Həzrət Əli (əleyhissəlam) imanın meyarı və Quranın həqiqəti

12 February 2025

11:27

۲۴

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Muhəmmədcavad Fazil Lənkəraninin
(Allah ömrünü uzun etsin) həzrət Əmirəl-möminin Əli ibn Əbi Talib əleyhissəlamın məqam və şəxsiyyəti haqda bəyan etdiyi söhbətin bir hissəsi
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Ayətullah Muhəmmədcavad Fazil Lənkəraninin (Allah ömrünü uzun etsin) həzrət Əmirəl-möminin Əli ibn Əbi Talib əleyhissəlamın məqam və şəxsiyyəti haqda bəyan etdiyi söhbətin bir hissəsi

Həzrət Əli (əleyhissəlam) imanın meyarı və Quranın həqiqəti

Əmirul-möminin əleyhissəlamın şəxsiyyəti haqqında Qiyamətə qədər danışmaq olar və bu heç də mübaliğə deyil. İnsan o Həzrətin fəzilətləri haqda danışmaq istərkən heyran qalır ki, hansını desin, nədən başlasın?

Daha təəccüblü budur ki, bu fəzilətlərin əksəri həzrət Rəsuləllah (sallallahu əleyhi və alih) tərəfindən bəyan edilmişdir, üç yüz ayənin nazil olma səbəbi də Əli ibn Əbi Talib (əleyhissəlam) ilə bağlıdır və Həzrətin rəşadətləri hamının gözləri önündə olmuşdur, amma necə olur, Rəsuləllahdan (sallallahu əleyhi və alih) sonra İslam cəmiyyətində inhiraf baş vermiş, mütləq şəkildə İlahi bir şəxsiyyətin imamət və vilayəti Allah-taala tərəfindən möminlər üçün müəyyən edildiyi halda xanəneşin olmuşdur?

Əmirul-möminin (əleyhissəlam) barəsində nəql edilən bir hədisdən müəyyən hissəni təhlil edib, mənasını düzgün düşünsək, Həzrətin haqqında müzakirə olunan bir çox məsələləri dərk edəcəyik.

Bizim bütün çətinliklərimiz Allah-taalanı, Onun Rəsulunu (sallallahu əleyhi və alih), Əmirul-möminini (əleyhissəlam) və İlahi övliyaları layiqincə tanımamağımız səbəbinədir. Əgər onları tanısaq hidayət yolu bizim üzümüzə açılacaq və insan elə bir sürətlə hərəkət edəcəkdir ki, tövsif olması mümkün deyil.

Bu hədisin başlanğıcında Ənəs ibn Malik öncə şəriki olmayan Allaha and içir ki, bu hədisi həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) eşitmişdir. Demək, məlum olur olduqca əhəmiyyətli bir məsələdir.

Deyir, özüm Peyğəmbərdən (sallallahu əleyhi və alih) eşitdim ki, buyurdu:

«عِنْوَانُ صَحِيفَةِ الْمُؤْمِنِ حُبُّ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ»

Bu hədisin barəsində gərək çox düşünək. Hədisin zahiri və ibtidai mənası budur ki, Qiyamət günü mömin şəxsin əməl naməsi Əli ibn Əbi Talibin (əleyhissəlam) məhəbbəti ilə möhürlənəcək. Qiyamət günündə namazdan, orucdan, həcdən və sair əməllərdən və ibadətlərdən əvvəl “mömin insanın əməl naməsinin əsas ünvanı və başlığı Əli ibn Əbi Talibin (əleyhissəlam) məhəbbətidir”.

Bu mənaya aydınlıq gətirmək üçün gərək onun kənarında digər hədisləri də nəzərdən keçirək. Bir hədisdə həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) Əmirəl-möminin əleyhissəlama buyurur:

«لا یُحِبُّکَ إلا مُؤمِنٌ و لا یُبغِضُکَ إلا مُنَافِقٌ»

“Ey Əli! Səni ancaq mömin şəxs sevəcək və yalnız münafiq insanın daxilində sənə qarşı kin-küdurət və qəzəb olacaq.”

Başqa bir hədisdə Peyğəmbər buyurur:

«وَلَوْ لا اَنْتَ يا عَلِيُّ لَمْ يُعْرَفِ الْمُؤْمِنُونَ بَعْدي»

“Ey Əli! Əgər sən olmasaydın məndən sonra möminlər tanınmazdılar, çünki mömin şəxsin qeyri-mömindən seçilməsi üçün meyar olmazdı.”

Bu çox təəccüblü bir sözdür! Nə üçün Qiyamət günündə möminin əməl naməsinin ünvanı Əli ibn Əbi Talibin (əleyhissəlam) məhəbbətidir? Ona görə ki, Əli ibn Əbitalibi (əleyhissəlam) sevmədən Allaha məhəbbət etmək və Onu sevmək məna kəsb etmir. Bu söz ancaq iddia və şüar deyil, əksinə çoxlu dəlillərə əsasən, bizim əqidəmizin çox mühüm bir hissəsidir. Əgər bir kəs Əli əleyhissəlama inanmasa, həqiqətdə Allaha, dinə və Qurana inanmamışdır.

Daha bir hədisdə həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) Əmirəl-möminin əleyhissəlama buyurdu:

«مَثَلُکَ فِی الناسِ کَمَثل سُورةِ «قُل هُوَ اللهُ اَحَدٌ»»

“Sənin məsəlin “Qul huvəllahu əhəd” məsəli kimidir, necə ki, əgər bir şəxs “Qul huvəllahu əhəd” surəsini bir dəfə oxusa, ona Quranın üçdə bir hissəsinin oxunması savabını verərlər. Əgər iki dəfə oxusa, Quranın üçdə iki hissəsinin və əgər “Tövhid” surəsini üç dəfə oxusa, Quranı bir dəfə kamil xətm edən kimidir. Demək, əgər bir şəxs səni dildə qəbul etsə, onun üçdə bir imanı düzgündür. Əgər səni dili və qəlbi ilə qəbul etsə, üçdə iki imanı düzdür. Əgər bir şəxs səni dili və qəlbi ilə qəbul etmiş olsa və əli ilə sənə yardım etsə, imanı kamildir.”

Bu hədislər ayrı-ayrılıqda məna olunsa, onların həqiqətini dərk edə bilmərik. Amma bir yerdə bir-birinin kənarında nəzərdən keçirilsə, dərin bir mətləbi dərk edərik. 

Birinci hədisdə buyurur: «عِنْوَانُ صَحِيفَةِ الْمُؤْمِنِ حُبُّ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ», digər hədisdə buyurur: «لا یحبّک إلا مؤمنٌ و لا یبغضک إلا منافقٌ», ya «وَلَوْ لا اَنْتَ يا عَلِيُّ لَمْ يُعْرَفِ الْمُؤْمِنُونَ بَعْدي» və sonuncu hədisdə buyurur ki, sənin məsəlin “Tövhid” surəsinin məsəli kimidir və imanın kamil dərəcəsinə Əli ibn Əbi Talib əleyhissəlama qil, qəlb və əl ilə etiqad bəsləməklə çatmaq mümkündür. Bu üç hədisi birgə nəzərdən keçirdikdə o Həzrətə iman və məhəbbər bəsləməyin rabitəsi məlum olur.

Bu nə qədər dərin və heyrətlidir, deyir ki, ey insan, sənin imanının əsası Əli (əleyhissəlam) ilə bağlıdır!

Təəssüflər olsun ki, bu hədislərin mənasını vəhhabilər anlamırlar. Odur ki, şiələrə şirk töhməti vururlar. Hədislərin mənası o deyil ki, biz Əlini pərəstiş edirik, əksinə bu mənayadır ki, Əliyə imanlı olmadan, Əliyə etiqadlı olmadan Allaha həqiqi pərəstiş etmək mümkün deyil. 

Əlbəttə, bu heç də bir şüar, ya rəğbət və şövq-həvəsə bağlı olan bir məsələ deyildir ki, Allah onu daxilimizdə qoysun və desin; “Ey bəşər! Əlini qəbul etməyini istəyirəm ta ki Mən də səni qəbul edim.” Xeyr, bu bir həqiqətdir.

Əli (əleyhissəlam) tövhid və Allaha imanlı olmağın məzhəridir. İnsan Əli ilə Allaha yetişir. Əgər bir kəs bu məzhəri qəbul etməsə, Allahı necə qəbul edə bilər? Hər halda biz bu mətləbi dərk etməyə çalışmalıyıq ki, nə üçün Allah-taala Əlini iman meyarı kimi tanıtdırır? Nə üçün Qiyamət günü Əli “Qəsimul-Cənnəti vən-nar”dır?

Hədislərdə olan başqa bir heyrətəngiz ünvan budur ki, «عَلِیٌّ مَعَ القُرآن وَ القُرآنُ مَعَ عَلِیٍّ» (Əli Quranladır və Quran Əli ilədir) və bu məsələ ancaq Əmirəl-möminin əleyhissəlama məxsus deyil, həqiqətdə Məsum imamlara (əleyhimussəlam) da şamil olur.  

 Qədir-Xum vaqiəsi baş verdikdə birinci və ikinci “bəxxun, bəxxun” deyə, Əmirəl-mömininə təbrik dedilər, amma ürəkləri rahatlıq tapmadı. Peyğəmbərdən soruşdular ki, bu vilayət və imamət ancaq Əliyə məxsusdur, ya başqaları da ondan faydalana bilər? Peyğəmbər buyurdu, Allah tərəfindən sizə çatdırdığım bu vilayət Əliyə, ondan sonra Həsənə, ondan sonra Huseynə və ondan da sonra Huseynin doqquz övladına aiddir.

Bu bir çox əhli-sünnə kitablarında nəql olunan və “isna əşər hədisi” kimi tanınmış hədislər qismindəndir. İsna əşər hədisi, yəni biz şiələrin Əmirəl-möminindən həzrət Hüccətə qədər (Allah onun zühurunu tezləşdirsin) etiqadlı olduğumuz on iki imamın adları gələn hədisdir ki, Peyğəmbər bəyan edib və əhli-sünnə də onun mütəvatir olduğunu deyir.

Qədir-Xum günündə həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) Əlinin övladlarının adlarını zikr etdikdən sonra bu cümləni buyurdu: «هُم مَعَ القُرآنِ وَ القُرآنُ مَعَهُم لَن یَفتَرِقَا حَتَّی یَرِدَا عَلَیَّ الحَوضُ» , “bunlar Quranladır, Quran da onlarladır və Qiyamətə qədər bir-birindən ayrılmazlar.”  

 Məqsədim, diqqəti bu incəliyə cəlb etməkdir ki, “möminin səhifəsinin ünvanı Əli ibn Əbi Talib əleyhissəlama məhəbbətli olması” cəhəti ona görədir ki, Əli və onun pak övladları Quranın həqiqətidirlər və onların Qurandan ayrılmaları mümkün deyil. Belə olan halda, əgər bütün ömrünü Quran oxusan, lakin Əlini qəbul etməsən, faydasızdır. Nə bu kitabın Əlisiz mənası vardır, nə də Əlinin Quransız.

Bunlar gərək birgə olsunlar, çünki birgə məna tapırlar. Nəticədə, bu ikisi insanın imanını kamil edirlər, Quranın həqiqətinin təcəllisi Əlidir.



Etiketlər :

Həzrət Əli (əleyhissəlam) imanın meyarı və Quranın həqiqəti