Seyyid Bətha həzrət Əbu Talibin (əleyhissəlam) vəfatı

20 April 2024

16:15

۹۰۰

Xəbərin xülasəsi :
Hicrətdən üç il əvvəl, besətin 10-cu ili, rəcəb ayının 26-ı həzrət Əmirəl-möminin Əli əleyhissəlamın əziz atası, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) himayədarı Seyyid Bətha həzrət Əbu Talibin (əleyhissəlam) vəfat günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Hicrətdən üç il əvvəl, besətin 10-cu ili, rəcəb ayının 26-ı həzrət Əmirəl-möminin Əli əleyhissəlamın əziz atası, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) himayədarı Seyyid Bətha həzrət Əbu Talibin (əleyhissəlam) vəfat günüdür. Bu qəmli və kədərli gün münasibəti ilə öncə həzrət İmam Zaman əleyhissəlama, eləcə də bütün şiələrə və Əhli-beyti (əleyhimussəlam) sevənlərə təsəlli və başsağlığı deyirik.

O Həzrətin adı İmran, atası cənab Əbdul-Muttəlib və anası Fatimə bint Əmr ibn Ayiz olub. Əbu Talib həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) atası Abdullah və Zubeyr ibn Əbdul-Muttəlib ilə bir ata və anadan olan qardaş olmuşdur. Əbdul-Muttəlibin digər övladları isə bu üç nəfər ilə ancaq ata tərəfdən bir olmuşlar.

Mərhum Əllamə Məclisi buyurur: həzrət Əbu Talibin heç bir zaman bütləri sitayiş etməyib İslamı qəbul etməsində və onun həzrət Peyğəmbərə (sallallahu əleyhi və alih) iman gətirməsində Əhli-beyt tərəfdarları müttəfiq surətdə inamlıdırlar. Əslində Əbu Talib həzrət İbrahimin (əleyhissəlam) vəsilərindən biri olmuşdur.

Mərhum Şeyx Səduq yazır: hədisdə deyilir ki, cənab Əbdul-Muttəlib (əleyhissəlam) İlahi hüccət və cənab Əbu Talib (əleyhissəlam) isə onun vəsisi olmuşdur. Bəzi hədislərə əsasən peyğəmbərlərin əmanətləri, o cümlədən, həzrət Musanın (əleyhissəlam) əsası, həzrət Suleymanın (əleyhissəlam) üzüyü və s. Əbdul-Muttəlibin (əleyhissəlam) vasitəsilə Əbu Talibə (əleyhissəlam) yetişmiş, o da öz növbəsində onları həzrət Xatəm Ənbiyaya (sallallahu əleyhi və alih) təhvil vermişdir.

Əhli-beytin (əleyhimussəlam) düşmənləri tarixin keşməkeşli fasilələrində həzrət Əli ibn Əbi Talibin (əleyhiməssəlam) barəsində yalanlar və iftiralar yayaraq o Həzrəti müsəlman ümmətin nəzərində kiçiltmək və onda nöqsan tapmaq niyyəti ilə əziz atası cənab Əbu Talibin (əleyhissəlam) ömrünün sonuna qədər İslamı qəbul etmədən dünyadan getməsi ilə əlaqədar töhmət və yalanlar yaymışlar. Zaman keçdikcə belə yalanlar sonradan gələn inadkar və qatı düşmənlər vasitəsilə təkrar edilib tarixin saxtakar sənədlərinə çevrilmişdir. Ona görə də Əhli-beyt (əleyhimussəlam) tərəfdarları və böyük alimlər bu mövzu ilə bağlı kitablar və məqalələr yazaraq deyilən yalanları inkar etmişlər.

Həzrət Əbu talibin İslam dinini qəbul etməsi və dünyadan iman ilə getməsi barəsində çoxsaylı kitablar yazılmışdır. Bu barədə müxtəlif dillərdə kitablar yazılmış və həzrət Əbu Talibin (əleyhissəlam) əzəməti və məqamını təsdiq etmişlər.

Həzrət imam Rza (əleyhissəlam) buyurur: “Cənab Əbu Talibin (əleyhissəlam) dünyadan imansız getməsinə inanan hər bir kəs kafirdir.”

Həzrət Əbu Talibin (əleyhissəlam) həzrət Peyğəmbəri (sallallahu əleyhi və alih) himayə etməsi barəsində bəyan etdiyi şerləri, həzrət Əli əleyhissəlama mənsub edilən şerlər və dəyərli cümlələri, həzrət Əbu Talibin (əleyhissəlam) vəfat etdiyi zaman buyurduğu sözlər, quraqlıq zamanı Allahdan yağış tələb etməsi zamanı dediyi bəyanlar o Həzrətin xüsusi imana sahib olmasını təsdiq edən dəlillərdir. Bəzi hədislərdə cənab Əbu Talibin (əleyhissəlam) imanı Əshabi Kəhfin imanına təşbeh edilmişdir ki, zərurət daxilində düşmənlərin müqabilində məxfi saxlanmışdır. Həzrət Əli əleyhissəlamın əziz atasının barəsindəbuyurduğu mərsiyədən belə düşünülür ki, o Həzrətin hətta həzrət Həmzədən (əleyhissəlam) əfzəl və üstün olmasına dəlalət edir.

Tanınmış əhli-təsənnün alimi İbn Əsir Cəzəri deyir: Əbu Talibin imanlı olması barəsində Əhli-beytin (əleyhimussəlam) nəzəri qəti və müttəfiqdir. Əhli-beytin (əleyhimussəlam) icması və müttəfiq şəkildə bir məsələni təsdiqləməsi də bütün müsəlmanlar üçün hüccət və qəbul edilən dəlildir.

Əsbəğ ibn Nəbatə deyir: Əmirəl-möminin (əleyhissəlam) buyurdu: “And olsun Allaha atam, cəddim Əbdul-Muttəlib, Haşim və Əbdu Mənaf bir an belə olsun bütə ibadət etməmişlər.” Soruşuldu ki, elə isə onlar nəyə ibadət etmişlər? Buyurdu: Kəbəyə üz tutaraq namaz qılardılar və həzrət İbrahimin (əleyhissəlam) dininə paybənd olmuşlar.

İbn Əbil Hədid bir şerin bəyanında deyir: Əgər Əbu Talib və onun oğlu (Əli əleyhissəlam) olmasaydılar, İslam dini belə möhkəm olmazdı və dindən bir əsər qalmazdı. Əbu Talib Məkkə şəhərində Peyğəmbəri (sallallahu əleyhi və alih) müdafiə və himayə etmiş, oğlu isə Mədinə şəhərində tam qüdrəti ilə Peyğəmbəri (sallallahu əleyhi və alih) müdafiə və himayə etmişdir.

Mənbələr:

1-Misbahul-mutəhəccid, səh. 749

2-Ehqaqul-həqq, cild-29, səh. 614

3-Şərh İbn Əbil hədid, cild-14, səh. 66-85

4- Biharul-Ənvar, cild-19, səh. 24-69

5-Təqvimuş-Şiə, səh. 181-183

Etiketlər :

Seyyid Bətha həzrət Əbu Talibin (əleyhissəlam) vəfatı