Həzrət imam Huseyn əleyhissəlam - Mədinədən Kərbəlayadək

20 April 2024

15:14

۹۱۹

Xəbərin xülasəsi :
Həzrət imam Huseyn əleyhissəlam buyurub: “Biz Allaha məxsusuq və (vaxtı gələndə) Onun hüzuruna qayıdacağıq! Yezid kimi bir rəhbər ümmətə hakim kəsiləcəksə, İslamla vidalaşmaq lazımdır. Babam Rəsulallahdan (s) belə buyurduğunu eşitmişdim: “Xilafət Əbu Süfyan ailəsinə haramdır. Bir gün Müaviyəni mənim minbərimdə görsəniz, qarnını yarın (ölümə məhkum edin)!” Lakin Mədinə xalqı onu minbərdə gördükdə qarnını yarmadılar və (nəticədə) Allah da fasiq (əxlaqsız, mənəviyyatsız) Yezidi onların başına bəla etdi
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Huseyn əleyhissəlam - Mədinədən Kərbəlayadək

 

Tarixçilərin nəqlinə əsasən, ertəsi gün sübh çağı Hüseyn ibn Əli (ə) evindən çıxarkən Mərvan ibn Həkəmlə rastlaşır. Mərvan həzrət Hüseynə (ə) belə müraciət edir: “Əbu Abdullah, mən sənin xeyrini düşünürəm və indi edəcəyim təklifi də qəbul etsən, sənin xeyrinə olacağı qənaətindəyəm”, gəl, Yezidə beyət et. Bu sənin həm dünya, həm də axirət həyatın üçün daha xeyirlidir”.

İmam (əleyhissəlam) isə cavabında buyurur:

“Biz Allaha məxsusuq və (vaxtı gələndə) Onun hüzuruna qayıdacağıq! Yezid kimi bir rəhbər ümmətə hakim kəsiləcəksə, İslamla vidalaşmaq lazımdır. Babam Rəsulallahdan (s) belə buyurduğunu eşitmişdim: “Xilafət Əbu Süfyan ailəsinə haramdır. Bir gün Müaviyəni mənim minbərimdə görsəniz, qarnını yarın (ölümə məhkum edin)!” Lakin Mədinə xalqı onu minbərdə gördükdə qarnını yarmadılar və (nəticədə) Allah da fasiq (əxlaqsız, mənəviyyatsız) Yezidi onların başına bəla etdi”.[1]

Əhli-beyt imamlarının iki fərqli mübarizə üsulu

            Öncəki çıxışın şərhində və alınan nəticədə də qeyd etdiyimiz kimi və eləcə də Hüseyn ibn Əlinin (ə) bu cavabından da aydın olduğu kimi o, hələ Mədinədə ikən, Yezidin hakimiyyətinin ilk günlərindən onun iqtidarı ilə bağlı mübarizə və aktiv müqavimətdən ibarət olan mövqeyini heç nədən çəkinmədən bəyan etmiş və sonadək bu mövqeyindən dönməmişdi.

Bu yerdə hidayət imamlarının (doğru yolun öndərlərinin) müasiri olduqları zalım diktatorlarla mübarizədə nümayiş etdirdikləri fərqli rol və müqavimət üsulları ilə bağlı bir təməl prinsipi oxucuların diqqətinə çatdırmağı məqsədəuyğun hesab edirik. Zülm və ictimai fəsadlara qarşı müqavimət və şəriət tərəfindən qeyri-hüquqi hesab edilən hakimiyyətlərlə mübarizə Hüseyn ibn Əlinin (ə) hərəkatı ilə məhdudlaşmır. İslamın “canlı sığortası” və keşikçisi olan bütün hidayət imamları öz dövrlərində belə bir mübarizəni həyata keçirmiş və ona rəhbərlik etmişdilər. Lakin onlar İslamı öz oyuncağına çevirən həmin qüvvələrlə mübarizədə mövcud şəraitdən asılı olaraq iki fərqli rol ifa etmişdilər: aktiv (silahlı) və passiv (silahsız) rollar.

1) passiv mübarizə: Cəmiyyətə hakim olan ictimai-siyasi vəziyyət əlverişsiz olduqda, bir tərəfdən mütəşəkkil düşmən qüvvələri ilə aktiv (silahlı) mübarizənin qəti məğlubiyyət və müqavimət hərəkatının tamamilə yatırılması ilə nəticələnə biləcəyi, digər tərəfdən isə aktiv müqavimətin hətta gələcəkdə belə İslam üçün heç bir müsbət nəticə verməyəcəyi, əksinə düşmənin hakimiyyətini daha da möhkəmləndirərək zülmünü daha da artıracağı hallarda haqq yolun bələdçiləri silahlı müqavimət yerinə passiv (silahsız) mübarizəni üstün tutmuşdular.

Əhli-beyt imamlarının belə passiv mübarizə üsullarına xilafət administrasiyası ilə bu və ya digər əlaqələrin, əməkdaşlıqların qadağan edilməsi kimi halları örnək göstərmək olar. Xilafətə tabe olan məhkəmə və icra hakimiyyəti orqanlarına müraciət də imamlar (ə) tərəfindən qadağan olunmuşdu. Sözügedən mübarizənin örnəklərindən birinə də Həzrət Musa ibn Cəfərin (ə) dəvələrini tarixin ən qüdrətli diktatorlarından olan Harun ər-Rəşidin saray məmurlarına icarəyə verən Səfvan Camalla söhbətində rast gəlirik. İmam (ə) Səfvana dəvələrini hətta həcc ziyarəti üçün olsa belə (riyakar həcc ziyarəti Harunun “mömin xəlifə” mövqeyini gücləndirməyə xidmət edirdi tərc.), onlara icarəyə verməyi qəti surətdə qadağan etmiş, o da Həzrət Kazimin (ə) göstərişi əsasında başqa çıxış yolu görməyərək bütün dəvələrini satmışdı. Təbii ki, bu məsələ Harunun diqqətindən yayınmamışdı və o, Səfvanı sarayına çağıraraq onu ölümlə təhdid etmişdi.[2]

 Belə passiv mübarizə tədbirləri iqtidarın mövqeyinin zəifləməsi və bəzi qüvvələrin, nüfuzlu şəxsiyyətlərin xilafət administrasiyası ilə əməkdaşlıqdan imtina etməsi ilə nəticələnməklə yanaşı, rejim əleyhinə yönəlmiş, onun qeyri-legitim olduğunu nümayiş etdirən hüquqi akt idi. Əslində hidayət imamlarının bu passiv mövqeyi xalqın xəlifələrin gerçək üzünü görməsi üçün bir səbəb və gələcək aktiv xalq hərəkatlarının təşəkkülü üçün hazırlıq tədbiri idi.

2) aktiv mübarizə: Aktiv mübarizənin uzun müddətdən sonra olsa belə, nəticə verəcəyini düşündükləri məqamlarda isə Əhli-beyt imamları sükut deyil, müqaviməti məqsədəuyğun görmüş, hətta belə məqamlarda cinayətkar hakimiyyətə qarşı passiv mübarizəni də böyük günah və Əmirəlmömininin (ə) təbiri ilə “Allahın nazil etdiyindən (cihad və haqq uğrunda mübarizə əmrindən) üz çevirmək” kimi qəbul etmişdilər.

Hər iki mübarizə üsulunun ən bariz örnəyinə Hüseyn ibn Əlinin (ə) ictimai-siyasi fəaliyyətində rast gəlirik. O, hicri təqvimlə 50-ci ildən 60-cı ilədək olan on il ərzində (İmam Həsənin (ə) şəhid edildiyi tarixdən Müaviyənin ölümünədək) digər Əhli-beyt imamları kimi mövcud şəraiti nəzərə alaraq passiv (silahsız) mübarizə metodlarından istifadə etmişdi. Müaviyənin ölümündən sonra isə aktiv mübarizə zərurətinin və belə bir mübarizə üçün real zəminin yarandığını görən Həzrət Hüseyn (ə) zərrə qədər belə tərəddüd hiss etmədən, dostlarının, qohumlarının ciddi narazılığına rəğmən, bu mübarizəni başlamış və Yezidlə mübarizədə öz inqilabi mövqeyini açıq şəkildə bəyan etmişdi. Az sayda vəfalı tərəfdarlarla geniş xalq kütlələrinin sədaqətsizliyindən, qorxu və tərəddüd içində yaşadığından agah olduğu halda sonu ölümlə - şəhidliklə nəticələnəcək bir yol seçmişdi. Bu yolun sonunda oxların, nizələrin hədəfinə tuş gələrək bədəni atların nalları altında əzilsə də, o əmin idi ki, pak qanı hədərə getməyəcək və Bəni Üməyyənin təbliğat maşını nə qədər çalışsa da, bu hadisəni ört-basdır edə bilməyəcək.

Bəs Müaviyənin hakimiyyəti dövründə Hüseyn ibn Əlinin (ə) belə bir mübarizə yolunu seçməsi üçün zəmin var idimi? Bu suala cavab olaraq qeyd etmək lazımdır ki, əgər belə bir zəmin mövcud olsa idi, onun da Müaviyə ilə mübarizəsi atası Həzrət Əlinin (ə) müqaviməti kimi aktiv (silahlı) mübarizə olardı.

(Ardını izləyin)

[1] Məkasib, Şeyx Ənsari, “Zalımlara yardım etməyin haram olması” fəsli.

[2] Lühuf, səh. 20; Musir əl-əhzan, səh. 10; Məqtəl (Əvalim), səh. 53; Məqtəl (Xarəzmi), c. 1, səh. 185.

Etiketlər :

Həzrət imam Huseyn əleyhissəlam - Mədinədən Kərbəlayadək