Peyğəmbər (sallallahu əleyhi və alih) sünnəsinin qoruyucusu

20 April 2024

06:29

۹۳۰

Xəbərin xülasəsi :
Müsəlmanların islam hökmlərini və qanunlarını tədqiq edərək (Qurandan sonra), istifadə etdikləri ikinci mənbə Peyğəmbərin (sallallahu əleyhi və alih) sünnəsidir ki, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) və o Həzrətin Əhli-Beytinin (əleyhimussəlam) hədisləri vasitəsilə əldə edilir. Sünnə Quranı təfsir edib aydınlaşdırır və onun fikri, tərbiyəvi və hüquqi məzmununu əsas qayda-qanunlar şəklində bəyan edir
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

İmam Sadiq əleyhissəlam Peyğəmbər (sallallahu əleyhi və alih) sünnəsinin qoruyucusu

Müsəlmanların islam hökmlərini və qanunlarını tədqiq edərək (Qurandan sonra), istifadə etdikləri ikinci mənbə Peyğəmbərin (sallallahu əleyhi və alih) sünnəsidir ki, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) və o Həzrətin Əhli-Beytinin (əleyhimussəlam) hədisləri vasitəsilə əldə edilir. Sünnə Quranı təfsir edib aydınlaşdırır və onun fikri, tərbiyəvi və hüquqi məzmununu əsas qayda-qanunlar şəklində bəyan edir. Quran çox böyük, dərin və əbədi bir fikrə, hüquqi zənginlik və sərvətə malikdir, bu zənginlikləri kəşf edərək bəyan edən sünnədir. Sünnənin Qurandan kəşf etdiyi mənaları heç bir adi ağıl dərk edə bilməz. Çünki, ilahi vəhyin bilavasitə tərəf-müqabili Peyğəmbərin (sallallahu əleyhi və alih) özüdür. Buna görə də Quranın məzmunu, hökmləri, mənaları, hədəf və məqsədlərinin tam mənasını kamil və doğru-düzgün şəkildə Peyğəmbərin (sallallahu əleyhi və alih) özü dərk edə bilər. Bu cəhətdən də sünnə Quranın bəyanı üçün ən münasib bir vasitədir. Bu mənbə Qurandan ilham aldığı üçün Quran kimi dərin və tükənməz, eyni zamanda əbədi bir çeşmə qaynağıdır. Sünnə Qurandan sonra insanın fərdi və ictimai həyatında yaşayış qanunlarını, onun xoşbəxtlik və səadətini aydınlaşdıran ən mötəbər meyardır.

Allah-taala Quranda buyurur:

" وَمَا آَتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانْتَهُوا وَاتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ "

«...Peyğəmbərin sizə verdiyi, (bəyan etdiyi) şeyləri alın (əməl edin) və onun qadağan etdiyi şeylərdən çəkinin...»[1]

Həmçinin buyurur:

" لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُو اللَّهَ وَالْيَوْمَ الْآَخِرَ وَذَكَرَ اللَّهَ كَثِيرًا"

«Şübhəsiz, sizin (müsəlmanlar) üçün; Allaha və axirət gününə ümidləri olanlar və Allahı çox zikr edənlər üçün Allah Peyğəmbərində (onun həyat və davranışında) yaxşı bir örnək və meyar vardır»[1]

Başqa bir ayədə buyurur:

" فَإِنْ تَنَازَعْتُمْ فِي شَيْءٍ فَرُدُّوهُ إِلَى اللَّهِ وَالرَّسُولِ "

«...Әgər bir şeydə ixtilafa düşsəniz, onun həllində Allah və onun Peyğəmbərinə müraciət edin.»[1]

İmam Sadiqin (əleyhissəlam) səhabələrindən olan Әbu-Bəsir deyir ki, mən o həzrətə dedim:

«Bizim qarşımıza bəzi məsələ və mövzu çıxır ki biz onun hökmünü və cavabını Quranda tapa bilmirik, həmçinin onun izahında və o mövzuda sünnə əlimizdə yoxdur. Belə bir şəraitdə öz nəzəriyyəmizə görə əməl edə bilərikmi? İmam Sadiq (əleyhissəlam) cavabında buyurdu:

«Xeyr, əməl edə bilməzsiniz. Çünki, bu şəraitdə əgər (sənin nəzəriyyən) həqiqətlə müvafiq olsa, heç bir savabın olmaz və əgər səhv olsa, onda böyük və əzəmətli Allahın adından yalan danışmış olarsan.»

İmam bu sözünün davamında Peyğəmbərdən (sallallahu əleyhi və alih) bu hədisi nəql etdi:

«Hər bir bidət azğınlıq və zəlalətdir, hər azğınlıq (əhli) cəhənnəmə daxil olacaq.»[1]

Әbu-Әyyub Hurr adlı bir ravi də imam Sadiqdən (əleyhissəlam) belə eşitdiyini rəvayət edir:

«Hər bir şey Allahın kitabı və Peyğəmbərin sünnəsi ilə üzləşdirilib yoxlanılmalıdır. Bəs Allahın kitabı ilə müvafiq olmayan hər bir hədis yalan və uydurmadır.»[1]

Әyyub ibni Raşid imam Sadiqdən (əleyhissəlam) belə nəql etmişdir:

«Quranla uyğun olmayan hədis yalandır.»

Həmçinin, imam Sadiq (əleyhissəlam) həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) belə rəvayət etmişdir:

«Hər kim ümmətin ixtilafında mənim sünnəmə əsaslanıb ona tabe olsa, (qiyamət günü) yüz şəhidin savabını alar.»[1]

Beləliklə, İslam dininin ayinlərini öyrənməkdə Quran-Kərimin və Peyğəmbər (sallallahu əleyhi və alih) sünnəsinin əhəmiyyətli rol daşımasında bütün müsəlmanlar arasında yekdil rəy və nəzər vardır. Amma burada mühüm məqam budur ki, Peyğəmbər (sallallahu əleyhi və alih) sünnəsini necə və kimlərdən öyrənib əldə etmək lazımdır?

Məlum olduğu kimi həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) sonra müsəlman ümməti dəstələrə və məzhəblərə bölünmüşlər və sayı çox-çox olan bu qrupların hər biri öz əməllərini və əqidələrini əziz Peyğəmbərimizə (sallallahu əleyhi və alih) nisbət verir və özlərini haqq yolda sanırlar. Ona görə də hər bir dindar və tədqiqatçı gərək dini ayinlərini öyrənməkdə müsəlmanların çoxluğuna, onların hazırki dövrdə qüdrət və imkanlarına deyil, əslində İslamı kökdən və əsasdan öyrənməyə cəhd etməlidir. Ona görə ki, son əsrlərdə müsəlman torpaqları parka-parça olub ölkələr arasında sərhədlər yaranmışdır və bu ölkələrdə hakimiyyətə çatan qruplar bir çox hallarda şəriətdən kənar əməllər və hiylələr ilə öz qüdrətlərini qoruyub saxlamaq üçün xarici qüdrətlərə sığınmış və İslami qanunları ayaq altına qoymuşlar. Bu baxımdan hazırda müsəlman ölkələrinin iqtisadi və ictimai mövqeiyyətləri heç də onların doğru yolda olub İslam dininə vəfadarlıqlarının göstəricisi kimi qiymətləndirmək düzgün olmaz. Beləliklə, hər bir müsəlman əvvəl gərək İslamın doğru əqidələrini şəxsən tədqiqat yolu ilə axtarıb tanısın və sonra isə bu əqidəyə malik olan məzhəbləri təyin etsin.

Əhli-Beyt əleyhimussəlamın tərəfdarlarının sözü qısa olaraq bundan ibarətdir ki, Peyğəmbərin (sallallahu əleyhi və alih) Əhli-Beyti (əleyhimussəlam) o Həzrətin ev əhli və ən yaxın şəxsləri olduqları üçün təbii ki, Peyğəmbərin (sallallahu əleyhi və alih) sünnəsinə də daha yaxın və daha agahdırlar. O həzrətin ən əziz sandığı insanlar və tarixdə yazılmış qəti xəbərlərə əsasən, hətta bir gün belə Əhli-Beytindən (sallallahu əleyhi və alih) uzaq olmağı özünə ağır bildiyi, bütün ürək sözlərini onlara bildirdiyi şəxslər mütləq həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) sünnəsinə, yəni danışıqları, əməlləri, fikirləri və münasibətlərinə də daha çox və dəqiq agah olacaqlar. Əhli-Beyt (əleyhimussəlam) məktəbinin alimləri deyirlər ki, həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) sonra onun Əhli-Beytinə (əleyhimussəlam) zülm edənlər və hakimiyyət uğrunda qan tökənlər, İslam şəriətinin ziddinə hökm verənlər, İslam dini və Quran-Kərimin buyurduqlarından kifayət qədər məlumatı olmayanlar həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) sünnəsinin daşıyıcıları ola bilməzlər, hərçənd özlərinə ən yaraşqlı və insan fikrini cəlb edən ad və mənsəb götürsələr də belə. Bundan əlavə Əhli-Beyt (əleyhimussəlam) şiələri bu arqumenti də nəzərə çatdırırlar ki, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) vəfatından sonra o Həzrətin sünnəsini qoruyub saxlayan mötəbər hədislərin yazılıb nəşr edilməsinə qadağa qoyanlar, hətta onları bir yerə toplayıb yandıranlar, özlərini necə sünnə tərəfdarları və sünnənin daşıyıcıları adlandıra bilərlər?

Əziz müsəlman bacı və qardaşlar burada bir məsələni də nəzərə almalıdırlar ki, mümkündür İslam şəriətində mövcud olan bir sıra fiqh və şəriət əməlləri hazırda bəzi inadkarlar vasitəsilə qeyri-real surətdə hallandırılıb qəribə şəkildə təfsir edilməklə nəzərə səhv və ya xoşagəlməz olsun. Lakin buna diqqət etmək lazımdır ki, hər bir mövzunu tam araşdırıb nəticəyə çatmazdan öncə nəzər vermək və ona qarşı pis mövqe tutmaq ağıl sahibllərinə uyğun deyildir.

Mömin bacı-qardaşlara müvəffəqiyyət arzusu ilə!

İltimas dua

Mənbələr:

[1] “Həşr” surəsi, ayə 7

[2] “Əhzab” surəsi, ayə 21

[3] “Nisa” surəsi, ayə 59

[4] “Əl-Kafi” (Şeyx Kuleyni), 1-ci cild, səh. 56

[5] “Əl-Kafi”, 2-ci cild, səh. 69

[6] “Mişkatul-ənvar” (Şeyx Təbərsi),“Əl-əxzu bis-sünnə” fəsli.

Etiketlər :

İmam Sadiq əleyhissəlam Peyğəmbər (sallallahu əleyhi və alih) sünnəsinin qoruyucusu