahəsində bu elm ağacı öz parlaqlığını daha da qorudu.

Musa ibn Cəfər (İmam Kazim (əleyhissəlam)) öz dövrünün bütün alimlərini heyrətə gətirməklə yanaşı, həm də əxlaqi dəyərlər və ali insani sifətlər baxımından da ad çıxarmışdı. Belə ki o Həzrətin iftixar dolu həyatı ilə tanışlığı olan alimlərin hamısı onun əxlaqı qarşısında baş əyirlər.

İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) əmisinin (Abbas ibn Əbdülmüttəlibin) nəslindən olan Bəni-Abbas sülaləsi Peyğəmbərlə (səlləllahu əleyhi və alih) olan qohumluqlarından təbliğ cəhətində istifadə edib özlərini xəlifəlik məqamının varisi hesab edirdilər.

Həm şəxsi ləyaqətləri olan həm də Peyğəmbərə (səlləllahu əleyhi və alih) daha yaxın olan şiənin məsum İmamları həmişə camaatın nəzərində olmuş camaat daima onlara hörmət etmişdir. Əməvi və Abbasi xəlifələrinin mənəvi nüfuz tapmaları üçün apardıqları səylərə baxmayaraq, tarix göstərmişdir ki ümumi məhəbbətin ölçüsü həmişə İmamların tərəfində olmuşdur.

Bu məsələ Abbasi xəlifələri arasında hamıdan çox Harun ər-Rəşidin dövründə özünü göstərmişdir. Hökumət dairəsinin bu qədər genişliyi və həmçinin, imkanlarının çox olmasına baxmayaraq, qəlblərin hələ də, İmam Museyi-Kazim əleyhissəlamla olmasını bilən Harun bu məsələdən çox narahat olur və o Həzrətin mənəvi nüfuzunun azalması üçün gizli hiylələrini işə salırdı. “Camaat öz xüms-zəkatını gizli şəkildə Musa ibn Cəfər əleyhissəlama verir və bu hərəkət ilə həqiqətdə onun xəlifə olduğunu rəsmiyyətlə tanımış Abbasi hökumətini isə qeyri-qanuni hökumət bilir” - xəbərinin hər gün Haruna çatdırılması onun üçün dözülməz idi. Elə buna görə də, Harun bir dəfə İmam Kazim əleyhissəlamı Kəbənin kənarında gördükdə, ona deyir: “Camaatın gizlicə beyət edib rəhbər bildikləri şəxs sənsən?” İmam Kazim (əleyhissəlam) buyurdu: “Mən camaatın qəlb və ruhuna hakiməm sən isə onların quru bədənlərinə hakimsən.”

Harun Peyğəmbərlə (səlləllahu əleyhi və alih) olan qohumluq əlaqəsinə açıq-aşkar arxalanıb yeri gəldikcə ondan istifadə edirdi. O bir gün Mədinə şəhərinə gəlib Peyğəmbər (səlləllahu əleyhi və alih) məzarının ziyarətinə gedir. Orada Qüreyş və digər qəbilələrdən çoxlu sayda adam toplaşmışdı. Harun Peyğəmbərin (səlləllahu əleyhi və alih) hərəminə çatdıqda, üzünü o Həzrətin müqəddəs məzarına tutub dedi: “Salam olsun sənə, ey Allahın Peyğəmbəri! Salam olsun sənə, ey əmi oğlu!” O, camaatın arasında Peyğəmbərlə (səlləllahu əleyhi və alih) əmioğlu olduğunu camaata eşitdirib bilərəkdən bununla fəxr edir və istəyirdi ki qoy camaat xəlifənin Peyğəmbərlə (səlləllahu əleyhi və alih) əmioğlu olduğunu bilsin. Bu zaman camaatın arasında olan İmam Kazim (əleyhissəlam) Harunun bu fikrini başa düşüb Peyğəmbərin (səlləllahu əleyhi və alih) qəbrinə yaxınlaşaraq uca səslə buyurur: “Salam olsun sənə, ey Allahın Peyğəmbəri! Salam olsun sənə, ey ata!” Harun bu sözdən bərk qəzəbləndi. Belə ki rəngi dəyişib ixtiyarsız olaraq dedi: “Doğrudan da bu bir şərəfdir.”

Beləliklə, Harun da öz babalarının yolunu gedərək Əhli-beytin (əleyhimussəlam) və xüsusən həzrət imam Kazim əleyhissəlamın Peyğəmbərlə (səlləllahu əleyhi və alih) olan nisbətinə dözməyib o Həzrəti özünə mane və kiçiklik sandı. Elə ona görə də həqiqəti gizlətmək və Allah-taalanın təyin etdiyi müqəddərata zidd çıxaraq həzrət imam Musa ibn Cəfəri (əleyhiməssəlam) uzun müddət zindanlarda ağır şəraitdə saxlatmaq ilə kifayətlənmədi və nəhayət o Həzrətin qətlinə fərman verdi. Hicri 183-cü il, rəcəb ayının 25-i həzrət Kazim əleyhissəlam Harunun zindanında zəhər vasitəsilə şəhadətə yetirildi.


Etiketlər :

Həzrət imam Musa ibn Cəfərin (əleyhiməssəlam) şəhadəti