Həzrət imam Huseyn əleyhissəlam - Mədinədən Kərbəlayadək

29 March 2024

06:54

۹۲۳

Xəbərin xülasəsi :
Həzrət Huseynin (əleyhissəlam) Abdullah ibn Ömərə buyurduğu sözlər: Məgər bilmirsənmi, İsrail oğulları dan yeri söküləndən gün çıxanadək (bir saatın içində) yetmiş peyğəmbəri öldürər, sonra bazarlarına gedərək sanki heç bir iş görməmiş (cinayət törətməmiş) kimi ticarətlə məşğul olardılar
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Huseyn əleyhissəlam - Mədinədən Kərbəlayadək

Həzrət Huseynin (əleyhissəlam) Abdullah ibn Ömərlə görüşü

Həzrət Hüseynin (əleyhissəlam) Məkkəyə daxil olmasından öncə Abdullah ibn Ömər müstəhəb ümrə ziyarəti və şəxsi işləri ilə əlaqədar olaraq Məkkəyə köçmüş və orada məskunlaşmışdı.  Hüseyn ibn Əlinin (əleyhissəlam) Məkkəyə gəldiyi ilk günlərdə Mədinəyə qayıtmaq istəyən Abdullah onunla görüşür, İmama Yezidlə dil tapmağı, ona beyət etməyi tövsiyə edir, allahsız və zülmkar istibdad rejiminə qarşı müxalifətin və silahlı mübarizə cəhdinin təhlükəli nəticələrini xatırladaraq onu  fikrindən daşındırmağa çalışır. Xarəzminin yazdıqlarına əsasən, o deyir: “Əbu Abdullah! Xalq bu adama beyət etdiyinə və xəzinənin açarı da onun əlində olduğuna görə, şübhəsiz, onun tərəfində olacaqdır. Bu sülalənin sizinlə əzəli düşmənçiliyini nəzərə alaraq ona qarşı çıxdığınız halda öldürüləcəyinizdən, sizinlə bərabər bu yolda çoxlu sayda müsəlmanın da qanının axıdılacağından qorxuram. Allahın elçisindən (sallallahu əleyhi və alih), “Hüseyn qətlə yetiriləcək və insanlar ona yardımını əsirgəyəcəyi təqdirdə zillətə məhkum olacaq, alçalacaq” – deyə buyurduğunu eşitmişəm. Sənə hamı kimi beyət edərək razılığa gəlməyi və müsəlmanların qanının axıdılmasından qorxmağı tövsiyə edirəm”.[1]

Müxtəlif şəxslərlə söhbətlərində onların hər birinə öz dərketmə səviyyəsinə, dünyagörüşünə və təfəkkür tərzinə uyğun şəkildə cavab verən İmam Hüseyn (əleyhissəlam) isə Abdullah ibn Ömərin bu təklifinə belə cavab verir:

“Əbu Əbdürrəhman! Məgər bilmirsən ki, Allahın nəzərində dünyanın (dünya həyatının) alçaqlığını göstərən həqiqətlərdən biri də Yəhya ibn Zəkəriyyanın başının (kəsilərək) Bəni İsrailin əxlaqsız qadınlarından birinə ərməğan edilnəsidir?![2] Məgər bilmirsənmi, İsrail oğulları dan yeri söküləndən gün çıxanadək (bir saatın içində) yetmiş peyğəmbəri öldürər, sonra bazarlarına gedərək sanki heç bir iş görməmiş (cinayət törətməmiş) kimi ticarətlə məşğul olardılar. Allah (cəllə cəlaluh) onların əməlləri qarşısında (əzab verməyə) tələsmədi, onlara möhlət verdi. Lakin sonra (möhlət müddəti başa çatdıqda) qüdrətli və intiqamını yerdə qoymayan Allah öz intiqamını onlardan ağır şəkildə aldı. Elə isə Allahdan qorx, Əbu Əbdürrəhman, məndən yardımını əsirgəmə!”[3]

Şeyx Səduq yazır ki, Abdullah ibn Ömər təklifindən istədiyi nəticəni almadıqda deyir: “Əbu Abdullah, indi ki, ayrılırıq, izin ver Allahın elçisinin (sallallahu əleyhi və alih) hər zaman öpdüyü yeri öpüm”. İmam köynəyini yuxarı çəkir və Abdullah onun sinəsinin altından üç dəfə öpərək ağlaya-ağlaya, “səni Allaha tapşırıram, Əbu Abdullah, (bilirəm ki) sən bu səfərdə öldürüləcəksən”, – deyir.[4] 

[1] Məqtəl (Xarəzmi), c. 1, səh. 190.

[2] Lühuf, səh. 26; Musir əl-əhzan, səh. 20.

[3]Qurani-Məciddə digər tanınmış peyğəmbərlər (ə) kimi Həzrət Yəhyanın da zöhd vətəqvasından söz açılır. O cümlədən, Məryəm surəsində ondan bəhs edən ayələri xüsusilə vurğulamaq olar. Yəhya peyğəmbər (s) eramızın (miladın) 28-ci ilindəmüasiri olduğu hökmdarın əxlaqsız qızı Salomeyanın fitnəsi nəticəsində faciəvişəkildə qətlə yetirilmişdir.

[4] Əmali (Səduq), 30-cu məclis.

(ardı var)

 

Etiketlər :

Həzrət imam Huseyn əleyhissəlam - Mədinədən Kərbəlayadək