Həzrət imam Məhdi əleyhissəlamın təvəllüdü

20 April 2024

08:21

۹۰۷

Xəbərin xülasəsi :
Hicri-qəməri 1439-cu il Şəban ayının 15-i, miladi may ayının 2-si bəşəriyyətə nicat verəcək İlahi rəhbər, həzrət Sahib əl-Əsr vəz-Zaman Hüccət ibn il-Həsən imam Məhdinin (əccələllahu təala fərəcəhuş-Şərif) təvəllüd günüdür. Bu əzəmətli və şad günü öncə o Həzrətin əziz anası, Cənnət xanımlarının ən şərəflisi, həzrət Peyğəmbəri-əkrəmin (sallallahu əleyhi və alih) gözünün nuru və qəlbi həzrət Fatimei-Zəhraya (salavatullah əleyha) təbrik deyirik və eləcə də bu sevimli münasibət ilə sevincimizi bütün mömin bacı-qardaşlarla bölüşdürərək arzu edirik hamılıqla bu günün fəzilətindən tam şəkildə faydalanaq
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Hicri-qəməri 1439-cu il Şəban ayının 15-i, miladi may ayının 2-si bəşəriyyətə nicat verəcək İlahi rəhbər, həzrət Sahib əl-Əsr vəz-Zaman Hüccət ibn il-Həsən imam Məhdinin (əccələllahu təala fərəcəhuş-Şərif) təvəllüd günüdür. Bu əzəmətli və şad günü öncə o Həzrətin əziz anası, Cənnət xanımlarının ən şərəflisi, həzrət Peyğəmbəri-əkrəmin (sallallahu əleyhi və alih) gözünün nuru və qəlbi həzrət Fatimei-Zəhraya (salavatullah əleyha) təbrik deyirik və eləcə də bu sevimli münasibət ilə sevincimizi bütün mömin bacı-qardaşlarla bölüşdürərək arzu edirik hamılıqla bu günün fəzilətindən tam şəkildə faydalanaq.

Həzrət Məhdi əleyhissəlam Allah taala tərəfindən seçilmiş həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) on ikinci canişinidir. Əziz atası həzrət imam Həsən Əskəri (əleyhissəlam) və möhtərəm anası həzrət Nərcis Xatundur (onlara Allahın salam və salavatı olsun).

Həzrət Məhdi əleyhissəlamın zühuru bütün müsəlmanlar arasında müttəfiq şəkildə qəbul edilmiş bir məsələdir. Hətta o Həzrətin, Peyğəmbəri-əkrəmin (sallallahu əleyhi və alih) nəslindən olması və həzrət Fatimei-Zəhranın (əleyhasəlam) övladlarından dünyaya gəlməsi də tarixi və dini mənbələrdə qeyd edilmiş bütün müsəlmanların inancı ilə müvafiq olan bir mövzudur. Əhli-Beyt (əleyhimussəlam) məktəbinin davamçıları və əhli-təsənnün alimlərinin əqidələri budur ki, həzrət Məhdi (əleyhissəlam) zühur etdikdən sonra Allah-taalanın əmri ilə həzrət İsa ibn Məryəm (əleyhissəlam) zühur edəcək və o Həzrətə iqtida edib namaz qılacaqdır. Bu isə Məsum İmamın Ulul-Əzm Peyğəmbərdən üstün olmasını göstərən açıq-aydın bir dəlildir. Çünki bütün müsəlmanların əqidələrinə əsasən, namaz əsnasında İmam olan şəxs məmumdan üstün və fəzilətlidir. Həmçinin, tarixi mənbələrdə göstərilir ki, həzrət İsanın (əleyhissəlam) xristian aləminin müsəlman olmasında olduqca böyük rolu və təsiri olacaqdır.

Dəqiq desək, bəşəriyyətə nicat verəcək bir rəhbərin dünyaya gəlişi ilə bağlı demək olar bütün səmavi dinlərdə tutarlı dəlillər vardır. Hətta qeyri-səmavi məsləklərdə və əqidə sahiblərinin dünyagörüşlərində belə, bu mövzuda söhbər açılır və insanlara bəşərə müjdə verən bir şəxsiyyətin zühur etməsi xəbəri verilir.

Bir sözlə, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) və Məsum İmamların (əleyhimussəlam) mötəbər hədislərində dünyanı fəsad, zülm və haqsızlıq bürüdükdən sonra insanlara nicat verən və dünyada haqq və ədaləti bərpa edən rəhbərin və imamın zühur etməsi xəbəri verildiyi kimi, bu mövzu bütün dinlərdə və məslək sahiblərinin əqidələrində də təsdiq edilmiş bir məsələdir.

Burada bütün müsəlmanların mötəbər kitablarında gələn həzrət Peyğəmbəri-əkrəmin (sallallahu əleyhi və alih) mübarək dilindən eşidilən bir hədisə işarə edirik:

"لولم يبق من الدنيا الايوم واحد، لطول الله ذلک اليوم حتی يخرج رجل من ولدی، فيملاها عدلاً و قسطاً کما ملئت جوراً و ظلماً"

“Əgər dünyanın sonuna bircə gün belə qalsa, Allah–taala həmin günü mənim nəslimdən saleh bir kişinin zühur edib dünyanı, zülmlə dolduğu kimi haqq–ədalətlə dolduracağına qədər uzadar.”[1]

Din alimləri müqəddəs Quranın bir çox ayələrinin bu mövzuya işarə etməsini vurğulamışlar.

وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِنْ بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ

“Biz kitabdan [Tövratdan, yaxud lövhi–məhfuzdan] sonra Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin hakim olacağını yazmışdıq.”[2]

Bu ayənin təfsiri barədə İmam Baqir əleyhissəlamdan rəvayət olunmuşdur ki, ayədə deyilmiş “saleh bəndələr”dən məqsəd Həzrət Məhdi əleyhissəlamın dünyanın axırında olacaq tərəfdarlarıdır.[3]

Həmçinin, digər bir ayədə buyurur:

وَنُرِيدُ أَنْ نَمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ الْوَارِثِينَ

“Yer üzündə zəif düşüb əzilənlərə [nemət verib] mərhəmət göstərib onları öndə gedən və yer üzünün varisləri [hakimi] etmək istəyirik.”[4]

Məsum imamlardan (əleyhimussəlam) nəql olunan mötəbər hədislərə əsasən, bu və digər ayələrdə deyilən Allah-taala tərəfindən göndərilən bəşərə xilasedici və nicatverici İlahi rəhbərin gəlişi ilə əlaqədar olan bir çox ayələr həzrət Məhdi əleyhissəlamın zühuru və gəlişinə tətbiq edilir.

Mənbələr:

[1] «Muntəxəbul-əsər”, 1-ci cild, səh. 247

[2] “Ənbia” surəsi, ayə 105

[3] “Əl-İrşad”, səh. 346

[4] “Qəsəs” surəsi, ayə 5

İltimas dua!

 

Etiketlər :

Həzrət imam Məhdi əleyhissəlamın təvəllüdü